Dünən bir dəstə gəncin Əli Kərimlinin evi qarşısına yığışması ilə bağlı hər şey aydındır. Onları ora öz ürəkləri və ayaqları gətirməyib. Onları ora göndəriblər. Şüarlara qədər yazıb, türkün sözü, əllərinə veriblər.
Biz qarşıdakı günlərdə belə “zəhmətkeş aksiyaları”nın çox şahidi olacağıq. Sabah Müsavatın qarşısına da yığışa bilərlər. Birisi gün Isa Qəmbərin yaşadığı binanın dəhlizinin ağzına da.
Hər dəfə də o “zəhmətkeşlər” toplanınca, Ilham Əliyevin, Ramiz Mehdiyevin ağzı ilə absurd şüarlar səsləndirincə ətrafdakı polislər dağılışıb gedəcəklər. Nə asayişi qorumaq yadlarına düşəcək, nə də vətəndaşların istirahət hüququnun pozulması. Onları avtobuslara doldurub uzaq Qobustan çöllərində düşürmək də heç kimin ağlına gəlməyəcək.
Yaxşı da ki, polislər dağılışıb gedəcəklər.
Yaxşı da ki, “vətəndaşların istirahət hüququ” yadlarına düşməyəcək.
Yaxşı da ki, heç kimi avtobusa basıb Qobustan çöllərində düşürməyəcəklər.
Çünki biz illərdir məhz bunun davasını aparırıq. Insanlara özgürcə, azadca toplaşmaq haqqı tanınmasını istəyirik.
Toplaşmaq azadlığı yaşadığımız dünyada hava, su, çörək kimi zəruri bir ehtiyacdır. Məqsədi nə olursa olsun, niyyəti nə olursa olsun, insanların bir araya yığışması, protestolarını bölüşməsi, fikirlərini paylaşması, düşündüklərini hayqırması demokratiyanın ilkin şərtidir. Insanların küçələrdə, meydanlarda azadca, özgürcə yığışa bilməməsi hakimiyyətə bir ovuc oğru, fırıldaqçı, zülmkar adamın yığışması deməkdir.
Dünən Əli Kərimlinin evinin qarşısındakı o bir dəstə gənc ora ürəklərinin səsiylə deyil, ağalarının diqtəsi ilə gəlsələr belə… Onlara Prezident Administrasiyasından yazılıb verilən şüarlar absurdun pik nöqtəsi olsa belə… Səsləndirdikləri fikirlər əxlaq, tərbiyə sınırlarını aşıb keçsə belə, bu aksiya toplaşmaq hüququnun nə qədər vazkeçilməz bir dəyər olduğunun göstəricisidir. Bu o qədər vazkeçilməz bir dəyərdir ki, gün gəlir, illərdir toplaşmaq azadlığının başından basan, onu ləğv edən bir rejimin də ona ehtiyacı olur. Kimlərisə harasa toplamağa onun da ehtiyacı yaranır.
Indi mən yaptokratlardan soruşuram: siz dünən bir dəstə gəncinizlə Əli Kərimlinin şəxsi evinin qarşısına toplaşa bilirsinizsə, biz – sadə insanlar, adi vətəndaşlar niyə hökumət evinin qarşısına toplaşa bilmərik? Bəs biz də toplaşmaq istəyirik də… Biz də nəyəsə etirazımızı bildirmək üçün beş-beş, on-on bir yerə yığışmaq istəyirik. Niyə mane olursunuz, niyə imkan vermirsiniz? Niyə siz başqalarına qarşı toplaşa bilərsiniz, amma biz sizə qarşı toplaşa bilmərik? Belə əxlaq varmı dünyada, belə məntiq varmı?
Əslində sonuncu cümlənin heç yeri deyildi. Sizdən əxlaq gözləməyin özü əxlaqsızlıqdır. Sizdən məntiq gözləməyin özü məntiqsizlikdir.
Ikili standartlardan gileylənənlərin ikili standartı
Azərbaycan hakimiyyəti tez-tez dünya birliyini ikili standartlarda ittiham edir. Bu, onlarda sağalmaz bir xəstəliyə çevrilib.
Indi yerindən duranı ikili standartlarda günahlandıran bir hakimiyyət Əli Həsənovun ağzı ilə Qərbin Qəzzafiyə qarşı əməliyyatlarını bəyəndiyini, dəstəklədiyini deyir. Və eyni hakimiyyət Qəzzafinin xurcuntayı Mübarəkin Xırdalandakı heykəlini göz bəbəyi kimi qoruyur.
Doğrudan da, utanmasan oynamağa nə var?
“Yumurta müşavirəsi”nin ardından
Ilham Əliyevin yumurtanın bahalaşmasından qeyzlənib, günahkarları cəzalandırmaq göstərişi verməsi öz sözünü deyir.
Beş gün əvvəl Bakıda bir toyuq ferması yandı və 3000 toyuğun öldüyü açıqlandı.
Dünənsə Göyçayda toyuqların kütləvi şəkildə qırıldığı xəbəri gəldi.
Demək ki, bizim ağıllı hökumət yumurtanın bir daha bahalaşmamasının ən yaxşı yolunu tapıb: toyuqları tamamən qırmaq! Bəs necə, toyuq yoxdursa, yumurta yoxdur. Yumurta yoxdursa, o necə bahalaşa bilər?