Nazir, Seymur Həziyevi döyənlərin tapılacağına söz verdi
İstintaqın şəffaflığını izləmək üçün ictimai qrup da yaradıldı
Dünən ATƏT rəsmisi «Azadlıq»da oldu
Daxili işlər naziri Ramil Usubov martın 26-da oğurlanaraq fiziki təzyiqə məruz qalan “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin işi ilə bağlı dünən Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev və Media Haqları Institutunun direktoru Rəşid Hacılını qəbul edib. Təxminən bir saat davam edən görüşdə DIN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov və Təhqiqat və Istintaq Idarəsinin rəisi Sərvər Mehrəliyev də iştirak edib.
Görüş barədə məlumat verən R.Hacılı bildirib ki, R.Usubov Seymur Həziyevin oğurlanaraq döyülməsi faktından narahatlığını bildirib və cinayətin tez bir zamanda obyektiv araşdırılacağını vəd edib: “Nazir bildirdi ki, o, işin ətraflı araşdırılmasının tərəfdarıdır. Elə oradaca lazımi göstərişlərini verdi. Və əlavə tədbirlərin görüləcəyini söylədi. Ramil Usubov onu da dedi ki, işin şəffaf, obyektiv araşdırılması və ictimaiyyətə məlumatların çatdırılması baxımından prosesdə ictimaiyyət nümayəndələrinin də iştirakı arzuolunandır. Bu məqsədlə ictimai qrup yaradılmasına və qrupda Əflatun Amaşov, Mehman Əliyev və mənim təmsil olunmağıma qərar verildi”.
Mətbuat Şurasının sədri S.Həziyevlə bağlı Abşeron Rayon Polis Idarəsinə da müraciət edib: “Abşeron Rayon Polis Idarəsinin rəisi Namiq Ismayılovla söhbət etdim. Daxili Işlər Nazirliyi bu işin araşdırılmasında maraqlıdır. Hesab edirlər ki, baş verənlər ictimai təhlükəsizliyə qorxu törədir”. Dünən ATƏT nümayəndələri də “Azadlıq” qəzetinə gələrək S.Həziyevin işi ilə maraqlanıblar. Qurumun Bakı ofisinin Demokratikləşmə Şöbəsinin rəhbəri Jaklin Karpenter jurnalistlə və baş redaktor Qənimət Zahidlə ətraflı söhbət aparıb. S.Həziyev ATƏT-in nümayəndəsinə hadisə haqqında və bu günə qədər peşə fəaliyyəti ilə bağlı üzləşdiyi zorakılıqlar barədə məlumat verib. Jurnalist ona qarşı qanundan kənar, zorakı hərəkətləri hakimiyyətə qarşı sərt mövqeli yazıları ilə əlaqələndirib.
Seymur Həziyevə qarşı həyata keçirilmiş zorakılıqla bağlı martın 29-da “Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun” adlı ictimai forumun keçirilməsinə də qərar verilib.
Forumda azad mediaya təzyiqlərin, tənqidə kobud üsullara reaksiya verilməsi kimi qanunsuz halların dayandırılması tələbləri irəli sürüləcək.
Bugünə qədər heç bir hüquq mühafizə orqanının onunla əlaqə saxlamadığını deyən S.Həziyev polis orqanlarına müraciət etməyəcəyini, döyülmə faktı üzrə hüquqi müdafiə işini Media Hüququ Institutunun reallaşdıracağını bildirib: “Daxili Işlər Nazirliyinin sözçüsü mətbuata açıqlamasında bildirib ki, hadisə ilə bağlı mənim özüm müraciət etməliyəmmiş. Başa düşə bilmirəm, əgər mən oğurlanaraq, telefonlarım əlimdən alınaraq işgəncəyə məruz qalıramsa, nazirliyin 102 xidmətinə necə zəng vura bilərdim? Mənim fərdi qaydada heç bir yerə müraciət etmək fikrim yoxdur. Media Hüququ Institutu aidiyyəti qurumlara müraciət edəcək, hüquqi müdafiəmlə məşğul olacaq. Cinayət Prosessual Məcəlləyə görə, döyülmə faktı ilə əlaqədar məlumat yayıldığı gündən Respublika Prokurorluğu iş üzrə araşdırmaya başlamalıdır. Amma hələ ki, hüquq mühafizə orqanları tərəfindən heç bir müraciət gəlməyib”. Əməkdaşımız Ombudsman Aparatının hadisəyə laqeydliyindən də gileylənib: “Bu ölkədə Ombudsman Aparatında qəzet oxuyan yoxdur? Ombudsman Aparatı mənim döyülməyimlə bağlı bu günə kimi heç bir hərəkət etməyib”.
Xatırladaq ki, S.Həziyev martın 26-na keçən gecə oğurlanaraq döyülüb. Jurnalistə fiziki təzyiq göstərən şəxslər onun iki mobil telefonunu və şəxsi kompüterinin bazasını götürüblər, çantasını yoxlayıblar: “Döyə-döyə deyirdilər ki, ağıllı ol, camaat necə yaşayırsa, sən də elə yaşa”. Zorakılıq faktının “Azadlıq” qəzetindəki tənqidi yazılarla bağlı olduğunu deyən S.Həziyev bildirir ki, oğurlayıb döyməklə müstəqil jurnalistlərin gözünü qorxutmaq, onları yolundan döndərmək olmaz.
Gültəkin