Müxalifəti sosial bazası olmamaqda günahlandıran hakimiyyət qəzetlərinin 15 oxucusu var
İctimai Palata aprelin 2-də mitinq təyin edəndən sonra hakimiyyət qulluqçusu qəzetlər, televiziyalar, eləcə də internet portalları müxalifətə qarşı hücuma başlayıb. Hakimiyyətin bu hücumunu müxalifətin şərlənmə kampaniyası adlandırmaq olar. Onlar yenə ənənəvi arqumentlərini irəli sürürlər: müxalifətin sosial bazası yoxdur, bütün xalq iqtidarı dəstəkləyir.
Hakimiyyətin iddia etdiyi sosial bazanın hansı səviyyədə olduğunu müəyyənləşdirmək üçün onlara məxsus saytlarda xırda araşdırma apardıq. Araşdırmanın məqsədi hakimiyyət qəzetlərinin saytlarına marağın hansı səviyyədə olmasını müəyyənləşdirməkdir.
Hakimiyyət qəzetlərinin saytını neçə nəfər oxuyur?
YAP-ın qəzeti olan “Yeni Azərbaycan”ın saytında ümumi sayğac olmadığından sayta bir gün ərzində neçə ziyarətçinin daxil olduğunu müəyyənləşdirmək mümkün deyil. Ancaq yazıların oxunma sayları bəllidir. Məsələn, YAP-ın əsas simalarından olan Siyavuş Novruzovun qəzetdəki açıqlaması cəmi 11 dəfə oxunub. “Azərbaycanın iqtisadi inkişafı bu günə qədər dünyada heç bir başqa ölkədə təkrarlanmayıbdır” başlıqlı, Ilham Əliyevin fotosu ilə getmiş yazı isə cəmi 17 dəfə oxunub. Saytın “ən çox oxunanlar” bölməsindəki ən çox oxunan yazının göstəricisi 22-dir. “Müxalifət ölkədə xaos yaratmaq üçün universal formula axtarır” adlı yazının oxunma sayı 15-i keçməyib (Bu göstəricilər saat 20.00-a qədər olan göstəricilərdir – E.H.)
Sayğac qoymağa qorxurlar
Rəsmi “Yeni Azərbaycan” qəzetinin də saytında ümumi sayğac yoxdur. “Səs”, “Iki sahil” kimi qəzetlərin də saytlarında sayğac yoxdur. Yəqin ki, saytlarına “fövqəladə” marağın səviyyəsini hamıya göstərməmək üçün sayğac yerləşdirməkdən çəkiniblər.
Hakimiyyət saytlarının reytinqi necədir?
Sayğac olmasa da, bu saytların reytinqini müəyyən etmək çətin deyil. Alexa.com saytı vasitəsilə biz “Yeni Azərbaycan” və “Azərbaycan” qəzetlərinin Azərbaycan üzrə reytinqini müəyyənləşdirdik. “Azərbaycan” qəzetinin saytı Azərbaycan üzrə 2150-ci yerdədir. “Yeni Azərbaycan”ın isə göstəricisi lap “fantastikdir” – 4195-ci yer. Halbuki, həmin saytda “Azadlıq”, “Yeni Müsavat” kimi qəzetlərin saytları ilk qırxlıqdadır. Üstəlik, bu reytinqlə “Azərbaycan” qəzeti Amerikaya meydan oxuyur…
Şərhçilər də onların əleyhinədir
Bəzən hakimiyyət nümayəndələri nüfuzlu saytlarda da çıxış etmək imkanı qazanırlar. Bəs burada onlar necə qarşılanırlar? Bunu o yazılara yazılmış şərhlərdən müəyyən etmək olar. “Azadlıq” radiosu ən çox şərh yazılan saytlardan biridir. Orada apardığımız araşdırmalardan görürük ki, şərh yazanların 95 faizi hakimiyyət nümayəndələrinin, iqtidarı müdafiə edənlərin əleyhinə çıxışlar edirlər.
Hanı yüz minlərlə yapçı?
Bəs hakimiyyətin bəhs etdiyi bu sosial baza hardadır? YAP həmişə 500 mindən çox üzvü olduğunu qürurla deyir. Bəs bu yüz minlər nə işlə məşğuldur? YAP-ın bu qədər üzvü varsa, nəyə görə Siyavuş Novruzovun müsahibəsi 11, Ilham Əliyev haqqında yazı 17 dəfə oxunur? Əslində burada məntiq var: 18 ildir Azərbayan xalqının hər addımda haqqını tapdayan bir rejimin tərəfdarı da məhz bu qədər olmalıdır.
Elmin Həsənli