Sovet dönəmində şəhər, rayon, qəsəbə və kənd mərkəzlərini Vladimir Iliç Leninin heykəli bəzəyirdi. Büstlərinin isə sayı-hesabı yox idi.
Kommunist Partiyasının Mərkəzi Komitəsinin bu barədə xüsusi qərarı var idi.
Əsas meydanlar, mərkəzi küçələr və prospektlər Leninin adını daşımalı idi.
1991-ci ildə Sovetlər Ittifaqı tarixin arxivinə gömüldükdən sonra “dahi rəhbər”in büstləri, heykəlləri, portretləri, kitabları dəyərdən düşdü.
Heykəllərinin boynuna zəncir salıb yıxdılar, büstlərini dağıtdılar, portretlərinə və kitablarına da od vurub yandırdılar.
Bu gün Azərbaycanı ələk-vələk etsən, o kişinin heykəli nədir, bir büstünə də rast gəlməzsən.
Bəlkə kitablarından sağ qalanı olar.
O da yəqin ki, kitabxanalarda.
71 ildən bir az artıq Azərbaycan xalqı Leninə “baba” dedi.
1991-ci ildə – Kommunist Partiyası özünü buraxanda yarım milyondan artıq soydaşımız bu partiyanın üzvü idi.
Indi o “baba”nın bir kommunisti də gözə dəymir.
Demirəm, hamısı qırılıb, sadəcə, onları saya salan olmadığından görünmürlər…
3 aydan sonra Əliyevlərin hakimiyyəti zəbt etməsinin 18 ili tamam olur.
Bu 18 ilin 10 ilini ata Əliyev padşahlıq edib Azərbaycana.
8 ildir ki, Azərbaycanın hökmdarı oğul Əliyevdir.
Digər işləri bir tərəfə, oğul Əliyevin atasına olan sədaqəti, xatirəsinə hörmət-izzəti çox ilgincdir.
Hər kəsə bəllidir ki, 2003-cü ildə hakimiyyət varisə qismət olmasaydı, bu gün Azərbaycanda “ellər atası”nı dünyaya gəldiyi və dünyasını dəyişdiyi günlərdə yada salacaqdılar.
Onu da bir ovuc şahsevən və heydərpərəstlər edəcəkdi.
Mərhum Heydər Əliyevin özü bir dəfə dilə gətirmişdi ki, sovet dönəmində neçə il Azərbaycanın rəhbəri oldu, fəqət pensiyaya çıxdıqdan sonra hamı ondan üz döndərmişdi.
Bu “üzdöndərmədən” oğul Əliyevin də xəbəri var idi və elə o səbəbdən də hakimiyyətə keçən kimi Azərbaycanın insan yaşayan məkanlarında atasının heykəllərini qoymağa qərar verdi.
Sanki xalqın bir dəfə etdiyi xətanı təkrarlamaması üçün Ilham Əliyev atasının heykəlləri, büstləri, portretləri ilə bəzəyir Azərbaycanı.
Heykəllər həm də idarəetməni asanlaşdırır.
Görəv sahiblərinin hər birinin içində Əliyev qorxusu bu gün də var axı.
Bir məmur danişıb.
Deyir, mərhumun ili çıxan günü kabinetdə oturub onun divardakı şəklinə baxırdım. Ürəyimdən keçənləri dilimə gətirirdim. Birdən mənə elə gəldi ki, şəkil üstümə yeriyir. Ayağa qalxıb kabinetdən çıxdım.
O heykəllərin, büstlərin və şəkillərin hər biri xüsusən, orta yaşlı və yaşlı məmurlarda qorxu assosiasiyası yaradır.
Səmimi olanda özləri də etiraf edirlər.
Qorxu da ki, deqradasiyanın əsas əlamətlərindən biridir.
Qoyulan heykəllərə, büstlərə, nəhəng portretlərə, şəkillərə, döş nişanlarına, kitablara dövlət nə qədər xərc çəkir?
Bunu özlərini yekə-yekə “millət vəkili” adlandıranlardan soruşuram.
Möhtərəm şeyximiz Allahşükür Paşazadəyə də bir sualım olacaq.
Həşəmətli şeyx, hər addımda ucaldılan bu heykəllərə Qafqaz Müsəlmanlar Idarəsinin və onun Qazilər Şurasının münasibəti necədir?
Bir sual da dəyərli oxuculara ünvanlayıram.
Bu heykəllərin aqibəti necə olacaq?
Leninin, Stalinin, Mussolininin, Hitlerin, Səddam Hüseynin, Titonun, Ənvər Xocanın, Çauşeskunun, Mübarəkin və digərlərinin heykəllərinin aqibətini yadınıza salın.
Bir YAPçı tanışım israr edir ki, “ulu öndər”in heykəlləri də Atatürkün heykəlləri kimi əbədi yaşayacaq…
Atatürk silaha sarılıb az qala bütün Avropa ilə savaşa girdi və Türkiyənin məhvinin qarşısını aldı.
“Ulu öndər” 10 il Azərbaycana padşahlıq etdi. 10 metr torpağı azad etməyi bir yana, hakimiyyəti dönəmində 5 rayonumuz erməni işğalına keçdi.
YAPçı tanışım sadəcə, bu həqiqəti dərk etmək qabiliyyətində deyil.
Digər yapsevərlər kimi…

“Ulu öndər”in heykəlləri
•