AXCP və Müsavatın Xəzər rayon nümayəndələri polisə çağırılıb
Martın 29-da AXCP-nin Xəzər rayon təşkilatının məclisi keçirilib. Toplantıda partiyanın Ali Məclisinin sədri Həsən Kərimov da iştirak edib. Partiyanın Xəzər rayon təşkilatında 31 mart soyqırım günü ilə bağlı tədbirlər, aprelin 2-də keçiriləcək mitinqlə əlaqədar müzakirələr aparılıb. Rayon məclisinə Ədalət Abbasov sədr seçilib.
Bu barədə qəzetimizə AXCP Xəzər rayon təşkilatının sədri Hacı Əmrulla Dadaşzadə məlumat verib. O, həmçinin bildirib ki, 2 aprel mitinqi ilə əlaqədar Müsavat partiyasının Xəzər təşkilatının fəalı Niyazi Nəsirli polis idarəsinə aparılıb. Bir neçə saatlıq sorğu-sualdan sonra o, sərbəst buraxılıb. Hacı Əmrulla Dadaşzadə bildirib ki, onun özünü də bir neçə gündür polisə çağırırlar.
Elmin Həsənli