Tanrım, nəymiş bu Əli Kərimli?

“Trend” informasiya agentliyi hakimiyyətin nəzarətində olan bir qurumdur. Agentliyin rəhbəri xüsusi xidmət orqanının keçmiş işçisidir – o, bunu heç gizlətmir də. Xüsusi xidmət orqanı haqda həmişə belə eşitmişəm ki, oradakılar polis-prokurora tay deyillər – istedadlıdılar, 5-10 kitab oxuyublar. Hətta onların vətənsevər olduğunu da eşitmişəm, nə gizlədim.

Aha, indi papağımızı qarşımıza qoyub düşünək, xüsusi xidmət orqanının yetirməsi öz agentliyinin xəbər bülleteninə belə bir informasiya yerləşdirir: “Əli Kərimli ”Əl-Qaidə”nin, “Hizbullah”ın, “Nurçu”ların, daha Allah bilir hansı ekstremist cərəyanların nümayəndələrilə görüş keçirəcək.

Bu “xəbər” sonra hakimiyyət televiziyalarında səsləndi. Çoxları kimi, mən də bu “xəbəri” gülərək yola saldım, ancaq düşündüm də…
Düşündüm ki, aman Allah, bu hakimiyyətin, hətta xüsusi xidmət orqanları bilmir ki, “Əl-Qaidə” ilə “Hizbullah”ı bir toplantıda birləşdirmək buludla torpağı qovuşdurmaqdan da çətindi?..

Şübhə etmirəm ki, Islam dünyasında bu xəbəri ciddiyə alan biri olsa, dərhal Əli Kərimlinin böyüklüyünə səcdə edər. Axı bir-birinə 180 dərəcə zidd olan Islam cərəyanlarını bir çadır altına yığmaq hər oğulun işi deyil…

Tutaq ki, mən özümü debil yerinə qoyub, yüzə-yüz “trend”in doğru yazdığına inandım. O zaman insanın beynində hakimiyyət əleyhinə daha dəhşətli fikirlər yaranmırmı?
“Əl-Qaidə”, “Hizbullah” terrorçu təşkilatlar sayılır. “Trend” də yazır ki, Əli Kərimli onlarla “Tora-Bora” mağarasında yox, şəhərin mərkəzində – ADP-nin qərargahında görüşəcək. Abrınız tökülsün, bəs bu terrorçu yığınını niyə indiyədək bəsləyibsiz? Niyə onları tutmamısınız, yaxud YAP-a yazıb, islah etməmisiniz?
Deyəsən, ingilislər demişdi: bir yalanı ört-basdır etmək üçün 3 yalan uydurmaq lazımdır. Hakimiyyətin də yalanı 1 deyil, 10 deyil. Zavallılar uydurmağa məhkumdular. Yenə sağ olsunlar ki, yalanları şən olur. Gülüb stress ata bilirik.

Haqq bəyan oldu

AXCP sədrinin oğlunun Londonda təhsil alması sanki ayıb işmiş kimi dünən dövlət qəzetində tənqid olunub. Sağ olsun belə məqaləni yazan müəlliflər, xalqı əməlli-başlı ayıldırlar… Bu məqaləyədək biz elə bilirdik ki, əsl ayıb iş milləti 5-10 manata möhtac qoyan prezident Əliyevin övladının Londonda 1 ziyafətə 600 min avro xərcləməsidi…

Təkcə Dubayda 12 yaşlı oğluna 47 milyon dollara villa almasıdır…

General Usubov Fərəhin kitabın oxuyubmu?

Nə qədər qəribə olsa da, Seymur Həzinin oğurlanıb döyülməsi mənə inqilabın yaxınlaşdığını müjdələdi. Xüsusən polis naziri Ramil Usubovun bu olaya verdiyi reaksiya. Yada salaq nə dedi cənab Usubov: “Bunu hansısa üçüncü qüvvə də edə bilər”.
Indi mən soruşuram: cənab nazir, bəs harda qaldı sizlərin fəxrlə “kriminal durum nəzarətdədir” bəyanatlarınız? Unutmusunuzsa, eybi yox, onsuz da sizin kimi, bizlər də buna inanmırdıq.

Mən daha vacib bir detalı xatırlatmaq istəyirəm. 1979-cu il inqilabından sonra devrilən Iran şahının arvadı Fərəhin bir memuarı var, yoldaşlar. Fərəh eynən Ramil müəllimin tövründə yazır ki, hakimiyyətdə elə xaos yaranmışdı biz nəzarəti itirmişdik. SAVAK (Iran gizli polisi) bəzən elə qətllər törədirdi ki, bu bizə (Pəhləvilərə) heç lazım deyildi, əksinə, belə qətllər belimizi qırırdı. SAVAK-a isə elə gəlirdi ki, bu cür rəftarına görə hakimiyyət onlara “sağ ol” deməlidir.

Beləliklə, Seymurun yazıları kimi, qəzası da hakimiyyəti dalana dirəyib. Iki variant var: hakimiyyət ya etiraf etməlidir ki, bu cinayətin memarıdır, ya da “qardaşlar, biz ölkəyə nəzarəti itirmişik, başlı başını saxlasın”. Hansını seçsinlər – bu çox çətindir. Canları çıxaydı, ölkəni belə idarə etməyəydilər ki, sonra da çətin suallar qarşısında boynu bükük durmasınlar.