Bəs, İsrailin prezidenti niyə İrana dəvət olunmadı?
İran hakimiyyəti növbəti dəfə Azərbaycan xalqının yanında olmadığını nümayiş etdirdi. Martın 27-28-də Iranda keçirilən II Beynəlxalq Novruz bayramı tədbirlərində Ermənistan prezidenti Serj Sərkisyanın iştirakı Azərbaycanda birmənalı qarşılanmadı.
Məlumdur ki, öncə Irana Novruz bayramını qeyd edən ölkələrin başçılarının dəvət olunduğu bildirilmişdi. Lakin sonradan dəvətlilər arasında Novruz bayramını qeyd etməyən Ermənistanın rəhbərinin də görünməsi təəccüb doğurub. Bu həmin dövlətdir ki, onun qanlı qurucuları – erməni daşnak və bolşevikləri elə 1918-ci ilin martında Novruz bayramını azəri türklərinin “burnundan gətirmiş”, soyqırımı törətmişlər. Bu həmin dövlətdir ki, ötən əsrdə daha bir soyqırımı – 1992-ci ilin fevralında Xocalı faciəsini törətmiş və həmin ilin Novruzunu da “qara bayrama” çevirmişdir. Bu həmin dövlətdir ki, Azərbaycana qarşı düşmənçiliyini bu gün də davam etdirməkdədir.
Iran prezidenti Mahmud Əhmədinejad Novruzu “əxlaq və mənəvi mesajlarla dolu bir bayram” kimi qiymətləndirsə də, lakin bu bayram münasibətilə ölkəsində keçirilən tədbirlərə erməni həmkarını dəvət etməklə özü əxlaqi və mənəvi dəyərlərə sayğısızlıq göstərmiş oldu. O, Azərbaycan torpaqlarını hələ də işğal altında saxlayan və işğal zamanı on minlərlə azəri türkünün qətlə yetirilməsində Ermənistan prezidenti S.Sərkisyanın da əlinin olmadığını unutmasın gərək!
M.Əhmədinejad bildirib ki, Novruz onu sevənləri pislikdən və düşmənçilikdən çəkindirməyə çağırır və onları paklığa, dostluğa və bütün yaxşılıqlara dəvət edir. ÿIran prezidenti öz addımını Novruzun dünyada barış və dostluğa çağırış bayramı olmasıyla izah edirsə, onda niyə fürsətdən yararlanıb Israilin dövlət başçısını ölkəsinə dəvət etməsin?!…
Bəlkə, Novruzu sevənlər arasında ermənilər də varmış? Bəlkə, 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda 25 mindən çox əhalini amansızlıqla qətlə yetirən ermənilər elə Novruz bayramından ilham almışlar? Bəlkə, bugünkü Ermənistanda – sevgi, paklıq, yaxşılıq və dostluq kimi ali dəyərlər mənimsənilibmiş? Bəlkə, artıq ermənilər pislik və düşmənçilikdən çəkinməyə başlamışlar?
Ermənistan prezidenti S.Sərkisyan isə Iranda keçirilən Novruz şənliyində bildirir ki, bu bayram min illərdir regionda dostluq atmosferində qeyd edilir… Dostluq siyasəti Ermənistana yad deyilmi? Ermənilər regionda yalnız Rusiya və Iranla “dostluq” edə bilərlər ki, bunun da haradan qaynaqlandığı məlumdur. Əlbəttə, Azərbaycanın müstəqilliyini istəməyən Rusiya və Iranla ortaq maraqlar!
Yeri gəlmişkən, Iranda Novruz şənliyinə Tacikistan və Əfqanıstan kimi farsdilli ölkələrin rəhbərlərinin, eləcə də Iraqın kürd əsilli prezidentinin qatılması da diqqət çəkən məqamlardandır. Erməni ideoloqları hələ XX əsrin əvvəlində bildirirdilər ki, “nəcib farslar, cəngavər kürdlər, cəsur bəluclar, cəngəlli giləklər və açıqgöz ermənilər, hətta əfqan və hindlilər – aryan cinsindən bütün millətlər toplanmalı və birləşməlidirlər!”… Bu birliyin qayəsini isə belə izah etmişlər: “Aryan qövmlərinin qaniçən düşmənləri – turanlılara qarşı aryan millətlərindən mütəşəkkil bir birlik təsisi!”.
Bəlkə də türkdilli ölkələrin prezidentlərinin Irandakı bayram tədbirlərinə qatılmaması (Türkmənistanın dövlət başçısından başqa) onların məhz əxlaqi və mənəvi dəyərləri nəzərə almaları olub. Türkmənistan hakimiyyətinə gəlincə, onların da Azərbaycana ögey münasibəti aşkardır…
Şövkət Məmməd