Dədəsini də, dəvəsini də Avropaya apardı…

Hələ ərəb inqilabları olmamışdı. Bizim cəmiyyətin lap ümidsiz vaxtları idi. Hətta Azərbaycanın da bir ərəb krallığına dönəcəyini deyib, ümidlə danışanların da ağzından vururdular. Bir az müqavimət göstərəndə razılaşmırdılar ki, müsəlman Şərqindəki xalqlardan heç nə gözləmək olmaz. Bir sözlə, gələcəyə ümidlə baxmaq çətin idi, üstəlik, gələcəyin xoş olacağını demək ikiqat çətin idi. Onda gərək mövcud hakimiyyətin dəyişəcəyini iddia edəydin, buna isə az adam inanırdı. Konstitusiyanın dəyişdirilməsi, yəni bir nəfərin iki dəfədən çox prezident seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması barədə referendum da təzəcə baş tutmuşdu. O ərəfədə iştirak etdiyim müzakirələrin birində mənə irad tutdular:

– Gün-gündən güclənən, pullanan bir rejim necə dəyişəcək? Bu mümkün deyil! Ərəb ölkələri niyə dəyişmir? Elə danışırsan ki, guya biz heç nə qanmırıq.
Ətrafdakılar pərt oldular və bunu mənə qarşı bir kobudluq kimi də anlayan oldu. Həm də yəqin, bəziləri artıq bu fikrə cavabsız qalacağımı düşündülər. Düzü, mənim də elə bir cavabım yox idi. Deməyəcəkdim ki, sən saydığını say, gör fələk ərəb ölkələrində nə sayır. Axı bir-iki il sonra nə baş verəcəyini mən də bilmirdim. Onda mən yalnız sevimli arqumentimi söylədim:

– Bu cür rejimlər adi corabı belə istehsal edə bilmirlər. Onların təməli olmur, onlar məhvə məhkumdur…
Yəqin ki, o zaman bu cavabım oradakıları qane etmədi, mən də bu söhbəti unutdum. Amma bugünlərdə qəzetlərin arxasında oxuduğum bir xəbər həmin müzakirəni yenidən yadıma saldı.

Norveçdə dəvəsiz yaşaya bilməyən ərəb

Norveçdə yaşayan afrikalı Əli Abdullah adlı mühacir dədəsini də ora aparıb, amma təsəlli tapmayıb. O, dəvələrsiz darıxırmış. Nəhayət, Əli Abdullah istəyinə çatıb. O, qışı amansız olan bir ölkəyə dörd dəvə gətirdib. Çünki dəvələrin rahat yaşadığı öz doğma vətəninə heç cür qayıtmaq istəmir. Norveçə gəlməyə cənnətə gəlmək kimi baxır, amma məhz dəvələrin olmaması onu incidirmiş. Indi orada dəvələr də var. Əli Abdullahın sevinci hüdudsuzdur.
Halbuki, həmin dəvələrlə bu şəxs öz ölkəsində bədbəxt, talesiz, rifahsız bir ömür sürür, həyatını təmin edə bilmirdi. Bir yol tapıb Norveçə qaçmışdı. Elə bil dəvələr də Norveçə vurulub, onlar da soyuq və qarlı qışı burada rahat yaşayırlar…

Hər dərdə dərman

Azərbaycanda da özlərinə yaxşı güzəran quranlar var. Xüsusən də korrupsioner rejimin yaratdığı imkanlardan faydalanıb zəhmətsiz varlanan, yaxşı dolanan, babat karyera quranlar bu rejimin varlığında maraqlı ola bilər. Onlar çox azdır, amma onlar da bir şeyi dərk etməlidir ki, bu cür varlanmanın perspektivi yoxdur. Bir ölkə hamı üçün yaşamağa yararlı deyilsə, yararlananlar siyahısında olanlar istənilən an əks siyahıda ola bilər. Hələ mən talesizlikləri demirəm. Polis bölməsində öldürülən Elvin Əsgərov adlı gəncin anası Dairə Seçki Komissiyasının sədri olub. Cəlal Əliyevin şəriki onun qanunsuz himayəsi ilə milyonlar qazanmışdı, axırda əlindən aldılar.
Belə özbaşına cəmiyyətlərdə qəzalar, narkomaniya, SPID, Hepatit və min cür dərd sizi daim izləyir. Bunların hamısı həm də korrupsiyanın bəlalarıdır. Korrupsiya inkişaf etmiş, güvənli, yaxşı səhiyyəsi, təhsili, məhkəməsi olan bir dövlət qurmağa imkan vermir. Bir də baxırsan ki, özün şəkərə, oğlun SPID-ə, qardaşın Hepatitə yoluxub. Sənin varlı olmağın bunların qabağını almağa kömək etmir. Bu dərdlər kasıbı da, varlını da tutur.

Digər tərəfdən, yaltaqlanmaq heç kimə xoş deyil. Yaltaqlanmadan bu ölkədə uğur qazanmağa şans varmı? Bəs kim istəyər ki, onun övladı yaltaqlıqla gələcəyini qursun?! Kimə lazımdır bu rejimlər? Üstəlik, hər dərdə dərman olan azadlığa xor baxan bu rejimlər hökmən iflasa və tənəzzülə getməyə məhkumdur. Onlar keyfiyyətli corab belə istehsal edə bilmir…