Rahim Hacıyev: «Bu, iki ölkə arasında münasibətlərin pis olmasının göstəricisidir»
Elxan Şahinoğlu: «Iran elə kombinasiya qurdu ki, Ilham Əliyev öz xoşuyla tədbirə qatılmaqdan vaz keçsin»
Iran prezidenti Mahmud Əhmədinejat Novruz bayramı münasibətilə qonşu ölkələrin prezidentlərini, eləcə də Azərbaycanın dövlət başçısı Ilham Əliyevi ölkəsinə dəvət etmişdi. Lakin I.Əliyev bu səfərə getməkdən imtina etdi. Qeyd edək ki, bayram mərasimi ilə yanaşı martın 27-28-də Tehranda dövlət başçılarının sammiti də keçirilib. Azərbaycan isə tədbirdə baş nazirin müavini Elçin Əfəndiyevlə təmsil olunub. Maraqlıdır, Ilham Əliyevin bu səfərə getməkdən imtina etməsi iki ölkə arasında münasibətlərin pis olması ilə bağlıdır, yoxsa başqa səbəblər də var?
Siyasi ekspert Rahim Hacıyev əvvəlcə onu bildirdi ki, Əhmədinejat belə bir mərasimi təşkil etməklə özünü regionda əhəmiyyətli dövlət kimi təqdim etməyə çalışır: “Iranın beynəlxalq aləmdə mövqeyinin zəifləməsi göz qabağındadır. Iran hökuməti belə bir tədbir keçirməklə regional müstəvidə özünün əhəmiyyətli ölkə olduğunu nəzərə çatdırmaq istəyib. Bu əlbəttə ki, əsaslı addım deyil. Regionda böyük dəyişikliklər baş verir. Və belə cəhdlər heç nəyi dəyişə bilməz”.
Əliyev Sərkisyanla qarşılaşmaq istəmədi?
I.Əliyevin Irana getməməsinə gəlincə, R.Hacıyev bunu demarş adlandırır: “Sərkisyanın o tədbirə dəvət edilməsi Ilham Əliyevi bu səfərdə iştirak etməməyə məcbur edib. Məsələ burasındadır ki, Ermənistanın Novruz bayramına heç bir aidiyyəti yoxdur. Sadəcə Iranla Ermənistan arasında münasibətlər çox yaxşı olduğundan Sərkisyan ora dəvət olunub. Bu, bir daha Iran dövlətinin Azərbaycana pis münasibətinin göstəricisidir. Iran saymazyana münasibət göstərib. Amma buna görə ilk növbədə Azərbaycan hakimiyyətini günahlandırmaq lazımdır. Irana qarşı heç vaxt qətiyyətli, prinsipial mövqe nümayiş etdirməyiblər. Iran da özünə rəva bilib Sərkisyanı Novruz mərasiminə dəvət edib. Ilham Əliyevin də ora getməməkdən başqa yolu qalmayıb”.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bunun əsas səbəbi Tehrandakı tədbirə Ermənistan prezidenti Serj Sərkisyanın dəvət edilməsidir: “Sərkisyan Tehranda Novruz bayramına dəvət edilən yeganə qeyri-müsəlman ölkənin prezidentidir. Ilham Əliyevdən fərqli olaraq Sərkisyan Tehrana gedəcəyini bir neçə gün öncədən elan etmişdi. Rəsmi Bakı isə tədbirə Baş nazirin müavini Elçin Əfəndiyevi göndərib. Bu, Tehrana gedəcək nümayəndə heyətləri içərisində ən aşağı rütbəli heyət sayılır. Görünür, Ilham Əliyev Tehranda erməni həmkarı ilə üz-üzə gəlmək istəmir. Bir var Moskvanın vasitəçiliyi ilə keçirilən görüş və danışıqlar, o cümlədən beynəlxalq tədbirlərdəki təmaslar, bir də var Novruz bayramında bir-biri ilə müharibə şəraitində olan iki dövlət başçısının bir yerdə gülüb-şənlənməsi. Sərkisyan Tehrana dəvət edilməsəydi, Əliyev böyük ehtimalla Irana yollanardı. Hər halda, oradakılar elə kombinasiya qurublar ki, Ilham Əliyev öz xoşuyla Irandakı tədbirə qatılmaqdan vaz keçsin. Çünki keçən ilin martında da Tehranda Novruz sammiti keçirilmiş və mərasimdə Azərbaycan, Əfqanıstan, Iran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyə rəhbərləri iştirak etmişdilər. Ermənistan prezidenti isə tədbirə dəvət olunmamışdı. Tehran bu il Sarkisyanı siyahıya əlavə edib və bu, səbəbsiz deyil”.
“İran Azərbaycana qarşı Ermənistan kartını gücləndirir”
E.Şahinoğlunun fikrincə, Tehran Azərbaycana qarşı Ermənistan kartını gücləndirməkdə davam edir: “Iran-Azərbaycan münasibətlərində Ermənistan amili ağırlığını qoruyur. Tehranın təkliflərini Bakı qulaqardına vurur, Bakının təkliflərini isə Tehran qəbul etmir. Tehran Bakıya ”Vizanı qaldırın” – deyir, Azərbaycan hakimiyyəti müsbət cavab vermir. Bakı Tehrana “Xəzərin statusunu qısa zamanda həll edək” – deyir, bu dəfə də Iran hakimiyyəti dirənir”.
E.Şahinoğlunun sözlərinə görə, Azərbaycan hakimiyyətinin ən zəif nöqtələrindən biri də Irana konseptual baxışın olmamasıdır: “Qonşular içərisində Azərbaycana təhlükə mənbələrindən biri Tehran rejiminin siyasəti sayılsa da, ölkəmizdə Iranın daxili durumunu və siyasətini peşəkar səviyyədə tədqiq edən mərkəz yoxdur. Iran hakimiyyəti Azərbaycana qarşı siyasətini planlı şəkildə həyata keçirir. ”Səhər” televiziya kanalının yayımı, Xəzərin statusunun uzadılması, Ermənistanla qurulan geniş siyasi və iqtisadi əlaqələr bu siyasətin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin Iranla bağlı planlı siyasətindən danışmaq isə çətindir”.
Gültəkin