YAP-ın namusundan sorumlu müğənni Ilhamə Quliyeva yenə siyasətə qarışıb, ya da siyasəti bir-birinə vurmaq niyyətinə düşüb… Müğənninin yenə YAP-ın sözçüsü kimi çıxış etməsi, indiki qara-qışqırığın içində qəzetdə çıxış etməsi heç təəccüblü deyil.
Ilhamə Quliyeva YAP-a, YAP da Ilhamə Quliyeva yaraşır zatən…
Bütün parametrlər üzrə hamı iş başındadır, hamı da qopar-qopar, apar-apardadır, hamı da kiminsə xoşuna gəlib yenidən imicini canlandırmaq şansını əldə etmək istəyir, kimisi özünün politoloji analizləri ilə müxalifət liderlərini guya kimdənsə tapşırıq alan kimi qələmə verməyə çalışır, kimi də müxalifəti tənqid edib illərdir qazana bilmədiyi millət vəkili mandatının üzünə qapanmış qapılarını yenidən açmaq istəyir.
Məsələ bundadır ki, YAP-ın bu günə düşməsinin əsl səbəbi elə özüdür, yəni apardığı siyasət, kimsənin inanmadığı, hətta küfr edib televizor ekranının qara zülmətinə baxmağı üstün tutan vətəndaşının nifrətini qazanması, elə bax bu kimi ucuz, yaramaz niyyətli təbliğatlarının ucbatından olub. Bunlar Nuh əyyamından, ya da keçmiş KQB sistemindən qalmış qarayaxma kampaniyalarından, müğənni cızma-qarasından, ya da nə bilim hansısa “politoloqların” ucuz deyimlərindən asılı qaldıqca elə belə də olacaqlar, bir az gülünc, bir az ikrahedici və bir az da utancverici…
Nə yazıq ki, biz də bütün bunlardan, ölkəmizdə iqtidarda olan bir partiyanın sorumsuzluğu və etdikləri ucbatından utana, xəcalət duyub yaşamaq zorunda qala-qala hələ də kimin haqlı, kimin yalançı, kimin dindar, kimin çadra örtən, kimin ateist olmasını dartışa-dartışa qalmışıq. Hələ də anlamaq istəmirik ki, bu hakimiyyət əslində ən qorxulu olan hər nə varsa, indiki halda ölkəmiz üçün ondan on qat qorxuludur və elə qorxuncluğundan da ən çox qorxan özüdür.
Hakimiyyət göstərdiyindən, Lider TV də qorxduğunun ucbatından apardığı təbliğatdan, göründüyündən çox qorxur və elə bu qorxunun ucbatından da günlərdir demədiyi, qara yaxmadığı adam qalmayıb, elə bir ucdan şər aparatını, bütün vintciklərini də işə salıb işləyir.
Amma bir şey əldə etmir, sadəcə baş aparır, zəhləmizi tökür, utandırır, adamın bu yalan və şəbihi qurmaq üçün saatlarla baş sındıranların puç etdiyi həyatına yazığı gəlir, ya da 200-300 manata görə tv ekranlarında bu şər xəbərlərini oxuyan gəncləri, xüsusən qızları görəndə adamın lap ürəyi sıxılır, hələ gənckən belə şərə bulaşdığına görə təəssüf hissi keçirir.
Bütün bunlar indiki durumda Azərbaycanın mənzərəsidir və bu tabloya Ilhamə Quliyeva məqaləsi də daxil olursa, kimsə təəccüblənməsin, sabah başqaları da çıxacaq, küçələr YAP hakimiyyətini bəyənən, dəstəkləyən insanlarla dolub daşacaq, gənclər etiraz edəcək, hamı yaxşı yaşadığını bəyan edib az qala gözlərini ekranlardan müxalifətin üstünə bərəldərək hədə-qorxu gələcək ki, bəs bizim sabit, gözəl, firavan, YAP-la yapalaqlaşan, yaramazlaşan həyatımıza müdaxilə etməyin, amandır, bizim köləliyimizi əlimizdən almayın.
Bütün bunlar olur və hələ də olacaq. Bütün bunlar YAP-ın əks üzü, simasıdır… Amma bunların mahiyyəti də var axı… Nədir? Qorxu!
Hakimiyyət qorxduğunu gizlədə bilmir. Ərəb ölkələrindəki hadisələrin ölkənin sərhədlərində dayandığını hiss edir, yalan dolu təbliğatlarının işə yaramayacağını, müğənnilərin, politoloqlarının, “Irəli”çilərinin əli ilə geri saldıqları bu ölkəni daha feodal kimi idarə edə bilməyəcəklərinin fərqindədirlər.
Fərqindədirlər ki, Azərbaycan da eynən Ərəb ölkələri kimi bir qrup tərəfindən soyulur, fərqindədirlər ki, ölkəni məhvə sürükləyirlər, fərq edirlər ki, dünyanın inkişaf qanunauyğuluğuna tərs gedirlər…
Bu hakimiyyətin qəzet, Tv-lərini danışdıran qorxudur, başqa bir şey deyil, bunu kimsə dana bilməz…
Əgər qorxmurlarsa, dedikləri kimi xalq bunları dəstəkləyirsə, niyə bu qədər isterik vəziyyətdə sağa-sola şər kampaniyası aparırlar, niyə bütün bunlardan vaz keçib mitinqlərə icazə vermirlər, niyə gücə əl atırlar, bunlar “xalqa xidmət edirlərsə”, niyə xidmət edib çörək verdiklərini iddia etdikləri xalqdan bu qədər qorxurlar?
Qorxu, baş verə biləcəklər qarşısında insanın yaşadığı isterik durumdur…
Bu hakimiyyət də baş verəcəkləri hiss etdiyindən isterika keçirir…