Mübarək Azərbaycandakı postunda qalır

Misirdə isə o, ev dustağıdır

Diktatorun heykəli Xırdalanda hələ də mühafizə altındadır

Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin Xırdalandakı heykəli polisin nəzarətindədir. Mübarəkin özü isə Misirdə ev dustağı edilib. 
Misirdə etiraz aksiyaları başlayandan sonra, fevral ayında Mübarəkin Xırdalan şəhərindəki heykəlinin qabağında bir qrup gənc aksiya keçirib heykəli fitə basıblar. Polis aksiyadan gec xəbər tutduğundan gəncləri saxlaya bilməyib. Bundan sonra heykəlin yerləşdiyi “Azərbaycan-Misir dostluq parkı”nın ətrafında bir neçə polis maşını gecə-gündüz keşik çəkməyə başlayıb. Parka heç kəsi buraxmırlar.
Ötən gün parka baş çəkdik. Heykəlin mühafizəsində xırda dəyişiklik ediblər. Mühafizəçi polislər artıq polis maşınlarında deyil, mülki maşınlarda otururlar. Hələ də park insanların istirahəti üçün qapalıdır.
Ərəb diktatorunun heykəli Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşir. Qalubiyyə Misirin şəhəridir, bu şəhər Xırdalanla “qardaşlaşıb”. Qalubiyyə şəhərində küçələrin birinə “Abşeron” adı verilib. “Abşeron” küçəsindəÿ “Azərbaycan” parkı salınıb və Heydər Əliyevin heykəli ucaldılıb. Xırdalanda həmçinin orta məktəblərdən birinə Misirin keçmiş “first lady”si Suzan Mübarəkin adı verilib.
Görünür, Azərbaycan hakimiyyəti keçmiş diktatorun heykəli ilə necə davranacağını hələ də müəyyənləşdirməyib.

Elmin Həsənli