Türkiyə ŞEHITleri, Azərbaycan ŞƏHIDləri

“Azadlıq” qəzetində hörmətli Səadət xanımın “Çanaqqala içində aynalı çarşı” dəyərli köşə yazısına Vüqar adlı oxucunun yazdığı şərhə cavab olaraq deyə bilərəm ki, bəli, zaman uzandıqca, Çanaqqala savaşı ilə bağlı əfsanələr çoxalır. Amma əfsanələr şəhidlərin sayına görə deyil, şəhidlərə verilən dəyərə görə dildən-dilə düşür.

Çanaqqala savaşından əfsanəyə çevrilən hadisələr çoxdur. Onlardan biri isə 300 ingilis əsgərini müqəddəs ruhların dumanda azdırmasıdır. Hətta RUHları da savaşa atılan bir ölkədə, əlbəttə, “Çanakkale geçilmez” olacaqdı. Təzəlikcə, Çanaqqala içindəki məşhur “Aynalı Çarşı”dan övladlarıma, dostlarına hədiyyələr aldım. “Aynalı Çarşı”dakı hər hədiyyə türkün  Zəfər Savaşının – Şəhidlik Zirvəsinin bir parçasıdır. Uşaqlar boyunlarından mehmetçiklərin son nəfəslərində də əllərində tutduqları “tüfəngi”, əzizlədikləri son “kurşunu”, Atatürkün “imzası”nı asanda sevinclərindən qanadlanıb uçmaq istəyirdilər. Balacaların hamısına hədiyyə çatmadığı üçün ağlayanlar da vardı. Neyləsinlər, ölkəmizdəki mənasız hədiyyələr, ləyaqətsiz imzalar rəzalətdən başqa bir şey deyil. Bunu balacalar daha yaxşı anlayır. Bakını gəzəndə inanmaq olmur ki, bu ölkədə 20

Yanvar faciəsi, Xocalı soyqırımı törədilib, Qarabağ işğal olunub.

Bu yaxınlarda  “Zabitlər bağı”nın dizaynı yeniləndi: hökumət bağdakı topu-pulemyotu əridib, qaz-ördək, qoyun-keçi, fəvvarə düzəltdi. Zatən, hərə ağlına uyğun, özünə bənzəyən park salır, ölkə qurur. Martın 18-də Çanaqqala Zəfər Savaşının 96 ili tamam oldu. Artıq 96 ildir ki, Türkiyə vətəndaşları qürurla “Çanakkale geçilmez, Türk ordusu yenilmez!” deyir. Əcəba, nədən “Qarabağ keçilməz!” müqəddəs, şərəfli bir sözü demək Azərbaycan xalqına qismət olmadı? Axı Qarabağ uğrunda şəhid olan övladlarımız, keçilməz, əyilməz, azad Vətən qurmaq uğrunda qurban getdilər və hələ də gedirlər. KEÇILƏN-KIÇILƏN Qarabağ 22 ildir anaları oğulsuz, bacıları qardaşsız, ailələri başsız qoyur. 22 il öncə Qarabağ savaşında şəhid olan ataların bu gün oğulları sərhəddə şəhid olur, rəhbərlərsə xizək sürə-sürə “sülh danışıqları” ilə məşğuldur. Fırıldaqçı mollalar çətinə düşəndə Qurani-Kərimi qucaqlayıb, saxtakarlıqlarını ört-basdır etdikləri kimi, bişərəf məmurlar da xalqın qəzəbindən qorunmaq üçün “Qarabağ danışıqları”na “bürünüb” kef edirlər. Internetdə Qarabağla bağlı axtarış edəndə, məğlub futbolçuların, yaltaq şairlərin şəkilləri gözə girir. Axı onların Qarabağa nə aidiyyəti var?
Heydər Əliyevin miras qoyduğu vəsiyyətə xalqımız əməl edir: prezident oğlu prezident, cəllad oğlu cəllad, şair oğlu şair… və şəhid oğlu şəhid olur. Google-də “Şehitler” yazanda qarşında TÜRKÜN ŞƏRƏF TARIXI açılır, “Şəhidlər” yazanda isə Ilham Əliyevin Şəhidlər Xiyabanında çəkdirdiyi şəkillər gəlir: hər yeri zəbt edən, viran qoyan “Ə” virusu interneti də məhv edib. “Şehitler”ə aid bütün səhifələrdə isə Vətən, qəhrəmanlıq, şəhidlik haqqında nəğmələrin, cizgi, sənədli və bədii filmlərin gözəlliyinə, rəngarəngliyinə heyran olursan. Bu şərəfsiz hakimiyyət üzündən, ölkə xaricindəki dirilərə də, ölülərə də qibtə edirik. Türkiyənin şanlı tarixini təkcə internetdən deyil, daha yaxından görmək mənə dəfələrlə qismət olub: Çanaqqaladan Geliboluya gedən yollarda adamlar ev-eşiklərini, həyət-bacalarını tarix muzeyinə çeviriblər: bəlkə də yatıb-durmaq üçün belə yerləri qalmayan insanlar min bir əziyyətlə yığıb-topladıqları  savaş əşyalarını göz bəbəyi kimi qoruyur, hər biri haqqında böyük sevgi ilə danışırlar. Onlar, Şəhidliyə gedən ziyarətçiləri həyəcanlandırıb heyrətləndirməkdən zövq alırlar, qürur duyurlar. Azərbaycanda isə şəhid olan Vətən Oğullarına yalnız “Xəbərlər” proqramında başsağlığı verməklə hamı işini bitmiş sayır.

Bu ölkədə ŞƏHID kimi dəfn olunmaq da bəxtə-bəxtdir: parlament, prezident seçkiləri ərəfəsində şəhid olanlara “milli qəhrəman”, hakimiyyətə lazım olmayan günlərdə şəhid olanlara isə “intihar etdi”, “başından güllə dəydi” adı verilir. Cənablar, yurda, torpağa, şəhidə dəyər verməyi öyrənmək üçün, lütfən, Türkiyə qanunlarından, vətəndaşlarından nümunə götürün və utanıb yerə girin. Mən utancımdan çoxdan yerin altındayam, bu yazını da ordan yazdım, 200 manata məzar yeri verilən şəhid Elnur Məmmədovun yatdığı torpağın altından…