YAP-ın baş daşı…

Sabirabadda YAP-ın binası yandı. Üstündən xeyli vaxt keçib, amma hələ də maraqlı detallar qalır. Məsələn, polislə partiyanın yerli rəhbərliyinin verdiyi açıqlamalar bir-birini təkzib edirdi. Adının çəkilməsini istəməyən ekspertin, o, həm də bizim əməkdaşımızdır, verdiyi məlumata görə, hadisənin arxasında mistik motivlər durur. Mən öz mənbəmi zərbə altında qoymaq fikrindən uzaq olduğum üçün yuxarıdakı cümlələri Natiq Güləhmədoğlunun işlətdiyini demək istəmirəm. Desəm, aramızdakı etimad itər. Mən niyə bu mövzuya girdim? Imişliyə yaxınlarımdan birini yoluxmağa gedərkən YAP-ın yerli təşkilatının qərargahını gördüm. Ilk baxışdan mənə elə gəldi ki, bu, nəhəng bir baş daşıdır. Üzərində yazılıb ki, Yeni Azərbaycan Partiyası Imişli Rayon Təşkilatı. Sadəcə olaraq mərhumun doğum və ölüm gününü yazmamışdılar. Imişli əvvəllərdən də siyasi proseslərdə aktiv iştirak edən rayon olub. Orada YAP-ın uzun yaşaması onsuz da mümkün deyildi.

YAP-a məzar daşını belə qoyacaqlarına isə inanmırdım. Böyük  bir binanı qara mərmər köynəklə örtən Imişli YAP-ı, öz məzarını əslində başqa yerdə qazıb. Rayondan 7 kilometr uzaqlıqda olan Əliqulular kəndinin girəcəyində doqquz-on yaşında bir uşaq qabağımıza çıxır. Neçə yaşının olduğunu soruşuram, dəqiqləşir; on bir. Məktəbə gedib-getmədiyi ilə maraqlanıram, ayaqlarını atın çılpaq sağrılarına sıxıb deyir: “Məktəb heç kimə sərf eləmir. Gündə bir şeyə görə pul istəyirlər. Mən də onlara pul verməkdənsə, atımı minib qoyunumu otarıram”. Maşından məni səsləyirlər ki, yola davam etmək lazımdır. Əslində isə onlar bilmirdilər ki, biz yolun bitdiyi yerdəyik. Həyatın dayandığı yerdə. Xırda təpəciyin üstündə otururam və bu kədər dolu gözləri ilə gülməyə çalışan uşağa baxıram…

Yadıma on bir yaşım düşür. YAP hakimiyyətə gəlirdi. Daha doğrusu, qiyam günləri idi. Direktorumuz nə edəcəyini bilmirdi. Beyləqanın mərkəzində nə baş vermişdisə, həmin gün imtahanı ləğv etdilər. Biz ayın 13-də imtahana gəldik. Mənim də bir ağ atım vardı. Heydər Əliyev prezidentin səlahiyyətlərini qəsb etdiyi gün atım öldü. O gündən “At muraddır” sözündən zəhləm gedir. Məktəblərin də, məktəblilərin də həyatını qaraltdı Heydər Əliyev. Müəllimləri də, həkimləri də rüşvətə caladı. Insanlar isə artıq onlara yük olmuş ömürlərini yaşaya bilmədikləri üçün dua elədilər ki, bundan sonrakı “çiçəklənən” Azərbaycandakı ömürləri Heydər Əliyevin ömrünə calansın. Valideynlərimin müstəsna səyləri nəticəsində mən oxudum. Amma neçə-neçə istedadlı tay-tuşlarım həyatlarını qoyun otararaq davam etdirdilər. Onların içərisində incəsənətin və elmin müxtəlif sahələrinə istedadla can yandıranları vardı.

Imişli YAP-ının binası isə böyük bir baş daşından başqa həm də əzəmətli bir qara nöqtəyə bənzəyir. Bütün ölkənin gələcəyini qaraya boyayandan sonra özləri də anladılar ki, qaradan artıq rəng yoxdur. Və özləri bu böyük qara nöqtə ilə mistik bir yekun vurdular. Kim nə deyir desin, mən bundan sonra YAP-ın dirçələcəyinə, nəyəsə iddia edəcəyinə inanmıram. Onun baş daşını öz gözümlə görmüşəm… Xatirəsinə ehtiramla…