naxcivan04

Naxçıvan təəssüratları – 1

«Göyün yeddinci qatında da rahat yatmağa qoymurlar»

Əvvəllər Naxçıvana uçuşu sınıq-salxaq təyyarələr həyata keçirirdisə, göyərtəsində olduğumuz təyyarənin təzə və komfortlu olması diqqətimi cəlb edir. Təyyarə havaya qalxır. Stüardessa uçuş müddətinin 55 dəqiqə olması barədə elan verir. Mənsə, yerimi rahatlayıb Naxçıvanda həyata keçirməli olacağım işlər haqda düşünürəm. Təyyarə rahat və səssiz olduğundan mürgüləyirəm.
Qəfil bir səs məni düşüncələrimdən ayırır:
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!”.
Təyyarənin tavanından asılmış monitorlarda Heydər Əliyev haqqında çəkilmiş sənədli film göstərilirdi. Təxminən 15 dəqiqəlik film bitdikdən sonra filmi təkrar göstərməyə başladılar. Yanımda oturan Soltan adlı orta yaşlı sərnişin stüardessadan başqa bir film qoymağı xahiş etdi. Stüardessa  bildirdi ki, başqa filmə icazə verilmir.
Sərnişin:
– O zaman söndürün televizoru, yatmaq istəyirəm.
Stüardessa:
– Söndürmək də olmaz.
– Göyün yeddinci qatında da rahat yatmağa qoymurlar.
Lyukdan bayıra baxıram. Təyyarə Ermənistanın üzərindən keçir. Ermənilərin Sevan adlandırdığı Göyçə gölü səmadan aydın görünür. Təxminən 25 dəqiqə sonra isə Naxçıvan aeroportunda yerə enirik…
Naxçıvanın qışı sərt olur. Lakin Bakıya nisbətən havada nəmişlik faizi aşağı olduğundan hətta şaxtalı havada belə soyuğu elə də hiss etmirsən..
Doğulduğum Şahtaxtı kəndinə gedəcəyəm. Həmin kənd Naxçıvan-Sədərək yolunun üstündə, Kəngərli rayonunda yerləşir.
Aeroportun taksi dayanacağına yaxınlaşıram. Taksi sürücüləri hamısı eyni geyimdə – yəni, onlar üçün nəzərdə tutulmuş kostyum, qalstuk və gödəkçədə sıra ilə düzülüb müştərilərini gözləyirlər. Taksilər də, demək olar, hamısı eyni markadandı – Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “Lifan” markalı avtomobillər.

Gizli taksi sürücüsü

Gözüm dayanacaqdan kənarda dayanmış köhnə tanışıma sataşır (Burada onun üçün problem olmasın deyə, adını şərti olaraq, Əhməd kimi qeyd edəcəyik). Əhmədin öz şəxsi maşını ilə “xaltura” etdiyini bilirdim. Salamlaşdıqdan sonra maşınının harada olduğunu soruşuram. Deyir ki, maşını aeroportun çıxışında saxlayıb ki, polislər taksi fəaliyyətiylə məşğul olduğunu bilməsinlər.
– Indi vəziyyət dəyişib. “QAI”lər imkan vermir işləməyə. Taksi işlətmək üçün həm “QAI”dən xüsusi göy nömrə, həm də Naxçıvanda istehsal olunan “Lifan” maşını almalısan. “Lifan” almasan, göy nömrə vermirlər. “Lifan”ı kreditə götürmək olur. Göy nömrəni isə “QAI”də üç min manata satırlar. Iki min manat düzəltmişdim, getdim, yalvardım nömrə vermədilər. Dedilər, üç mindən aşağı olmaz.
Əhməd deyir ki, tələb olunanları almağa pulu olmadığından gizli şəkildə “taksavatlıq” edir. Əhməd məndən xahiş edir ki, yol polisi saxlayıb kimliyimi soruşsa, müştəri olduğumu bildirməyim:
– Maşında müştəriylə tutulanda 100 manat cərimə eləyirlər. Ona görə də kənarda dayanıb, ancaq məni tanıyan müştəriləri maşına dəvət edirəm. 
Əhmədin aeroportdakı dayanacaqdan kənarda durub məni gizli çağırmasının səbəbini indi başa düşürəm.
Naxçıvan-Sədərək magistral yoluna çıxırıq. Bu magistral yol Naxçıvan şəhərindən başlayıb, Sədərək gömrüyünə kimi uzanır. Geniş və rahat yolun hər iki kənarına yaşıllıq zolağı salınıb. Hər tərəf səliqəli və təmizdi. Mənzərə həqiqətən göz oxşayır.

Bağban əsgər, möhkəm dayan!

Yol qırağında əllərində bel, ağaclara qulluq edən çoxlu sayda əsgərləri görürük. Əhməd deyir ki, gördüyümüz bu göz oxşayan yaşıllıq zolağını həmin əsgərlərə əkdiriblər:
– Bütün il boyu “lapatka” əllərindən düşmür. Buralarda su olmadığından yay uzunu əsgərlər bu ağacları xüsusi su maşınları ilə sulayırlar. Qışda isə ağacların diblərini boşaldırlar. Bu əsgərlər əslində indi ermənilərlə həmsərhəd postda olmalıdılar. Bilmirəm, fövqəladə vəziyyət olsa, bu əsgərlər nə işə yarayacaqlar.
Yolun genişliyindən və rahatlığından söz açıram. Əhmədə izah edirəm ki, heç Bakıda belə rahat, keyfiyyətli yollar yoxdu. Əhmədsə deyir ki, keyfiyyətli olsa da bu yolun inşası çoxlu insan itkisi hesabına başa gəlib:
– Yol çəkilişi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilmədiyindən çoxlu sayda avtomobil qəzaları baş verirdi. Nəticədə onlarla adam faciəli şəkildə həlak oldu. Həmçinin onlarla fəhlə təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində bu yolun qurbanı olub. Bu yol qızıldan olsa, nə xeyri?
Əhməd yol boyu işsizlikdən də gileylənir. Deyir ki, ali savadlı mühəndis olsa da Naxçıvanda öz ixtisasına uyğun iş tapa bilmir:
– Işsizlikdi. Yalnız tikinti şirkətində fəhlə işləmək olur. Bir ay mən də işləmişəm tikintidə. Orada da maaş çox aşağıdı. Sutkanın 12-14 saatını işlədirlər, aylıq maaş 150-200 manatdı. Həmin şirkətlərdə işləyən xarici vətəndaşların maaşı isə, azı 800-1000 manatdı. Haqsızlıq baş alıb gedir. Bu səbəbdən cavanlar tərk eləyir Naxçıvanı. Adam qalmayıb Naxçıvanda.
Beləcə söhbətləşə-söhbətləşə gəlib mənzil başına çatırıq. Yaxşıca dincəlməliyəm, sabah görəcəyim xeyli iş var…

Yafəz Əkrəmoğlu