Bu üsyan Moskvadan göndərilən hərbi ekspertlərin nəzarətilə başladılmışdı
Turqut Ər
“Ermənilər neft boru xəttinin Ermənistan üzərindən keçərək Ceyhan limanına istiqamətlənməsi qarşılığında işğal etdikləri torpaqlardan geri çəkilməyi qəbul etmişdilər”
Cəbhə bölgəsindəki hərbi birləşmələrin geri çəkilməsinin səbəbi kimi, “tank, top və digər ağır silahların istifadə müddətinin bitməsi” kimi uydurma səbəblər göstərilirdi.
Elçibəy iqtidarı 1992-ci ildə çıxarılmış BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən, iyun ayının ortalarında Kəlbəcərin boşaldılması məsələsində ermənilərlə bir razılıq əldə etmişdi. Elçibəy neft sazişlərinin iyunun 18-də imzalanması üçün Londona getməyə hazırlaşırdı. Çünki Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Sabit Bağırov və xarici işlər naziri, professor Tofiq Qasımov ABŞ Dövlət Departamentinin rəsmilərinin vasitəçiliyilə Ermənistan rəsmilərilə bir gizli görüş keçirirdi. Aparılan danışıqların nəticəsi olaraq ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çəkilmələrini nəzərdə tutan razılaşma imzalanmaq üzrəydi.
***
Ermənilər neft boru xəttinin Ermənistan üzərindən keçərək Ceyhan limanına istiqamətlənməsi qarşılığında işğal etdikləri torpaqlardan geri çəkilməyi qəbul etmişdilər. Lakin Rusiya və Azərbaycandakı köhnə kommunistlər buna imkan vermədilər. Moskva hakimiyyəti Gəncə və ətrafında yerləşən hərbi qarnizonlardakı əsgərləri ağır silahlarla təmin etmişdi. Bunlara qısa müddət öncə cəbhə bölgəsindən çəkilən bəzi hərbi birləşmələr də əlavə olunmuşdu. Nəticədə, ölkə hərbi üsyana doğru gedirdi. Bu üsyan Moskvadan göndərilən hərbi ekspertlərin nəzarətilə başladılmışdı. Görünüşdə isə üsyanın lideri Surət Hüseynov idi. Nəhayət, Moskvadan idarə olunan hərbi birləşmələr Bakıya hücum edərək Elçibəy iqtidarını devirdilər, Heydər Əliyevi hakimiyyətə gətirdilər.
Yuxarıda da izah etməyə çalışdığım kimi, ermənilər 7 ay ərzində Dağlıq Qarabağ ətrafındakı 6 böyük vilayəti əllərini-qollarını sallaya-sallaya işğal etmişdilər. Əliyev iqtidarı Elçibəy dönəmində qurulan və ermənilərə qarşı zəfərlər qazanan polislərdən ibarət birləşmələri də ləğv etmişdi. Ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayon, qəsəbə və kəndləri yağmalaması nəticəsində 1 milyon 200 min azərbaycanlı türk öz vətənində qaçqın həyatı yaşamalı olmuşdur. Bu insanlar 19 ildir ki, Aran bölgəsində qurulan çadır düşərgələrində, Bakı və digər şəhərlərdəki stadionlarda, işığı və suyu olmayan yarımtikili məkanlarda, bağça və məktəblərdə, poliklinikalarda, xəstəxanası olmayan və yaşayış üçün nəzərdə tutulmayan yerlərdə yaşayır. Yaşayış vəziyyəti çox ağırdır. Yarıac, yarıtox yaşayırlar. Bunların durumu nə Fələstin, nə də dünyanın digər ölkələrindəki qaçqınlara bənzəyir.
Azərbaycandakı çadır düşərgələrində doğulan uşaqlar yenə eyni yerdə məktəbə getməyə başladılar. Həmin uşaqlar indi böyüyüb hərəsi bir gənc qız və gənc dəliqanlı olublar. Yenə həmin düşərgələrdə ailə qurublar. Yaşlıların çoxu bu dözülməz şəraitdə yaşayıb və qamışdan tikilmiş daxmalarda dünyasını dəyişiblər. Əsrlər boyu türk dövlətinin himayəsində yaşamış, türk millətinin çörəyi ilə ayaqda duran ermənilər yaxın keçmişdə türk millətinin övladlarını, dinc xalqı, uşaq və qadınları vəhşicəsinə qətlə yetiriblər. Azərbaycanda, ya da Türkiyədə hər hansı bir şəhər, qəsəbə və ya kənddə istənilən bir qapını döyüb ev sakinindən “Ay balam, sizdən ermənilərin şəhid etdiyi bir kimsə varmı?” deyə soruşsanız, aldığınız cavab bu olar: “Mənim babam, atam, əmim…” və s.