O, atasından qalma hakimiyyəti ələ keçirdiyi ilk gündə qara maskalılardan yararlandı. 2003-cü ilin oktyabrından tanıyırıq biz bu qara maskalıları…2005-in parlament seçkisini də o, qara maskalıların yumruqlarının gücünə uddu…
Sonra qara maskalılara çoxları tuş gəldi. Azərbaycanı işıqlı görmək istəyənlərin üstünə Ilham Əliyev hakimiyyəti həmişə qara maskalıları göndərdi.
Ötən gecə onlar bizim Seymur Həzinin siyasi şərhlərinə cavab veriblər. Seymur yəqin ki, sonuncu deyil. Ancaq ola da bilər.
Çətin deyil, elliklə qalxıb, bu eybəcər rejimin sifətindəki maskanı cırmaqla canımızı rahat edə bilərik.
Qara maskalılar ola bilər bir az qorxunc görünür, amma öz təbii dərilərini maskaya çevirmişlər onlardan da dəhşətlidir. Bizi bir yığın maskalı idarə edir. Onları maskadan, cəmiyyəti də onlardan xilas etməyin zamanı gəlib.
Qaz
Çoxdan məni dəli edən bir faktdan yazmaq istəyirəm. Televiziyadan, qəzet oxuyanlarınız isə qəzetlərdə görmüsünüz: hansısa bir kəndə qaz verilməsi elə təmtəraqla keçirilir ki…
Qazın verilməsinin açılışına rayonun icra başçısı gəlir (bəzilərinə dövlət başçısı), alovlu niqtlər bir-birini əvəzləyir, şadyanalıq düzəldilir, ata və oğlu Əliyevlərin portretləri qaldırılır. Adama elə gəlir ki, kənddə “Toyota” zavodunun açılışıdır. Mən bundan çox utanıram. Bu hadisəyə nə ad verəcəyimi də bilmirəm. Görməmişlik deyərdim, ancaq inciyənlərin çox olacağından ehtiyatlanıb, o sözü işlətməkdən qaçıram.
Bizim kəndə 80-ci ilin ortalarında qaz çəkilib. Bunu elə sakit, elə minnətsiz etmişdilər ki… Deyəsən, bütün kəndin qazlaşdırılması bu işi görən briqadaya qonaqlıq verilməsi ilə yekunlaşmışdı, vəssalam.
Guya o zaman biz daha qədirbilməz idik? Əlbəttə yox, sadəcə, indiki idarəedənlər düşük olduqlarından əhalini də özlərinə oxşadırlar. Saxta seçkinin yekunu kimi yaranan hakimiyyətin hər cəhəti saxta olmağa məhkumdu. Sevgisi də, nifrəti də…
Mitinqlər
Yaxın Şərqi başına alan kütləvi aksiyalar öz impulsunu hər dəqiqə bizim ölkəmizə ötürməkdədir. Ərəblərin etiraz aksiyaları bizim cəmiyyətə yenidən səfərbər olmağa, özünə inanmağa ciddi əsaslar verir. Azərbaycanlılar onlardan da əvvəl “el gücünün sel gücü” olduğunu bilirdilər. Bunu əməli olaraq sübut da etmişdilər. Ancaq dalbadal məğlubiyyətlər və “aksiyalar dövrü bitdi” kimi xain təbliğat insanlarımızı ümidsizliyə salmışdı. Bu gün isə əks-proses gedir. Hər kəs, köklü dəyişiklik etməyin elə də sirli-mübhəm səbəbi olmadığını artıq anlayır. Gücə qarşı güc dayanmalıdır. Budur sadə həqiqət. Despotları həmişə xalqın coşqulu dirənişi, meydanlarda göstərdiyi cəsarəti rədd edib. Azərbaycan da o günlərin astanasındadır.
2 aprelə təyin edilən mitinq hamımızın həyatında bir sınaq günüdür. Şikayətlənməyi, ah-uh etməyi bir kənara buraxıb, həmin mitinqin mütəşəkkilliyi üçün hər kəs əlindən gələni etməlidir. “2 aprel”in yükünü təkcə müxalifət partiyalarının çiyinləri üzərinə qoymaq bizim insafsızlığımızla yanaşı, həm də bir az sərt deyəcəm – tüfeyliliyimiz olacaq.
Mən neçə gündür ki, bütün dostlarıma deyirəm: mitinqin ön sırasında olmaqdan qorxursansa, ehtiyatlanırsansa, heç olmaya, “2 aprel”ə tamaşaçı kimi gəl.