Eldar Əzizov Sumqayıtı sökür

İcra başçısının şəhəri «abadlaşdırmaq» istəyi yüzlərlə ailəni dolanışıq yerindən məhrum edib

Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərdə söküntü işlərini davam etdirir. Dünən Heydər Əliyev prospektində ticarət obyektlərini yerlə-yeksan edən icra başçısı indi Sülh küçəsindəki köşklərə hücum çəkib. Eldar Əzizov ticarət köşklərinin sökülməsini şəhərin abadlaşdırılması ilə izah edir. Lakin qanuni sənədləri olan köşk sahiblərinə kompensasiya verilib-verilməyəcəyindən danışmır. Bu isə xırda sahibkarların ciddi narazılığına səbəb olub: “Bizim obyektlərin sənədləri var. Biz xeyli vəsait sərf edib, bu obyektləri tikmişik, quraşdırmışıq. Indi Eldar Əzizov ”uf” demədən onları sökür. Heç kompensasiyadan danışmır”.
Eldar Əzizov şəhid ailələri və Qarabağ əlillərinə də güzəşt etmir. Onlara məxsus köşklər də sökülür.
Icra başçısı həmçinin Vasif Talıbovluq etməyə başlayıb. O, bəyan edib ki, heç kəs eyvandan paltar asmamalıdır. Hətta bəzi məlumatlara görə, icra başçısı mikrorayonların birində paltar asılmış zivəni özü kəsib.
Yeri gəlmişkən, Sumqayıt sakinləri Eldar Əzizova maraqlı ləqəb veriblər: “Bordür Eldar”. Icra başçısı şəhərdə yalnız səkiləri dəyişdiyinə görə bu ləqəbi “qazanıb”. Sakinlərin icra başçısına bu ləqəbi verməsi Sumqayıtda onun gördüyü “abadlıq işləri”nə  rişxənd edildiyini göstərir. Sumqayıtlılar hesab edir ki, Eldar Əzizov ehtiyac olmadığı halda səkiləri dəyişməkdənsə, məhəllə daxili yolları təmir etsə idi daha yaxşı olardı. “Məgər Sumqayıtın problemi səkilərdir? Şəhərdə o qədər problemlər var ki, onları həllə etsin. Məhəllə daxili yolları təmir etsin, iş yerinin açılmasına çalışsın, narkomanlarla mübarizə aparsın və s. Amma Eldar Əzizov iş yeri açmaqdansa köşkləri sökməklə işsizlərin sayını bir qədər də artırır. Bu isə onsuz da kriminal şəhər hesab edilən Sumqayıtda cinayətkarlığın daha da artmasına səbəb ola bilər”,- deyə sakinlər bildirir.

İnformasiya şöbəsi