Əmlak komitəsində həbslərə başlanıla bilər

Kərəm Həsənovun da məsuliyyətə cəlb olunacağı gözlənilir

Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov “antikorrupsiya şous”unun qurbanına çevrilə bilər. Komitə sədri şou başlayan gündən özünü qorumağa çalışsa da, “yuxarılar”da artıq onun vaxtının yetişməsi qənaəti yaranıb. Görünür, elə buna görə də Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlı daha çox şikayətlərin daxil olması faktını ictimaiyyətə açıqlayıb. O, jurnalistlərlə söhbətində bildirib ki, hazırda rəhbərlik etdiyi idarə Kərəm Həsənovdan edilən şikayətləri araşdırır:
“Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən də şikayətlər daxil olub. Biz bu şikayətləri diqqətlə araşdırırıq. Araşdırmaların nəticələrinə uyğun olaraq, addımlar atılacaq”.
Kamran Əliyevin fikirlərindən aydın sezilir ki, Kərəm Həsənovun komitəsi ilə bağlı aparılan araşdırmalar həbslərlə yekunlaşa bilər. Kərəm Həsənovun “vurulması”nda komitə sədrinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə barışmaq cəhdi də səbəb ola bilər. Komitə sədri bir müddət əvvəl sabiq nazirin qardaşlarına minnətçi göndərərək Fərhad Əliyevin həbsində təqsirsiz olduğunu sübut etməyə çalışıb. Kərəm Həsənovun bu addımı “yuxarılar”a da bəlli olub və müsbət qarşılanmayıb.

İnformasiya şöbəsi