“Konvert” maaşları qayıdır?

Zərflərdə məmurlara verilən əlavə maaşlar (əslində korrupsiya və rüşvət qazanından ayrılmış pay) bir aydır verilmirdi. Amma indi başqa xəbərlər almaqdayıq. Bəzi oxucuların yazdığına görə, yenidən köhnə qaydaya üz tutulur. Bir çox dövlət qurumlarında işçilərə söz veriblər ki, tezliklə onlar köhnə “konvert”lərini yenidən alacaqlar. Bu xəbərlərin doğru və ya yalan olmasını bilmək elə də çətin deyil. Yaxın müddətdə buna da aydınlıq gələcək. Bəlkə “konvert”lərin kəsilməsi əvvəldən hiylə kimi düşünülüb və müvəqqəti plan imiş. Bəlkə də bu xəbərlər yalandır, ola bilsin işçiləri aldadırlar…

Amma zərflər yenidən paylanarsa, deməli, hakimiyyət elan etdiyi antikorrupsiya planlarından imtina edir. Baxmayaraq ki, cəmiyyət elə əvvəldən bu planların ciddi olduğuna inanmırdı. Doğrusu, elə ciddi dəyişikliklər də baş vermədi. Bununla belə, ordan-burdan xırda dəyişikliklərin olması ilə bağlı xəbərlər alırdıq. Köklü dəyişikliklər olmasa da, nələrsə vardı…

Bəs indi Ilham Əliyevin “korrupsiya bizə böyük ləkədir” sözləri necə olacaq? Yəqin bu sözləri yenidən veriləcək korrupsiya maaşlarının qoyulduğu zərflərin üstünə yazacaqlar…

Diktatorun oğlu diktator islahata başlayır?

Suriyada həm qan tökülür, həm islahat gedir. Hakimiyyəti 1994-cü ildə atası Hafiz Əsəddən alan prezident Bəşər Əsəddən maraqlı xəbərlər var. Ərəb bölgəsinin ən mühafizəkar rejimlərindən birinə rəhbərlik edən Bəşər təcili radikal islahatlara başladığını deyib. Ötən həftə onun müşaviri xalqa müraciətində bəyan edib ki, islahatlar imitasiya xarakteri daşımayacaq, dərin və köklü olacaq. Bəşərin müşaviri deyib ki, bu islahatlar təkcə sosial-iqtisadi xarakterli deyil, siyasi dəyişiklikləri də özündə əks etdirir. Tezliklə ölkədə 60-cı illərdən hökm sürən fövqəladə vəziyyət ləğv ediləcək. Siyasi partiyaların fəaliyyətinə hər cür şərait yaradılacaq, siyasi fəalların yaxınları əvvəlki işlərinə qayıda biləcək və s. Bəşərin müşaviri onu da deyib ki, ölkədə kütləvi aksiya keçirən vətəndaşların tələbləri haqlıdır və onları “bandit” adlandırmaq doğru deyil…
Islahatların hansı həyəcandan ortaya çıxdığı başa düşüləndir, amma görək nəticəsi necə olacaq. Təki bizim hakimiyyətin antikorrupsiya və yumurta islahatına bənzəməsin. Çünki Bəşərin rejimi də bir tərəfdən islahatlar elan edir, digər tərəfdən də dinc mitinqçilərə atəş açır. Üstəlik, onu da bilmirik ki, Bəşər bu islahatları həyata keçirmək üçün hakimiyyətdə qala biləcəkmi?!

Türkmənistanda yenilik

Analoqu olmayan inkişafla xoşbəxt gələcəyə doğru iri addımlarla gedən qardaş Türkmənistanda növbəti uğura imza atılıb. Burada Milli Xokkey Federasiyası yaradılıb. Rəsmi “Neytral Türkmənistan” qəzeti yazır ki, ölkənin Buz sarayında keçirilən yeni birincilik zəhmətkeşlərə böyük sevinc gətirib. Yarışın qalibi “Oğuz xan” komandasıdır. Mütəxəssislər deyib ki, xokkey bu ölkədə gün-gündən inkişaf edir. Tezliklə ölkədə qadın xokkey klubu da yaradılacaq.
Prezident Qurbanqulu Berdıməhəmmədov isə Nazirlər Kabinetinin Novruz bayramından öncə keçirdiyi iclasında idman və turizm nazirini sərt şəkildə tənqid edib. Prezident deyib ki, hökumət idmanın inkişafı üçün hər cür şərait yaratsa da, nazirlik bu sahədə işin daha uğurlu qurulmasını təmin edə bilmir. Bundan isə türkmən xalqı əziyyət çəkir. Prezident nazirə tezliklə işlərindəki qüsurları aradan qaldırmağı tapşırıb.
“Gundoğar” xəbər portalı isə yazır ki, Türkmənistanın hər yerində əhali xeyir və şər məclislərində yalnız bir məsələni müzakirə edir. Unun bahalaşmasını…