Hakimiyyətdə fövqəladə mitinq həyəcanı

Demokratiyanın qarşısını kəsmək üçün hökumət «qapı-pəncərələri» də bağlayır

İctimai Palatanın 2 aprelə təyin etdiyi mitinq hakimiyyəti ciddi şəkildə təşvişə salıb. Bütün gücü ilə müxalifəti gözdən salmağa girişən hakimiyyət 2 apreldə aksiyanı zəiflətmək üçün profilaktik addımlar atmağa başlayıb. Ötən gün Bakıda büdcə təşkilatlarından maaş alanların əksəriyyətilə “zəhmətkeş yığıncağı” keçirilib. Bu qəbildən olan yığıncaqların qarşıdakı günlərdə də davam edəcəyi bildirilir.
Prezident Administrasiyası səviyyəsində verilən tapşırıq əsasında keçirilən yığıncaqlarda 2 aprel aksiyasının dövlətçiliyə qarşı olduğu haqda fikirlər səslənib. Bu aksiyalarda iştirak etməməyə çağırışlar edilib. Hətta bəzi yerlərdə əhali arasında hakimiyyətin hər ailəyə pul paylayacağı barədə dezinformasiya yayıblar.
Ali təhsil müəssisələrində isə hakimiyyət lap absurd addıma əl atıb. Dünən BDU-dan çəkilən bir kadr internetdə yayılıb. Bu kadrlardan görünür ki, universitetin texniki işçiləri bu təhsil müəssisəsinin pəncərələrini bağlayıb, bərkidirlər. Məqsəd isə pəncərələrdən mitinqə çağırış vərəqələrinin atılmasının qarşısını almaqdır. Qeyd edək ki, tələbələr bir müddət əvvəl bu üsuldan istifadə etmişdilər.
Dövlət Dillər Universitetində isə pedaqoji kollektivə tapşırılıb ki, bir nəfər kimi, hamı 2 apreldə işə gəlməlidirlər. Istisna deyil ki, şənbə günü olmasına baxmayaraq, 2 apreldə tələbələri müxtəlif bəhanələrlə dərsə cəlb etsinlər.
Hakimiyyətin mitinq əleyhinə apardığı kampaniyanın ən gülməli elementlərindən biri də Tibb və Iqtisad Universitetlərində, həmçinin BDU-da müşahidə olunub. Universitetlərin həmkarlar ittifaqları vasitəsilə bir qrup tələbələrə vərəqələr paylanılıb. Onlardan tələb olunub ki, kağızda yazılan müxalifətin əleyhinə olan fikirləri internet vasitəsilə müxtəlif sosial şəbəkələrdəki siyasi polemikalara köçürsünlər.

İnformasiya şöbəsi