Kuçmaya qarşı yeni ittiham

Eks-prezident Aleksey Podolskinin döyülməsinə göstəriş verməkdə də şübhəli bilinir

Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın çəmbəri daralır. Ölkə mətbuatında eks-prezidentin tanınmış junalist Georgi Qonqadze və ictimai fəal Aleksey Podolskinin fiziki cəhətdən sıradan çıxarılması barədə göstəriş verməsilə bağlı yeni məlumatlar yayılıb. “Kommersantı Ukraina” qəzetinin dünənki sayında yayımlanan sənədlərdə Qonqadzenin öldürülməsi və Podolskinin döyülməsi hadisəsi təsvir olunub.
Qəzetin əldə etdiyi məlumatlar və aparılan araşdırmalardan sonra məlum olub ki, Leonid Kuçma tənqidçi jurnalist fəaliyyətinə görə Qonqadzedən qisas alınması haqda göstəriş verib.
Məqalənin mətnində xatırladılır ki, “Mı” Kiyev hüquq-müdafiə təşkilatının üzvü Aleksey Podolski və “Ukrainskaya pravda” internet-qəzetin təsisçisi Georgi Qonqadze 1999-cu ildə keçirilən prezident seçkiləri ərəfəsində Leonid Kuçma hakimiyyətini ən sərt tənqid edən simalardan olub.
“Podolski və Qonqadzenin tənqidi materiallarıyla tanış olan Kuçma ictimai fəalların susdurulması qənaətinə gəlib. Bunun üçün də hüquq-mühafizə orqanlarına hər iki fəalın fiziki cəhətdən zərərsizləşdirilməsi əmrini verib. Bu məqsədlə 2000-ci ilin may-iyun aylarında o zamankı daxili işlər naziri Yuri Kravçuka Qonqadze və Podolski ilə hesablaşmaq təlimatı verib. Yuri Kravçuk Daxili Işlər Nazirliyinin icra aparatının rəhbəri Eduard Ferə Kuçmanın göstərişini çatdırıb. Fer də Podolskinin döyülməsini Daxili Işlər Nazirliyinin Cinayət-Axtarış Idarəsinin rəis müavini Aleksey Pukaça tapşırıb. Podolski döyüldükdən sonra yəni 2000-ci il iyunun 12-də Prezident Administrasiyasının inzibati binasında Kravçenko Kuçmanın əmrinin yerinə yetirildiyini prezidentə məruzə edib. Bundan sonra Kuçma növbəti qurbanın Georgi Qonqadze olduğunu Kravçukun diqqətinə çatdırıb. Podolski ilə bağlı hadisədə olduğu kimi, bu dəfə də cinayət halqasında Kravçuk-Fer-Pukaç üçlüyünün sayəsində təşkil olunub. 2000-ci il sentyabrın 16-da Qonqadze oğurlanaraq qətlə yetirilib”, – deyə “Kommersantı Ukraina” qəzetinin məqaləsində vurğulanır.

İnformasiya şöbəsi