Qadınlar əhalini etiraza çağırır

Gözəl Bayramlı: «Bu, möhtəşəm bir aksiya olacaq»

Mehriban Vəzir: «Artıq buna bir son verilməlidir!»

İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı hazırlıqlar davam edir. Bakı Şəhər Icra Hakimiyyəti aksiyanın keçirilməsinə hələ ki icazə verməyib. Lakin Palata, həmçinin qurumun qadın üzvləri bu aksiyanın möhtəşəm olacağını deyərək xalqı ümumxalq etirazına səsləyirlər.
AXCP sədrinin müavini Gözəl Bayramlı 2 aprel mitinqinin ümumxalq aksiyası olduğunu, əhalinin bütün təbəqələrinin burada iştirak edəcəyini bildirir: “Mitinqdə irəli sürüləcək tələblər xalqdan gələn tələblərdir. Bu, möhtəşəm bir aksiya olacaq. Mən insanların içindəyəm, onların mövqeyindən, etirazlarından xəbərdaram. Bilirəm ki, aksiyada böyük bir qələbəlik yaşanacaq. Ictimai Palata olaraq qarşıya qoyulan məqsədlərə nail olacağıq. Həmçinin hakimiyyətə müəyyən mesaj və təkliflər ünvanlanacaq. O mesajları çatdıracaq və xalqın böyük dəstəyini ala biləcəyik”. G.Bayramlı fəal qadınların mitinqə xüsusi hazırlaşdığını da qeyd edib.
Ictimai Palatanın üzvü Mehriban Vəzir deyir ki, Bakı Şəhər Icra Hakimiyyəti birləşmiş müxalifətin 2 aprel mitinqinə icazə verməlidir. Ölkə üzrə etirazların pik həddə çatdığını deyən M.Vəzir aksiyanın istənilən halda təxirə salınmayacağını bildirir: “Uzun illərdir ki, Azərbaycan xalqının sərbəst toplaşmaq və ifadə azadlığı əlindən alınıb. Artıq buna bir son verilməli, ölkə yeni bir mərhələyə qədəm qoymalıdır. Xalqın taleyi daha mədəni, mahiyyətcə mütərəqqi bir idarəetməyə həvalə olunmalıdır. Icazə verilməsə də, bu mitinq keçiriləcək və insanlar bu aksiyaya gələcəklər. Etirazlar həddən artıq boğuqdur. Birgə toplaşmaq çox uzun müddət yasaq oldu. Bu qədər olmaz! Insanlar çox pis durumdadırlar, sosial, siyasi, iqtisadi azadlıqlar yoxdur.
Çox yaxşı haldır ki, həm siyasi, həm ictimai çevrələr bir araya gəlib öz fikirlərini ifadə edirlər. Əminəm ki, kənardakı insanlar da bu çağırışı diqqətlə izləyir və mitinqə onlar da qoşulacaqlar”.