Ilham Əliyevə “aprel tezisləri”

Zaman, sadəcə, bir azcıq zaman…

Hamı həyəcanlıdır. Dövlət televiziyalarında, eləcə də özünü “müstəqil” adlandıran digər telekanallarda gündüz verilişlərində sadə vətəndaş kimi təqdim olunan “beşlik” axşam debatlarında ekspert qismində danışır. Ən maraqlı olay isə Əli Kərimlinin eyvanı önündə etiraz etmək üçün toplanmış muzdluların ünvanı səhv salmaları olub. Bəli, doğrudan da ünvan səhv düşüb…

Bu gün aprel ayıdır. Və ölkədə gərginləşməkdə olan siyasət meydanı Austerlis düzünü xatırladır – getməkdə olanların vahiməsi, gəlməkdə olanların arxayınlığı. Ilham Əliyev arxada qalan parlament seçkilərini saxtalaşdırmasaydı, indi bu səhnələr olmayacaqdı. Ən istedadlı artist öz rolunu oynayandır. Bu isə oyun bitəndə baş verir. Indi hər kəs öz hissini, duyğusunu ifadə edir. Insanlar acdılar, ümidsiz və köməksizdilər. Dövlət kölgə salmır. Ölkə cəhənnəm tonqalında qovrulur. Iqtidardakılar da, müxalifətdəkilər də, ortada qalan xalq da azadlıq istəyir. Təbii ki, bir qrup adamdan…

Iyirminci illərin ən məşhur deyimlərindən biri belə idi: “Inqilabı aclığın dəhşətli əlləri ilə boğmaq…” Mən solçu deyiləm. Sol tərəfdə etimad göstərdiyim yeganə varlıq ürəyimdir. Hərdən belə fikirləşirəm ki, solçuluq bir ideya kimi ona görə yaşayır ki, ürəyə yaxındır. Bir praktika kimi, ona görə sıradan çıxır ki, ağla batmır. Ona görə də mənim tezislərim, burjua-demokrat tezisləridir.

Mənə islahatın rəsmini çizərmisin, Abidin?

Biz öz ölkəmizdə sarsılmaz orta təbəqənin yaranması üçün ilkin şərtin davasını edirik. Hakimiyyət isə islahat etmək əvəzinə onun şəklini çəkir. Yaşamadığın ağrılara göz qırpmaq heç cür anlaşılan deyil. Bu xalqın istədiyini verin ki, aclığın əllərində boğulmayın.
Insanları illər uzunu şənləndirmək, oxudub-oynatmaq olar. Onlara həyatda hər şeyin vaz keçiləsi, boş veriləsi, ayaq altına atılası olduğunu demək olar. Hətta bir müddət üçün bu tezislərə inandırmaq da olar. Amma bir gün o insanlar görəndə ki, onların özləri ayaq altına atılıb, o zaman onlar qalxmaq istəyəcəklər. Qalxmaq üçün də kürəklərindəkini yerlə bir etmək zorundadılar. Üsyan bir dalğadırsa, etiraz zəlzələdir. Insanların etirazlarını dalğa olarkən boğanda sonu zəlzələ olur. Başlayırsan günahkar axtarmağa, amma heç kimi tapa bilmirsən.

Bu gün etiraz edən insanlar üçün siyasi lider elə də önəmli deyil. Əli Kərimliyə bu gün ediləcək ən böyük yaxşılıq onun bu rejimin mahiyyəti ilə düşmən olduğunu göstərməkdir. Bunu kim edir? Hakimiyyətin özü. Yəni, siyasi məntiq itib. Müxalifəti o hökumət açıq tənqid edər ki, xalqa deməyə sözü olsun…
Zəncirlər də yay kimi çəkilib. Indi heç kimi öz qollarındakı qandallarla qorxutmaq mümkün deyil. Qandal qollarda yalnız açılmaq üçün gözləyir. Ona görə də heç kim daha dəhşətlisindən qorxmamalıdır.

Hər şey ağrısız da ola bilər. Hakimiyyət öz əsabələrini qorumalı və mədəni bir keçid, ən azı, etiraz aksiyaları üçün şərait yaratmalıdır. Indi hər kəsin başlıca vəzifəsi bu durumdan az itki və mədəni münasibətlərlə çıxmaqdır. Bu, mümkündür. Hakimiyyət təmkin göstərməlidir. Provokasiyalara təşəbbüs etmədən xalqla hesablaşmaq lazımdır. Hər şey hakimiyyətlə başlayıb, hakimiyyətlə bitmir… Biz təkcə özümüzü yox, xalqı da düşünməliyik.