Mən onun qanını gördüm…

Iudanın ağlına da gəlməzdi Isanı satmaq. Hələ para qarşılığında, xoş gün-güzəran amacıyla. Isa xəbər verəndə ki, içinizdən biri məni satacaq, onun həvariləri, illah da Iuda heyrətə gəlmişdi. Ama nə yazıqlar ki, kimsə satmalıydı, çünki onu seçmişdilər. Onun özünün heç bir təşəbbüsü olmamışdı. O zaman Ilahi ədalət pozulmuşdumu, ya dini məntiqlə yanaşsaq, Tanrı kimi seçdiyini yaxşı bilirdi?

Hər halda bu günə qədər ideyadaşlarını, lap öz əqidəsini, kişi adını, amalını satan çox adam gördük. Onlar da bəzən seçilmişdilər, şeytan öz barmağını onlardan hansınınsa üstünə qoymuşdu. Kimi də özü-özünü bazara çıxarmışdı. Yenə də məsələyə iki bucaqdan yanaşmaq olar.

Birincisi, az əvvəl dediyimiz Ilahi məntiqdi – mistik. Demək, Tanrı kimin necə olacağını, üzdə kimsədən seçilməyən, içinin dərinliyində isə kirli olan adamları bilir və seçir. Yəni necə deyərlər, it qursağı yağ götürməz. Ruhu çirkaba daim gizlində hamilə qalan kimsələri fövqəlbəşəri qüvvə Azadlıq kimi qutsal bir yolun yolçusu kimi görmək istəmir və yolu onlardan təmizləyir. Bu baxımdan Ilahi ədalətin pozulmasından, seçimin onların yox, Tanrının olmasından dolayı həmin adamlara bəraət qazandırmaq olmaz.
Ikinci məntiq rasional məntiqdi. Insanın həyati arzuları, maddi gerçəkliyi ilə ölçülür. Və həmin insanın öz ibtidai yaşamaq instinktinə yenik düşərək Azadlıq yoluna xəyanət eləməsini cəmiyyətin ədalətsizliyi, mövcud rejimlərin amansızlığı kimi təfsir eləmək və hansısa məqamda həmin şəxslərə haqq da vermək mümkündü. Bunu el arasında belə ifadə eləyirlər: “Yazıq neynəsin, çağırıb dedilər ki, (məsələn) kameranın qarşısına keçib filan şeyi deməsən: dədəni yandıracağıq; bala dağı çəkəcəyik; oxuduğun universitetdən qovacağıq; prezident təqaüdündən məhrum eləyəcəyik; atanın gözünü çıxaracağıq və s. Yazıq neynəsin?”.

Əlbəttə, hər bir adamdan qəhrəmanlıq ummaq olmaz. Və elə bu el məntiqi ilə hamıya bəraət də vermək olar. Ama mən bu yaşımacan bir şeyin şahidi olmuşam. Onlar, təpəmizdə oturmaq üçün hər cür alçaqlığa əl atmağa hazır olan yuxarıdakılar, kimi seçdiklərini yaxşı bilirlər. Əgər sənin içində onları öz başına çıxarmaq, qarşılarında əyilmək, qarşılığında nəyəsə nail olmaq istəyi zərrəcə varsa, arxayın ola bilərsən ki, gec-tez bir gün onlar məhz elə sənin yaxandan yapışacaqlar və ya səni seçəcəklər. Yox, əksinə isə, onların heç vaxt səni almaq, özlərinə bəy tərifi dedirtmək kimi fikirləri olmayacaq. Inanın ki, oralarda adamların içini görən xüsusi aparat var.

Bu düşüncələrimdən yola çıxaraq demək istəyirəm ki, bir az əvvəl gətirdiyim el məntiqinin heç bir əsası yoxdu və kimsənin dönüklüyünə haqq qazandırmaq mümkün deyil.Bu fikirlər 3-4 gün qabaq AzTV-də 2 aprel mitinqinə həsr olunmuş süjetlərə baxanda yarandı. 5 qocanı, 5 cavanı danışdıran, müxalifəti, aktiv gəncliyi söydürüb, Əliyevin ətraflarında sıx birləşdiklərini elan elətdirən televiziya 2 aprel mitinqinin baş tutmadığını bəyan elədi. 10 nəfər xalq oldu, Xalq isə xarici qüvvələrə işləyən xəyanətkar qüvvə. Bu, adi haldı. Hüsnü Mübarək gedən saatacan da dövlət televiziyaları bənzər süjetlər verirdilər. Qəzzafinin başına cəm edilən 50 nəfər də xalq kimi təqdim edilir, qətl edilən 10000-dən çox vətəndaş isə xarici qüvvələrə işləyənlər, sabitliyi pozmaq istəyənlər. Nə isə, bunlar çalınmış mahnılardı. Yazıqlar olsun o mahnını oxumaq üçün seçilmiş cavanlara.

Bu gün imzasıyla az-çox tanınan bir gənc yazarı da o “seçilmişlərin” cərgəsində görəndə, bir daha bu rejimin nə qədər qəddar olduğunu anladım. Həmin o sütül gənc “cənab prezidentin ətrafında sıx birləşdiyini” söyləyəndə bu cavan yaşında boynunun necə vurulduğunu hiss eləmirdisə belə, mən onun qara saçlarının, ağ yaxalığının al qana necə bələşdiyini görüb ağlamaq istəyirdim. Axır qəmin olsun, oğul atası…