Hakimiyyətin istifadə müddəti ötmüş təbliğatı

Ərəb inqilablarından sonra mənəvi boşluğa düşən hakimiyyətin siyasi müdafiə taktikası gülüş yaradan bir mərhələyə qədəm qoyub. Təlaş və əsassızlıq iqtidar təbliğatçılarını çətin vəziyyətə salıb. 15 ildən çoxdur 1 illik AXCP-Müsavat hakimiyyəti dövründəki problemlərdən danışan bu adamlar indi nə desinlər?
Dünyanın başqa tərəfində ayağa qalxan xalqlar Əliyevlər rejiminin bənzəri olan hakimiyyətləri qəzəb və nifrətlə ölkələrindən qovurlar. Belə rejimlər biabırçılıqla tarixin arxivinə yola salınır. Onların eynisi olan bizim iqtidarın sözü bitir bu halda. Bu halda “yumurta islahatı” ortaya çıxır və xalqın ikrah mövzusuna çevrilir. Bu halda yalançı antikorrupsiya mübarizəsi haqda çağırışlar səslənir və belə rəsmi etiraflar iqtidar təbliğatını tamam müdafiəsiz qoyur. Söz tapmayanda Gülər Əhmədova “inqilabı Ilham Əliyev edəcək” kimi çaşqın fikirlər söyləyir.  Aydınca görünür ki, Fazil Mustafanı, Etibar Hüseynovu, Aynur Camalqızını müdafiə qələminə sarıyan hakimiyyət artıq sözsüz qalıb. Heç nə alınmır.

Axı nə deyəsən?

1993-dən bu yana ölkəni başına bürüyən korrupsiya niyə indi yada düşüb?
Azərbaycanda da xalqa qarşı saymazlığın, ədalətsizliyin günahkarı Hüsnü Mübarək deyil ki?
Hakim komandada bu varlanma haradandır? Hakim ailə və ali məmurlar bu qədər sərvəti necə qazanıb?

Ölkəni müxalifətmi talan edir?

Cavabı öncədən bəlli olan o qədər sual var ki, onlara qarşı heç bir təbliğatın kəsəri qalmır. Indiyədək hakimiyyətin əbədiliyi haqda yaradılmış təsəvvürlər hakim komandaya inam verirdi,  indi o inam da yoxdur. Indiyədək müxalifətin zorla zəiflədilməsi onları rahat  salırdı, indi bu da mümkün deyil. Çünki müxalifətsiz də xalqların ayağa qalxa bildiyi ortadadır.

“Uğurlu xarici siyasət” kəlməsini də demək olmur artıq. Ermənistanı silahlandıran Rusiyadan başqa kimsə bu hakimiyyəti qəbul etmir. Sarsılmaz mənəvi bağlılığımız olan, ən böyük müttəfiqimiz sayılan Türkiyəni də ələ saldılar. Bütün dünyada Azərbaycandakı diktaturadan danışılır, bütün dünya həqiqətləri bilir.

Nəhayət, bu hakimiyyət Qəzzafinin son arqumentinə əl atıb. Qəzzafi ayağa qalxmış xalqı dini ekstremistlər və “Əl-Qaidə” tərəfdarları kimi qələmə verir. Bizim iqtidar da çaşıb bu üsula əl atıb. Dünən iqtidar TV-ləri (zatən iqtidarın olmayanı yoxdur), ümumilikdə hakimiyyət mediası 2 aprel mitinqlərini gözdən salmaq üçün guya Əli Kərimlinin mitinqdən öncə dini-ekstremist  qüvvələrlə görüşdüyünü təbliğ edir. Təbii ki, belə əks-təbliğat hakimiyyətin özünü gülüş vəziyyətə salır. Bu  xəbərə inanmaq belə fikir yaradardı ki, artıq dindarlar da siyasi müxalifətlə birdir. Onsuz da cəmiyyətdə dindarların güclü olması haqda çox müzakirələr gedir. Göründüyü kimi, bizim hakimiyyət də ərəb diktaturaları kimi, özünün dünyəviliyi ilə alver etmək istəyir. Amma dindar olmamaq hələ dünyəvi olmaq deyil. Gerçək dünyəvi rejim demokratik olur, xalqı əzmir.
Dünən mandatlı jurnalist Etibar Hüseynovun Müsavat başqanı Isa Qəmbərə və digər müxalifətçilərə qarşı yazdığı məqaləyə internet istifadəçilərinin şərhlərini oxudum. Bir daha əmin oldum ki, hakimiyyətin təbliğatı hakimiyyətin özünə qarşı işləyir.

***

Kommunikasiyalar sosiologiyasında təbliğatın incəliklərinə aid Frenç qanunu var. Bu qanuna görə, təbliğatın  nəticəsi təkcə onun məzmunundan asılı deyil. Onun kim tərəfindən səsləndirilməsi, nə zaman səsləndirilməsi də şərtdir.