Rövşən Ağayev: «Əgər normal iqtisadiyyat qurulmasa, ölkədə bundan daha pis variantları görəcəyik»
Bir müddət əvvəl ölkə başçısının keçirdiyi “yumurta müşavirəsi”ndə dediyi sözlər deyəsən nəticə vermədi. Süni bahalaşmanın olduğunu deyən prezident bayram günlərində qiymətlərin artırılmasının qarşısının alınacağını bildirdi. Lakin builki bayram də əvvəlkilərdən fərqlənmədi. Yenə qiymətlər kəskin şəkildə qalxdı və bayramdan sonra ucuzlaşma baş vermədi. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ekspertlərin hesablamasına görə, Azərbaycanda yaşayış minimumu orta hesabla 160,66 manat təşkil edir. Bu da orta aylıq əmək haqqının əhəmiyyətli hissəsidir.
Beynəlxalq normalara əsasən, vətəndaşın gəlirlərinin 50%-dən artıq hissəsi ərzağa xərclənəndə, o, yoxsul hesab edilir. Azərbaycanda bu göstərici 65%-i ötüb. Görünür, heç prezidentin göstərişi də ölkədəki bu vəziyyətin düzəlməsi üçün kifayət etmədi. Bəs bunun əsas səbəbi nədir?
Iqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, iqtisadiyyat barmaq silkələməklə idarə olunmur. Xüsusilə söhbət rəqabətli iqtisadiyyatın yaranmasından gedirsə, bu cür tapşırıqlarla vəziyyəti düzəltmək mümkün olmayacaq. Bunun üçün ilk növbədə şərait yaradılmalı, məsələyə münasibətdə hökumətin mövqeyi dəyişməlidir.
Ekspertin sözlərinə görə, qiymətlərin aşağı salınması üçün rəqabət mühiti olmalıdır: “Yumurta məsələsində cinayət işi qaldırdılar. Ancaq tamam qeyri-müəyyən bir yanaşma var. Məlum olmadı söhbət hansı şirkətlərdən gedir. Eyni zamanda o şirkətlərin bazarda hansı paya sahib olduğu da bilinmir. Bazarda inhisarçılıq yarana bilir. Qanunla onun dağıdılması üçün müntəzəm tədbirlər görülməlidir. Belə tədbirlər həyata keçirilməyib”.
R.Ağayev dövlətin iqtisadiyyatı bu cür tənzimləməsinin peşəkar idarəçiliklə bir araya sığmadığını da qeyd etdi.
Ekspertin sözlərinə görə, sahibkardan ucuzluq tələb etmək üçün rəqabət mühiti yaradılmalıdır. Hökumət öz funksiyalarından istifadə edib ayrı-ayrı məmurların bazarda inhisarçılıq yaratmasına imkan verməməlidir: “Bunlar baş nazirin, prezidentin gözü qarşısında baş verirsə, onda sahibkara qarşı inzibati metodlardan istifadə etməyin adı qeyri-professional idarəetmədir. Əgər normal iqtisadiyyat qurulmasa, ölkədə bundan daha pis variantları görəcəyik”.
Fizzə