Qarşı dağa qar yağınca…

Məncə, 2011-ci ilin qapıları çalar-çalmaz dünyaya belə bir fırtına havası gətirəcəyini, bu dünyanın belə gəlib, belə getməyəcəyi siqnalı verəcəyini kimsə proqnozlaşdırmamışdı. Əslində, ilk siqnalın WikiLeaks internet saytından göndərildiyini düşünmək olardı. Dünyanın siyasi gündəminə bomba kimi düşən WikiLeaks açıqlamalarının davamının gələcəyi təxmin edilirdi və gözlənən oldu… Pərdə azacıq aralanan kimi gizli dosyelərdən çıxan çirkli pul hesabları, ilginc yazışmalar, neft milyardları sayəsində “böyümüş” dövlət başçılarının azğın həyat formulları ortaya çıxdı. Bu mənada internet saytının işini bir inqilab kimi qiymətləndirənlər də haqlıdırlar, şübhəsiz.
Məlum dosyelərin yayılmasının ardınca indi də ərəb dünyası sarsılmaqda. Tunisdən meydana düşən atəş müsəlman ölkələrini cənginə alıb gedir. Xalqların azadlıq mücadiləsi kimi başlanan hadisələri qanlı çatışmalara çevirənlər tam dirənişlə tarixin təkərini geri sürüşdürmək istəyir. Liviyada dünyanı səfərbər edən hadisələr buna əyani misaldır. Əslində bu atəş sahəsindən zərərsiz çıxmaqda sağlam qərar vermək də asan deyil. Bu baxış bucağından baxıldıqda, Türkiyənin əvvəldən məsələyə ehtiyatlı yanaşması da başadüşüləndir. Çoxları üçün öz xalqını qıran Qəzzafi kimi birini müdafiə etmək nə dərəcədə anormal sayılırsa, kənar güclərin geniş əməliyyatlar aparması da o qədər riskli görünür. Əsas məsələ ərəb ölkələrində başlanan proseslərin uzun illər boyu diktatura rejimindən əziyyət çəkən insanların demokratiya mübarizəsindən yayındırılmamasına yardım göstərməkdir.

Iki gün əvvəl Türkiyə TV-lərinin birində keçmiş xarici işlər naziri Hikmət Çətinin Liviya hadisələri haqqındakı fikirlərinə qulaq asdım. Nazirin sonda verdiyi mesaj çox qəti və önəmliydi. Dünyada yeni düşüncəyə sahib olan bilgili bir gənclik yetişir. Köhnə rejimlər ya könüllü olaraq yerlərini onlara verəcək, ya da vermək zorunda qalacaqlar.
Problemin kökü də bax buradan qaynaqlanır. Indi ərəb dünyasında maraq davası getdiyini söyləyənlər belə, bir rejimin 20 il, 30 il, 40 il hökumət başında qalmasının da qəti əleyhinə olduğunu etiraf edir. Təbii, xalqdan oğurladığı sərvət sayəsində insanlıqdan çıxan belə rejimlərin xarici güclərdən dəstək alaraq əvvəlcə onların quluna, sonra da qurbanına çevrildiyini anlamaq da çətin olmasın gərək.

Daha kimsəyə sirr deyil ki, ərəb ölkələrində baş verənlər dünyanın yeni dəyişikliklərə hamilə olmasından xəbər verir. Bunu görməmək və cərəyan edən hadisələrdən dərs almamaq üçün ən azı kor olmaq lazımdır. Bu yerdə məşhur bir xalq rəvayətini xatırlatmaq yerinə düşəcək.

“Yay aylarında qoyun sürülərini yaylağa sürən bir çoban payız mövsümü gəlincə, qışlağa dönməkdə gecikir. Yaxın çevrəsində hər kəs çəkilib gedir, o, ”hələ qışa çox var, qoyunlar bir az da bəslənsin” – deyib durur. Bir səhər oyanır ki, qarşıdakı dağa qar yağmış. Oğlu “ata, daha gedək, qarşı dağa qar yağmış” – deyir. Çoban “qorxma, hələ qışa çox var” cavabını verir. Ertəsi gün daha yaxın dağa qar yağır. Çoban yenə kimsəyə qulaq asmır. Və sonrakı gün oyanır ki, gecədən yağan güclü qar qapını almış, qar altında qalan qoyunlardan da nə iz var, nə soraq…”.

Artıq ətrafda baş verənləri görməzliyə vurub, acgöz çoban zehniyyəti ilə inad göstərməyin də bir anlamı yox. Qarşı dağa qar yağınca, bir gün şəksiz sıradakına da yağacağını unutmasın heç kəs.