12 milyonluq qarətlə bağlı şok təfərrüatlar

DIN nazir müavini Çingiz Məmmədovu nə üçün sahibkar kimi təqdim edib?

Səfər Əbiyev villası qarət olunan general-leytenantı işdən çıxarmağa hazırlaşır

Bakıxanov qəsəbəsində nazir müavinlərinin birinə məxsus villadan oğurluq edilməsi ilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, oğurluq hadisəsi 2010-cu ilin sentyabr ayının 19-da baş verib. Nazir müavininin dəbdəbəli villasından pul və qızıl-zinət əşyaları ilə dolu seyf aparılıb. Daxili Işlər Nazirliyinin (DIN) Baş Cinayət Axtarış Idarəsi və Sabunçu rayon Polis Idarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu hadisədə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da həbs edilib.
DIN-in hadisə ilə bağlı yaydığı məlumatda oğurluq baş verən evin Çingiz Məmmədov adlı sahibkara məxsus olduğu  bildirilib. Eyni zamanda oğurlanan məbləğ 250 min manat göstərilib.
“Azadlıq”ın araşdırmaları nəticəsində isə bəlli olub ki, nazir müavininə məxsus seyfdə 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları olub. Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra ictimaiyyətdə qıcıq yaratmamaq üçün bu barədə korrekt məlumat verməyi qərara alıblar. Ötən sayımızda cinayətin necə açılması barədə də məlumat vermişdik. Məlumatda bildirilirdi ki, hüquq-mühafizə orqanları nazir müavininin evindən oğurlanmış bahalı mobil telefon vasitəsilə cinayətin izinə düşüblər. Şaiq Səttarovla Pərvin Məmmədovun mobil telefonu satdığı şəxs saxlanılıb. Daha sonra isə hadisəni törədənlər həbs edilib.
Zərərçəkənin kimliyinə gəlincə, bu barədə məlumatlarda vurğulanırdı ki, həmin şəxs Müdafiə Nazirliyində müavin postu tutur. Çingiz Məmmədov isə villanın formal sahibidir. Nazir müavininin adı da bizə bəlli idi. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan həmin şəxsin adını açıqlamamışdıq. Və bu məsələdə tələsməməkdə doğru da etmişik. Çünki araşdırmalarımız nəticəsində aydın olub ki, DIN izi azdırmaq üçün Çingiz Məmmədovu sahibkar kimi təqdim edib. Əslində isə Çingiz Məmmədov Müdafiə Nazirliyində kadrlar və hərbi təhsil üzrə müavin vəzifəsində çalışır. General-leytenant rütbəsi daşıyan Çingiz Məmmədov digər məmurlar kimi üzdə olmağı sevmir. Görünür, bu səbəbdən  villası qarət ediləndə həm oğurlanan məbləği az göstərməyi, həm də kimliyini gizlətməyi DIN rəhbərliyindən xahiş edib.
Təsəvvür edin, DIN-in rəsmi məlumatında villadan oğurlanan seyfdə 250 min manat olduğu vurğulanıb. Halbuki təkcə Şaiq Səttarovun evində axtarış aparılarkən həyətində bir banka briliant daş-qaş aşkar olunub. Üstəgəl bəlli olub ki, təqsirləndirilən şəxs iki “Range Rover” markalı avtomobil alaraq yaxınlarına bağışlayıb. Təkcə bu avtomobillərin dəyəri 200 min manatdan artıq edir.
Bu məsələni araşdırarkən başqa maraqlı məlumatlar da əldə etmişik. Məlumatlarda deyilir ki, artıq müdafiə naziri Səfər Əbiyev Çingiz Məmmədovla işləmək istəmir və yaxın günlərdə general-leytenantın işdən çıxarılacağı gözlənilir. Bunun Çingiz Məmmədovun dördmərtəbəli villasında baş verən məlum oğurluq hadisəsi ilə bağlı olub-olmadığını deyə bilmərik. Fakt ondan ibarətdir ki, artıq nazir müavininin işdən çıxarılması ilə bağlı əmr Səfər Əbiyevin masasının üzərindədir. Qalıb bircə müdafiə nazirinin imza atması.
Həmçinin məlumatlara görə, Çingiz Məmmədovun evini oğurlamaqda təqsirləndirilən Şaiq Səttarovun əvvəlki məhkumluğu babasını qətlə yetirməsi ilə bağlı olub.

İnformasiya şöbəsi