Cümlə Azərbaycanın gözü aprel ayının 2-nə dikilib.
Elə bütün dünyanın diqqəti də indi Azərbaycandadır.
Millət olduğumuzu isbatlamaq üçün Tanrı bizə bir şans da verib.
Aprelin 2-də MILLƏT olaraq sınağa çıxırıq.
Azərbaycanı 40 illik tayfa hakimiyyətinin cəngindən xilas etmək üçün meydana giririk.
O Azərbaycan ki, hərraca çıxarılıb.
O Azərbaycan ki, qanunlar şah taxtında deyil.
O Azərbaycan ki, bir ovuc cinayətkar korrupsioner və rüşvətxor DÖVLƏTi çökdürür.
O Azərbaycan ki, bıçaq sümüyə dirənib.
Aprelin 2-də MÜASIR AZƏRBAYCAN TARIXInin ilk səhifəsi yazılacaq.
Sivil yolla.
ŞƏR ZORa əl atsa da belə, yeni tarixin ilk səhifəsi yazılacaq.
Çünki Azərbaycanın dəyişilməsi gərək.
Yeni Azərbaycanlılar bunu bacara bilmədi.
Azərbaycanın adını yalnız qara siyahılara yazmağı bacardılar.
Millətin başını dik tutmasını təmin etmək gərək.
Yeni Azərbaycanlılar bu millətin başını aşağı etdi.
Azərbaycanı rüşvətdən, korrupsiyadan, yaltaqlıqdan, saxtakarlıqdan xilas etmək gərək.
Yeni Azərbaycanlılar bu eybəcərlikləri çiçəkləndirdi.
Bu millətin adını özünə qaytarmaq gərək.
Yeni Azərbaycanlılar bir millətin adını dəyişdilər.
Bu milləti qürurlu yaşatmaq gərək.
Yeni Azərbaycanlılar millətin qürurunu aşağıladı.
Bu millətin QORXUdan qurtulması gərək.
Yeni Azərbaycanlılar ölkəyə QORXU toxumu səpdi.
Sübuta ehtiyac yox ki…
Vətənin 20 faizi işğalda qalmaqda davam edir.
Təkcə bu reallıq rejimin getməsini zəruri edir.
Bir iqtidar ki:
– Azərbaycanın bütövlüyünü təmin edə bilmir;
– Rüşvət və korrupsiyanın qarşısını almaqda acizdir;
– Köklü islahatlar aparmağı bacarmır;
– Yaltaqlığı və məddahlığı, saxtakarlığı və riyakarlığı epidemiya kimi yayır;
– Azad fikrə, müxalif düşüncəyə, hürriyyətə düşmən münasibəti sərgiləyir;
– Dubinka gücünə QORXU IMPERATORLUĞU yaratmaq eşqindədir;
Onun getməsi lazım.
Belə iqtidarın tarixin arxivinə gömülməsi lazım.
Dünya bu gün Hüsnü Mübarək, Bin Əli, Qəzzafi, Bəşər Əsəd iqtidarının etdiklərindən təəccüblənib.
Ərəblər dizinə döyürlər.
Ilham Əliyev iqtidarının əməlləri açıqlananda təəccüb birəbeş artacaq.
Tayfa üzvlərinin, yüksək vəzifə sahiblərinin Azərbaycanı necə talan etdikləri elan olunanda hamı mat qalacaq.
Və millət dizinə nədir, başına da əl qoyacaq.
Bu rejimin sonu yaxınlaşır.
Və bu sonun başlanğıcı aprelin 2-dən başlayacaq.
Gözlər aprelin 2-nə dikilib.
Iqtidar da, müxalifət də aprelin 2-ni gözləyir.
Gənclər də, ziyalılar da, qocalar da, aclar da, harınlar da aprelin 2-ni gözləyir.
Sivil Qərb də, cinayətkar Rusiya da, molla Iran da aprelin 2-ni gözləyir.
Hamı aprelin 2-ni gözləyir.
O gün Müasir Azərbaycan doğulacaq.

2 aprel. Müasir Azərbaycanın doğum günü
•