Ərəb dünyasında baş verənlərdən ehtiyatlanan Özbəkistan prezidenti gənclərin könlünü almağa çalışır
Xalqın etirazı nəticəsində Tunisdə Ben Əli, Misirdə Hüsnü Mübarək diktaturasının devrilməsi, Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı beynəlxalq birliyin hərbi müdaxiləsi, Yəmən və Suriyada son günlər baş verən olaylar digər avtoritarlar kimi, Özbəkistan prezidenti Islam Kərimovu da qorxuya salıb.
Uzun illərdir Özbəkistanı dəmir yumruqla idarə edən, insan hüquq və azadlıqlarını məhdudlaşdırdığına görə beynəlxaq təşkilatlar tərəfindən sərt tənqid olunan Islam Kərimov hökumətə ünvanladığı müraciətində təcili iqtisadi-sosial islahatların həyata keçirilməsinə göstəriş verib. Islam Kərimov ölkədə gənclərin məişət, işsizlik və digər problemlərinin təcili həllinə dair verdiyi göstərişdə bildirib ki, gənclərin dövlət idarəçiliyində iştirakının təmin olunması vacibdir. Özbəkistanın avtoritar rəhbərinin bu addımını şərh edən ekspertlərin fikrincə, Kərimov ərəb dünyasında baş verən hadisələrdən ciddi narahatlıq keçirir. Ölkədə insan hüquq və azadlıqlarını məhdudlaşdıran, söz azadlığı və demokratiyanın inkişafına görə beynəlxalq təşkilatların sərt tənqidilə üzləşən Islam Kərimov Özbəkistanda onun uzunmüddətli hakimiyyətinə qarşı kütləvi etirazların hər an başlana biləcəyini başa düşür. Məhz buna görə də Kərimov etirazların önündə gələn gənclərin könlünü almağa çalışır.
İnformasiya şöbəsi