Azərbaycan avtoritarizminin əsas dayaqlarından biri olan Rusiyanın baş naziri Putin Liviya inqilabının, Liviya xalqının harayına yetişmiş koalisiya qüvvələrinin hərəkətlərindən istifadə eləyib “mən də varam” dedi. Koalisiya qüvvələrinin hərbi əməliyyatlarını, hava zərbələrini “səlib yürüşləri” adlandırdı.
Putin “mən də varam” dedi, əslində isə məlum oldu ki, nəinki Putin, heç Rusiyanın özü də əməlli-başlı yoxmuş. Rusiyanın narahatçılığı anlaşılandı – hava hücumları başlayandan sonra 2-3 gün müddətində Liviyada 4 mlrd. zərərə düşüb. Silah satışının qarşısı alınıb və s. Putin üçün əsas olan həm də budu. Onu Qəzzafinin havadan-qurudan bombalayaraq qətlə yetirdiyi Liviya insanı narahat eləmir. Onu narahat eləyən itirdikləri para və diktaturaların bir-birinin ardınca iflasa uğramasıdı. Inşallah, mənim arzularım çin çıxmağa başlayır – haçansa nəsli kəsilən dinozavrlar kimi diktatorların da “yarpaq tökümü” başlayır. Hərçənd ki, bu cür poetik və kövrək ifadəni diktatorlara aid eləmək bir az qüsur sayılsa gərək. Ona görə də “toxumu kəsilir” deyək, qüsurumuzu təlafi edək.
“Səlib yürüşü” ifadəsinin hansı mənanı ifadə elədiyi hər kəsə bəllidi. Putin bu ifadəni işlədərkən də hamıda tarixi xaçlı yürüşləri assosiasiyası yarandı. Sanki xristian dünyası islam dünyasının üstünə yeni yürüşə başlayıb. Əslində isə az-çox dərrakəsi olan adam anlayır ki, yürüş islam dünyasının üstünə deyil, müsəlman xalqlarını az qala əsrlərlə zülm, istibdad altında saxlayan adı müsəlman, özü şeytan olan diktatorlara qarşıdı. Yoxsa, islamı simvolizə eləyən məhz, diktatorlardı? Elə isə o islamın üstünə nəinki xaçlı yürüşü, şeytan yürüşü də alqışa layiqdi. Yəni, şeytanın şeytanla savaşı…
Putin həmin Putindi – Ermənistanı müsəlman Azərbaycanına qarşı silahlandıran, ruhlandıran, gücləndirən, körükləyən; Qroznını bombardman eləyərək demək olar ki, yer üzündən silən, minlərlə müsəlmanı qanına qəltan eləyən; Gürcüstanın ərazilərini zorla Rusiyaya qatan, kəndləri, şəhərləri viranə qoyaraq gəlib Tiflisəcən çatan. Postsovet respublikalarında avtoritarizmin möhkəmlənməsi üçün əlindən gələni eləyən, Rusiyanın özünün vəhşi, avtoritar ölkəyə çevrilməsində, insanların haqq səsinin boğulmasında əvəzsiz rol oynayan da həmin bu Putindi. Şəxsən Azərbaycanda diktaturanın çiçəklənməsində Putinin xidmətləri çəkiyə gəlməyəcək dərəcədə böyükdü. Bax, səlib yürüşü məhz, budur! Xristianlığa, islama… bütün insanlığa qarşı!
Və zatən özü Allahlıq iddiasında olan bir adamdan bundan artıq bir söz gözləmək də olmazdı. Putin beyninin dərinliyində olan fikri ifadə eləyir. Onun nəzərdə tutduğu “islam” diktaturalar, istibdad rejimləridi və mən bir daha təkrar eləyirəm: həmin xaçlı yürüşləri həmin diktaturalara qarşıdırsa, mən o xaçı öpməyə belə hazıram. Təki Xaç şərə savaş açanların yardımına yürüsün, insanlığın, ədalətin, qardaşlığın bərqərar olması üçün bombalar yağdırsın.
Liviya məsələsində Türkiyənin də mövqeyini dərindən analiz eləməyə çalışıram və bu mövqedə hələ ki, yanlış bir nüans görmürəm. Sadəcə, anlamadığım bir şey var ki, o da Türkiyə baş nazirinin işlətdiyi cümlələrdi: “Türkiyə heç bir halda Liviya xalqına silah tuşlayan tərəf olmayacaq”, “Türk əsgəri Liviya xalqına qurşun sıxmayacaq”… Liviya xalqı… Aydın deyil, Liviya xalqı kimdi? 42 illik zülmə qarşı baş qaldıran, artıq 10 mindən çox qurban verən Liviya xalqımı, ya 42 il dəliliyi, zülmü, qəddarlığı ərşə bülənd olan, ölkəni talayıb viran qoyan, vətəndaşlarını havadan belə bombalamaqdan çəkinməyən başıxarab Qəzzafimi?
Bəzən sözlər, bəzən bir cümlə belə tonlarla ağırlığı olan raketlərdən daha dəhşətli olur. Bu cümlələrdən nə qədər liviyalının, elə azərbaycanlının da qəhr olduğunu təsəvvür eləməyə çalışıram…