Son dövrlər qadınların ictimai-siyasi hadisələrin önündə olmasının vacibliyini vurğulayan çox fikirlərə rast gəlirəm. Ən yaxşı hal odur ki, bunu kişilər daha çox dilə gətirirlər. Demək ki, indiyə qədər qadınları arxa planda tutmaq istəyində olduqlarına görə qınanan kişilər öz düşüncələrindən yavaş-yavaş geri çəkilirlər.
Indi sıra qadınlardadır.
Qadınlar ilk olaraq özlərinin özlərinə olan münasibətini dəyişməli, indiyə qədər əzilməkdən şikayətlənirdilərsə, bundan sonra bunu bir yana atıb, ölkədəki proseslərdə iştirak etməlidirlər. Əks halda, sabah bu ölkədə baş verəcək dəyişiklikləri kişilər edəcəksə, haqlı da olaraq, onlar qadınların nəyisə tələb etməsinə irad tuta bilərlər. Biz qazanılan hər şeydə öz payımızı ortaya qoymalıyıq ki, sabah kimsə “haqqın deyil” deyib də bizi aşağılamasın.
Mən “sürüklənən bəşəriyyətin qadınla yüksələcəyinə” inanıram. Çünki cəmiyyətdə qadının rolu siyasətçi olmaqla məhdudlaşmır. Bu, cəsarətli siyasətçilər, dəyərli vətəndaşlar yetişdirmək qədər genişdir.
Bəzən televiziyada qadın mövzusunda verilişlərdə hamı bir ağızdan həcərlərdən, nigarlardan danışmağa başlayır, özümüzü tərifləməkdən yorulmuruq. Amma bu azadlıq deyil, tarixdən asılı qalıb bu gününü yarada bilməməkdir.
Inkişaf etmiş cəmiyyətlərdə qadınların indiki halda əldə etdiyi maddi və sosial azadlıqlar tarixin onlara verdiyi nümunələri təkrarlamaqla qazanılmayıb. Hər bir zamanın tarix yaratmaq şansı var və indiki halda biz qadınlar da məhz bunu yaratmalıyıq. Əks halda, yenə də hüquqla deyil, bizi əzən adətlərin diktə etdiklərilə yaşamalı olacağıq.
Mən feminist deyiləm, bu düşüncə tərzini də o qədər bəyənmirəm. Amma bilirəm ki, feminizm qadın haqları uğrunda mübarizədən meydana çıxmış bir düşüncə tərzidir. Indiki halda, Azərbaycanda bizim davamız kişilərlə deyil, bütövlükdə fərdin həyatını qısıtlayıb, sanki bizə bacarıqsız uşaq kimi yanaşan, haqlarımızdan məhrum edən hakimiyyətlə olmalıdır. Bizim mübarizəmiz əks cinslərə qarşı deyil, məhz YAP hakimiyyətinə qarşı çevrilməlidir. Bu mübarizənin tərkib hissəsi olaraq, biz də öz haqlarımızı müdafiə etməyi öyrənməliyik.
Qadının kölgədə olması, özünə biçdiyi libasın “mən nə edim, qadınam, əlimdən nə gəlir?” düşüncəsindən ibarət olması, əslində, onun ən qəddar düşmənidir. Bu gün Azərbaycanda çadra ilə dolaşmadan azad olduğunu düşünən minlərlə qadın var ki, onlar əslində, qətiyyən azad deyil. Niyəsini də izah edəcəm. Ərəb ölkələrində, Irandakı proseslərdə, hətta qapqara çadra geyinib küçələrdə etiraz edən qadınları gördük. Irandakı hadisələrdə bir foto diqqətimi çəkmişdi: kişilərlə qadınların dəstəsi ayrı idi, hətta bu halda belə, onların azadlığı qısıtlanıb, amma onlar yenə də bu dar şəraitdə öz haqları uğrunda savaşırlar. Demək ki, azadlıq geyimdə deyil, düşüncədədir. Biz öz düşüncələrimizi əsrlər boyu bizə sırınmış “qadınsan, yerini bil!” yanaşmalarından təmizləməliyik.
Əgər insan mənəvi varlıqdırsa, onda kişi və qadının bir-birindən üstün və ya aşağı olmasını düşünmək ədalətsizlikdir. Inqilablar sənayedə, iqtisadiyyatda, siyasətdə olmur, əsl inqilab düşüncə və intellektin inqilabıdır. Indiki halda Azərbaycanın düşdüyü durum da məhz düşüncə və intellektimizin azad olmaması ilə bağlıdır. Çünki azad insanların yaşadığı bir ölkədə YAP iqtidarda heç bir ay da qala bilməz…
Azad düşüncəyə sahib kimsə bu hakimiyyəti özünə rəva bilməz.
Düşüncənin azadlığısa, birdən-birə əldə edilmir. Qərbin bu yöndəki mübarizə tarixinə nəzər salanda, məsələn Sara Qrimkenin qadın haqları uğrunda, hətta öz ərinə qarşı mübarizə aparmasını oxuyub öyrəndikcə, anlayırsan ki, əslində, düşüncədəki inqilablar daha çətin və uzun sürəndir. Bu baxımdan biz indinin özündə belə gecikirik.
Çoxları düşünə bilər ki, niyə bu yazını tək qadınlara ünvanlayıram, məgər bizdə cəsarətli, azad kişilər çoxdurmu? Əgər bu iradlar varsa, razıyam. Amma bir məsələni unutmayaq: o kişiləri kim böyüdüb, evdəki qızına “başını aşağı sal” nəsihətini kim verib, “bir tikə çörəyini ye, kimsəylə işin olmasın” deyib ürəyinin təpərini sındıran kim olub, cəmiyyətə vətəndaş yetişdirmək deyil, ancaq özünə yaxşı övlad, qocalanda ona baxacaq birini böyüdən kimdir? Oğlan övladlarına qızlarından daha artıq haqq tanıyan, “qızsan, otur oturduğun yerdə” deyib, hətta özündən kiçik olan qardaşına bacını tabe olmağa məcbur edən kimdir? Evdə gəlini əzib ona əziyyət verən, sonra da buna “biz də vaxtında belə zülm çəkib gəlin olmuşuq” deyən kimdir?!
Bizik, qadınlar!
Demək ki, özümüzə yaxşı övlad yetişdirmək kimi düşüncədən cəmiyyətə yararlı insan yetişdirmək düşüncəsinə keçidin vaxtı çatıb. Yoxsa zəncirvari qaydada yenə də hər şey davam edəcək.
Indi düşünək: bizə azad olmaq lazımdır, ya yox?!
Bizi adətlər idarə etməlidir, yoxsa bizə haqq tanıyan, amma işlək olmayan qanunlar?
Seçim bizimdir…