Ruhanilər Bakıda toplandı; “Hamımızı həbsə atsalar da mübarizədən əl çəkməyəcəyik”
Martın 28-də Bakıda Hicab və Hicab Məhbuslarının Müdafiə Komitəsi mətbuat konfransı keçirib.
Konfransda ölkənin müxtəlif regionlarından olan ruhanilər, dindarlar və ictimaiyyət nümayəndələri iştirak edib. “Faktxəbər.com”un yaydığı məlumata görə, tədbir iştirakçıları ölkədə insan haqlarının pozulamsına, dini motivli basqılara etiraz edib, sərt tələblər səsləndiriblər.
Müdafiə komitəsinin üzvü Faiq Vəlioğlu deyib ki, Azərbaycan hazırda problemlər içərisində boğulur və ölkədə baş qaldrımış İslamafobiya kampaniyası bu problemlərdən biridir. “Azərbaycan höküməti 15-ə yaxın beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. Lakin biz bu gün mövcud hakimiyyətin bu öhdəlikəri kobud şəkildə pozduğunun şahidi oluruq. Bu gün Azərbaycanda sərbəst toplaşmaq və mənəvi dəyərlər haqqında olan qanunlara əməl olunmur. Hazırda ölkənin nüfuzlu ruhaniləri şərlənərək həbs ediliblər. Dindarlara qarşı atılan bu cür böhtanlar İslama və ölkəmizə qarşı atılan bir ləkədir. Bu cür böhtanlar bizi dünya qarşısında gülünc bir vəziyyətə qoyub. Nə vaxtdan konstitusion hüquqlarımızı tələb etmək cinayət olub? Biz bir müdafiə komitəsi olaraq, bu qanun pozuntuları və həbslərlə əlaqədar 100-ə yaxın beynəlxalq təşkilatlara müraciət etmişik. Burdan dövlət strukturlarına üzümüzü tutub deyirik ki, tezliklə ölkədə baş qaldırmış bu problemləri həll edin. Əgər ölkənin nüfuzlu ruhaniləri əllərinə Quran alıb bu məsələ ilə əlaqədar ciddi fəaliyyətə başlasalar, bu cür hal hakmiyyət üçün heç də yaxşı nəticələnməyəcək. Əgər bu mübarizə yolunda biz ruhanilərin hamısını həbsə atsalar belə, öz mübarizəmizdən əl çəkməyəcəyik. Bizim tələbimiz budur ki, tezliklə hicab qadağası haqqında qanun ləğv edilməli, hicab məhbusları azadlığa buraxılmalı və Qarabağ probleminin həlli istiqamətində hakimiyyət tam olaraq xalqın iradəsindən istifadə etməlidir. Əgər Qarabağ probleminin həlli istiqamətində hakimiyyət müsbət addımlar atmazsa, biz ruhani alimlər olaraq Azərbaycanda ermənilərə qarşı cihad elan edəcəyik. Biz dindarlar üçün vətən də, torpaq da, hicab kimi müqəddəsdir”, – deyə Faiq Vəlioğlu qeyd edib.
Ruhanilərdən Hacı Əli Əliyev bildirib ki, “ilahi və insani dəyərləri qorumaq üçün” əllərindən gələni etməyə hazırdırlar. “Bəzi vaxtlar biz ruhaniləri kimlərinsə sifarişlərinə uyğun olaraq dini müdafiə etdiyimizi deyirlər. Ruhanilər müdafiə etmək istədikəri dəyərləri, Quran və peyğəmbərin göstərişlərinə uyğun olaraq həyata keçirirlər. Bizim haqqımızda yayılan bu cür böhtanlar, heç bir halda bizi öz mübarizə yolumuzdan saxlamayacaq. Hər bir halda bu problemlər həll olunana qədər, öz mübarizəmizdən geri çəkilməyəcəyik”- deyə Hacı Əli Əliyev əlavə edib.
Bundan sonra çıxış edən müdafiə komitəsinin üzvü və ruhani alim Tovhid İbrahimbəyli “din düşmənlərinə” müraciət edib: “Allah Qurani-Kərimdə buyurub ki, din düşmənlərini xoşuna gəlsə və ya gəlməsə də Allah öz nurunu tamamlayacaq. Hicabı qadağa edənlər və ilahi şəxsiyyətlərə qarşı böhtan atanlar tam əminliklə bilsinlər ki, tezliklə zəlil olacaqlar. Bizlər sadəcə olaraq öz vəzifəmizi yerinə yetiririk. Hacı Mövsüm Səmədovun çıxışı zamanı bildirmişdi ki, “dininiz təhlükəyə düşsə canınızı verib onu qoruyun”. O, öz canı və azadlığı bahasına dini dəyərlərin müdafiəsinə qalxdı. Bizlər də bu yolda hər şeyimizdən keçməyə hazırıq. Mənim sözüm hakimiyyətdə olan məmurlaradır. Görəsən siz məmurlar üçün Azərbaycanın milli-mənəvi və dini dəyəri olan hicabın bir yumurta qədər dəyəri yoxdur? Qısa bir müddət ərzində yumurtanın bahalaşmış qiymətini aşağı saldız. Məgər hicab taxanlar bu ölkənin vətəndaşları deyil. Onlar da azərbaycanlıdır. Hakimiyyətdən tələbimiz budur ki, bizim konstitusion hüquqlarımızı bərpa edib ruhani məhbusları tezliklə azadlığa buraxsın. Əgər bizim hüquqlarımız bərpa olunmazsa, İslam dini bizə hüquqlarımızı bərpa etmək üçün yol göstərib. Hətta ölümümüz bahasına belə, bu mübarizəmizdən əl çəkməyəcəyik”.
İslam Partiyasının sədri Elçin Manafov haqqlarını tələb etmək üçün mitinq keçirəcəklərini deyib: “Bu, bizim konstitusion hüququmuzdur. Mitinq keçirmək və yerin müəyyən olunması üçün Bakı Şəhər İcra Hakmiyyətinə müraciət edəcəyik. Hərçənd ki, biz müraciət etməyə də bilərdik. Çünki, sərbəst toplaşmaq bizim konstitusion hüququmuzdur. 10 min nəfərə yaxın insan mitinqə gəlmək üçün bizə müraciət edib. Əslində mitinq keçirmək fikrində deyildik. Ümid edirdik ki, bayrama qədər bütün problemlər həll olunar. Lakin heç nə dəyişmədi. Biz yenə də ümidimizi itirməmişik. Ola bilsin mitinq təyin olunan günə qədər problemlərimiz həll oluncaq və mitinqə ehtiyac olmayacaq. Biz bu problemlərin həll olunması istiqamətində ölənə qədər mübarizəmizi davam etdirməyə hazırıq ki, üzərimizdə olan bu qara ləkə götürülsün”.
AİP qadınlar şurasının sədri Növrəstə İbrahimova isə hicab probleminə görə əziyyət çəkən xanımların ünvanladığı suallar qarşısında aciz qaldııqlarını bildirib: “Artıq həmin xanımların göz yaşları bizlər çox narahat edib. Əgər Quran ən kamil qanun nümunəsidirsə, görəsən hicab qadağasını yaradan məmurlar hansı mənbələrə istinad edirlər? Mənim sözüm bizim məmurlaradır. Bu gün əgər İslami dəyərləri İngiltərə və Tayland qəbul edib ona hörmətlə yanaşırsa, sən məmurun bu dəyərə qarşı çıxmağının səbəbi nədir? Hicaba qarşı uzanmış bu əllər ümumilikdə azərbaycan qadınına qarşı xəyanət hesab olunmaldır”.
Gəncə şəhərində yaşayan ruhani Asəf Əliyev isə oradakı problemlərdən danışıb. Bildirib ki, artıq Gəncədə məktəbli şagirdlər məscidlərə buraxılmır. O, həmçinin martın 27-də 3 nəfər Gəncə dindarının heç bir əsas olmadan həbs olunduğunu bildirib.