Ekspertlər hərbi hissədəki qətliamdan sonra baş verən intihar, ölüm və yanğın hadisələrinin araşdırılmasını vacib sayırlar
Bir neçə ay əvvəl Göygöl rayonunun Toğana kəndində yerləşən “N” saylı hərbi hissədə 7 nəfərin ölümü ilə nəticələnən qətliam Şəmkir korpusunun komandiri Çingiz Şəfiyevin vəzifəsindən uzaqlaşdırılmasına səbəb oldu. Mətbuatda gedən məlumatlara görə, Ç.Şəfiyevin gedişindən sonra korpusda genişmiqyaslı yoxlamalar başlanılıb. Amma məsələ burasındadır ki, son zamanlar mətbuatda Şəmkir korpusu ilə bağlı müəmmalı xəbərlərlə üzləşirik.
Məsələn, bir müddət əvvəl məhz Şəmkir hərbi birləşməsinin yüksək rütbəli zabiti Azər Hüseynov özünü öldürməyə cəhd edib. Bundan başqa, srağagün həmin korpusa aid Azərbaycan Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabiti yol qəzasına düşüb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov aldıqları xəsarətlər nəticəsində hadisə yerində ölüblər.
Və martın 23-də məhz Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrindən birində güclü yanğın olub. Hadisə Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən hərbi hissəsində qeydə alınıb. Məlumatlara görə, əsgərlər generatoru işə salmaq istəyərkən yanğın baş verib, nəticədə sığınacaq, odlu silah və döyüş sursatı yanıb. Həmçinin 6 əsgər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Əlbəttə, biz mətbuatda gedən məlumatları təhlil edərkən şübhə toxumu yaymaq istəmirik. Amma eyni korpusla bağlı qısa müddət ərzində müəmmalı xəbərlərin yayılması bir sıra suallar yaratmamış deyil. Belə ki, bəzi ekspertlərin fikrincə, Şəmkir korpusu ətrafında baş verənlər oradakı araşdırmalar nəticəsində meydana çıxa biləcək bəzi faktları ört-basdır etməyə xidmət edə bilər.
Hərbçi ekspert Üzeyir Cəfərovun fikrincə, orduda baş verən istənilən hadisə barədə ictimaiyyətə dolğun və ətraflı informasiyanın verilməməsi sonda müxtəlif şübhələrin yaranmasına səbəb olur. Halbuki şübhələrin getdikcə vüsət alıb şayiəyə çevrilməməsinin qarşısını asanlıqla almaq olar: “Şəmkir hərbi birləşməsi ən ağır və mühüm mövqedə yerləşən korpusdur. Ona görə də burada baş verən olaylar barədə ictimaiyyətə heç bir məlumatın verilməməsi yolverilməzdir. Düzdür, Azər Hüseynovun intiharı, iki zabitin avtomobil qəzasında həlak olması ayrı-ayrı hadisələrdir. Və düşünmürəm ki, məqsədyönlü şəkildə təşkil olunub. Amma hər bir halda bu hadisələr arasındakı əlaqənin olub-olmadığı araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir”.
Şəmkir korpusunun rəhbərliyi dəyişildikdən sonra yaxşılığa doğru müəyyən addımların atılmasına baxmayaraq, ümumilikdə neqativ halların hələ də qalmaqda olduğunu deyən Ü.Cəfərov qeyd etdi ki, buradakı problemlərin həlli ilə bir sıra strukturlar, xüsusilə Nazirlər Kabineti ciddi məşğul olmalıdır.
Hüquqşünas Əyyub Kərimov da bizimlə o fikri bölüşdü ki, baş vermiş cinayət faktı ətrafındakı digər olayların diqqətdən qaçırılması professionallıqdan uzaq anlayışdır: “Əgər cinayət hadisəsi varsa, onun ətrafındakı xırda və iri detallar istiqamətində də zəruri araşdırmalar aparmaq lazımdır. Müəyyənləşməlidir ki, əsas cinayətdən sonra onun ətrafında baş verən olaylar təsadüf, yoxsa zərurətdən qaynaqlanır. Çünki ola bilər ki, bəzi məlumatların gizlədilməsinə çalışıldığından əlavə cinayət hadisələri baş verir”.
Xəyal