Sülhəddin Əkbər: «Prezident baş naziri yerinə oturtdu»
BMT Təhlükəsizlik Şurasında Rusiya Liviya ilə bağlı qərara bitərəf qalsa da, bu məsələ ölkə daxilində ciddi fikir ayrılığı yaradıb. Belə ki, baş nazir Putin Liviya sanksiyalarını və bu ölkəyə qarşı hərbi əməliyyatları kəskin pisləyib. Baş nazir Qərb dövlətlərinin Qəzzafiyə qarşı hərbi əməliyyatlarını səlib yürüşləri ilə müqayisə edib və BMT-nin Liviya sanksiyasını “yarımçıq və zərərli qərar” adlandırıb.
Onun sözlərinə görə, ABŞ-ın başqa ölkələrə hərbi müdaxilələrində “nə məntiq, nə də vicdan var”. Baş nazirin bu sözlərinə cavab elə ölkə daxilindən, prezident Medvedevdən gəlib. Dövlət başçısı “səlib yürüşü” kimi müqayisələrin işlədilməsinin yolverilməz olduğunu və bunun sivilizasiyaların toqquşmasına gətirib çıxara biləcəyini deyib. Medvedev BMT-nin qərarı ilə bağlı Rusiyanın rəsmi mövqeyinə də aydınlıq gətirib və TŞ-nin qətnaməsinin səhv qərar olmadığını qeyd edib.
Göründüyü kimi, Putinlə Medvedev arasında zaman-zaman meydana çıxan fikir ayrılığı Liviya hadisələrinə münasibətdə də özünü göstərdi. Ekspertlərin də bu məsələyə münasibəti birmənalıdır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Rusiya rəhbərliyi arasında yaranan fikir ayrılığını təsadüfi hesab etmir. Ilk dəfə olaraq Medvedevin açıq ictimaiyyət qarşısında Putinə cavab verməsini isə bu iki şəxs arasında qapalı mübarizənin üzə çıxması kimi qiymətləndirmək olar.
“Ilk dəfədir ki, bu qədər açıq qarşıdurma üzə çıxdı. Medvedevin Putinə açıq ictimaiyyət qarşısında birmənalı cavab verməsi onu yerində oturtması idi. Təsadüfi deyil ki, Medvedevin bu açıqlamasından sonra Putinin sözçüsü bunun baş nazirin şəxsi fikri olduğunu bildirdi. Çünki Rusiya Federasiyası Konstitusiyasına əsasən xarici siyasət prezidentin səlahiyyətinə aiddir”.
Fizzə