Polis mayoru «İgidliyə görə» medalını Ramil Usubova göndərdi
Yevlax şəhər sakini, keçmiş polis mayoru Salman Əliyev bu ölkədə sensasion hadisə sayıla biləcək etiraz xarakterli addım atıb. Bu haqda o, daxili işlər naziri Ramil Usubova ünvanladığı məktubda ətraflı yazıb. Surəti “Azadlıq”a təqdim olunan məktubda bildirilir ki, Salman Əliyev 2 qat veterandır. O, 2 il Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edib. Bundan başqa, o, Qarabağ müharibəsi veteranıdır.
1991-1992-ci illərdə Xocavənd rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştitak edib. 4 azyaşlı uşağı olan Mustafayev sonralar Naxçıvan MR Daxili Işlər Nazirliyində baş əməliyyat müvəkkili kimi çalışıb. 30 iyun 2002-ci ildə dövlət başçısı Heydər Əliyevin fərmanıyla “Igidliyə görə” medalı ilə təltif olunub.
“Hakim ağlaya-ağıla mənə 2 il iş kəsdi”
“Igidliyə görə” medalını alandan bir il sonra Mustafayevin qara günləri başlayıb. O yazır ki, prinsipial fəaliyyətinə mane olmaq üçün 2003-cü ilin martında qaynı Elçin Əliyev Muxtar Respublika rəhbərliyinin sifarişi ilə Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, zor tətbiq etmə, hədələmə) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub. Həmin ilin aprelində isə onun özünə qarşı elə bu maddə ilə cinayət işi qaldırılıb: “Hakim mənə qarşı haqsızlıq və qanunsuzluqları etiraf edərək, göz yaşı tökə-tökə mənə 2 il həbs cəzası verdi. O dedi ki, məni cəzalandırmasa, onun özünü pis günə salacaqlar”.
Naxçıvan dəhşətləri
Keçmiş polis mayoru həbsdə olarkən dəhşətli qeyri-insani rəftara, mənəvi və fiziki işgəncələrə məruz qaldığını iddia edir. Yazır ki, Şərur Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında qışda, çöldə 15 dərəcə şaxta olarkən, o, qızdırılmayan zirzəmidə 4 ay saxlanılıb. Bu müddətdə ona bir dəfə də yuyunmağa, üzünü və saçlarını təmizləməyə imkan verilməyib.
Talan və yalan ölkəni bürüyüb
Ancaq polis mayorunu hiddətləndirən və sensasiya sayıla biləcək addıma qərar verməyə vadar edən təkcə şəxsi faciələri deyil. O yazır: “Ölkədə xalqın sərvəti, büdcə vəsaitləri yağı malı kimi talanır. Sosial ədalətsizlikdən, səfalətdən bezən neçə-neçə insan hər gün özünə qəsd edir. Bunlar bizim bacı-qardaşlarımız deyilmi?
Respublikada korrupsiya və rüşvət tüğyan edir. Xalqımızın bu ağır və dəhşətli günlərində insanların gündəlik tələbatlarını ödəmək üçün ərzaq və sənaye malları idxal edərkən alınan rüşvətlər qiymətlərin şişirdilməsinə səbəb olur.
Məmurlar vətəndaşları adam yerinə qoymur, onları qəbul etmirlər. Onların əməllərinin nəticəsi olaraq, hər gün onlarla insan dərd əlindən kəskin infakt və insultdan vəfat edir.
Hər yerdə analoqu olmayan özbaşınalıq, şər, dərəbəylik, allahsızlıq hökm sürür. Dövlətçilik prinsipi ayaqlar altındadır”.
Al, bu da sənin medalın!..
Və nəhayət… “Sadalananlara etiraz əlaməti kimi, bu hakimiyyətin, bugünkü iqtidarın qurucusu Heydər Əliyevin imzası ilə verilmiş ”Igidliyə görə” medalından və bu medalın vəsiqəsindən imtina edirəm”.
Medal da, vəsiqə də zərfə qoyularaq Daxili Işlər Nazirliyinə göndərilib.
Natiq