Polis vəkili həbs etdirmək istəyir

Vəkilin günahı isə polisdə döyülüb-öldürülən Elvin Əsgərovla bağlı həqiqəti dilə gətirməsidir

Bakı Şəhər Baş Polis Idarəsi Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edərək vəkil Xalid Bağırov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi başlanmasını xahiş edib. Baş polis idarəsinin rəhbərliyi hesab edir ki, vəkil mətbuat səhifələrində Elvin Əsgərovu polislərin işgəncələr verərək öldürməsini söyləməklə polisə böhtan atır.

Bakı Şəhər Baş Polis Idarəsinin şikayətini məhkəmə qəbul edib və iş hakim Elçin Qurbanovun icraatına verilib.

Elvin Əsgərovun anası Roza Rəfiyeva bizimlə söhbətində dəfələrlə qeyd edib ki, oğlunu polis öldürüb: “Polis oğluma işgəncə verərək öldürüb. Bunları özləri də yaxşı bilirlər. Bu qətli yubada-yubada bağlamaq istəyirlər. Döyüblər, elektroşoka veriblər. 24-cü polis bölməsindən ölümcül halda aparıblar xəstəxanaya, əvvəl istəyiblər elə yazdırsınlar ki, guya ”bomj”dur, küçədə maşın vurub, ancaq sonra 24-cü bölmədən gətirildiyini yazıblar”.
R.Rəfiyeva vəkilə qarşı cinayət işi qaldırılması iddiasını məqsədli şəkildə olduğunu deyir: “Oğlunun ölümü ilə əlaqədar bir neçə vəkilə müraciət etsə də, hərə müxtəlif bəhanələr gətirərək müqavilə bağlamaqdan imtina etdilər. Mənə elə gəlir ki, onlar nədənsə ehtiyat edirdilər. Yalnız iki nəfər Vidadi Isgəndərli və Xalid Bağırov ürəkli çıxdı. V.Isgəndərli hüquq müdafiəçisi olduğundan o, nümayəndəm kimi təmsil olunur. Aidiyyəti qurumlardan sənədləri almaq üçün Xalid Bağırov işləməlidir. Indi Xalid Bağırova hücum etməklə bu yoldan geri çəkindirmək, oğlumun qanını batırmaq istəyirlər”.

Vəkil Xalid Bağırov “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, onu cinayət məsuliyyətinə cəlb etdirməklə polis özünü sığortalayır. Məqsəd Elvin Əsgərovun ölümünün əsl səbəblərini ört-basdır etməkdir: “Polisin mənə qarşı xüsusi ittiham qaydasında şikayət verməsini bir vəkil kimi özümə qarşı təzyiq sayıram. Bu ona görədir ki, vəkil kimi işdən geri çəkilim. Bir vəkil kimi ictimaiyyətə bildirmək istəyirəm ki, geri çəkilməyəcəyəm, Elvin Əsgərovun ailəsini məhkəmələrdə və digər orqanlarda müdafiə edəcəyəm”. 
Bu il yanvarın 13-də baş vermiş hadisədən bir neçə gün sonra Baş Prokurorluq məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, gecə saatlarında Elvin Əsgərov və başqaları sərxoş halda ictimai qaydanı pozublar. Bu məlumata görə, onlar Daxili Işlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq hadisə yerindən qaçmağa başlayıblar. Bu zaman Elvin Əsgərov özündə olan açılıb-qatlanan bıçaqla onu təqib edən üç polis əməkdaşına bədən xəsarətləri yetirib. 
Prokurorluğun məlumatında daha sonra da deyilirdi ki, Elvin Əsgərov bundan sonra da hadisə yerindən qaçmaqda davam edərkən bir neçə dəfə yerə yıxılıb. Tutularaq 24-cü polis bölməsinə aparılıb, səhhəti pisləşdiyindən çağırış əsasında təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Prokurorluğun məlumatına görə, ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, sonradan vəfat edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

DIN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin sözlərinə görə, zərərçəkmişin irəli sürdüyü xüsusatlar nə dərəcədə doğrudur, bunlar istintaqın nəticəsində bəlli olacaq. Bu başdan polis əməkdaşlarını günahlandırmaq düzgün deyil. Bunlar istintaqın işinə müdaxilə kimi qiymətləndirilə bilər.
X.Bağırov isə deyir ki, son vaxtlar vəkillərə qarşı təzyiqlərin yeni formaları ortaya çıxıb: “Bəlli olduğu kimi, bundan əvvəl başqa bir vəkil prokurorluğun təqdimatı ilə  Vəkillər Kollegiyasından uzaqlaşdırıldı. Polis, prokurorluq orqanları vəkillərə qarşı belə aksiyalar həyata keçirirlər. Mənə qarşı Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət də bu tendensiyanın davamıdır”.  

Ramin DEKO