Güllə səsi…

Indi bu səs ərəb dünyasını başına götürüb. Bu səs öz xalqına qənim kəsilmiş rejimləri bir-birinin ardınca tarixin arxivinə göndərir, səsləri daha gəlməyəcək yerə. Qanla bərabər AZADLIQ da gətirən bu səsin sevincini və kədərini yaşayan müsəlmanlara hətta həsəd aparanlar da var…
Nəyinə həsəd aparırlar, yaxud kimlər həsəd aparırlar? Təbii ki yenə də müsəlmanlar, başqa bir diyarda əsarət, zülm altında, öz xalqına qənim kəsilən diktatorun köləsinə çevrilənlər…

“Azərbaycanfilm”in istehsalı olan “Papaq”da maraqlı bir epizod var. Bəylər yeyib-içəndən sonra kədərlənirlər. Keçmiş günlər, xoş əyyamlar yadlarına düşür. Onlardan biri aşxana müdirini yanına çağırıb soruşur: “Niyə dərd-qəm çəkmək bu müsəlmanların alnına yazılıb?”. Doğrudan niyə? Toyu qəm, yası qəm, bayramı qəm. Hərəsinin bir problemi, dərdi var. Toyu, yası, bayramı necə yola vermək dərdi…

Novruz bayramında kəndə getmişdik. Qabaqlar mart başlanandan kəndə bir bayram ovqatı çökürdü. Hər gün axşamüstü qocalı-cavanlı hamı kolxoz həyətinə – kəndin baş meydanına yığışıb bayram şadyanalığına başlayardı. Yumurta döyüşdürən kim, oyun oynayan kim – nərd, loto, domino, hətta kart qarışdıranlar da vardı. Mehribançılığa həsəd aparılasıydı. Müstəqilliyimizi YAP-ın yağmalaması hər şeyi alt-üst elədi. Indi nə o oyunlar, nə o mehribançılıq var, daha o adamların da çoxu yoxdur. Kasıbçılıq, rəhbər sarıdan sahibsizlik, dərd-qəm aldı onları bizdən. Cavan-cavan getdilər dünyadan…

Kəndə girəndən kolxoz həyətinə tərəf boylanıram, kimsə gözə dəymir. Səssizlikdir…

Bayram axşamları kəndi tonqalların tüstüsü bürüyərdi. Hacıbalanın salyutundan fərqli atəşfəşanlığımız olardı. Bayramdan qabaq köhnə parçalardan hazırlayıb neftə qoyduğumuz şarları martın 21-i (bizdə indi də 21 mart bayram axşamı kimi qeyd edilir) axşamı göyə bülənd edərdik. Kəndin hər yerindən bu şarların işığı gəlirdi. Biri qalxıb, biri enirdi. Uşaqların səs-küyü kəndi başına götürərdi. Dəstə-dəstə uşaqlar qapılara papaq atmaqdan yorulmazdı. Bu il martın 21-də bu mənzərəni kənddə görmədim…
Hər il bayramqabağı cavanlar patron tədarükü görürdü. Adət idi, bayram axşamı hər ocaqdan atəş açılmalıydı. Bəzən kimsə yarışa da girirdi. Açılan atəşlərin sayı bilinmirdi. Hətta uşaqlar “tapança” da düzəldərdilər, evdə kibrit qoymazdıq. Oğurlayıb kükürdünü tapançalara doldurardıq. At ki atasan. Səs səsə qarışardı. Bu il o səsləri də eşitmədim. Təkcə ona görə yox ki, adamların durumu ildən-ilə pisləşib. Patron almaq imkanları tükənib. Həm də ona görə ki, çox evlərin çırağı sönüb. Adamları diriykən öldürüblər.

Didərgin salıblar, yurd-yuvalarından ediblər…

Həmişə hay-küylü, qonaq-qaralı olan qonşumuzda neçə ildir artıq ölü sükutdur. Qocalar dünyasını dəyişib, cavanlarsa Rusiyaya sığınıb. Bu bayramda da o evdə nə ocaq çatıldı, nə qazan asıldı, nə də güllə açıldı. Papaq da atılmadı o qapıya…

Belə ocaqları artıq kənddə saymaqla qurtarmaq olmur. Elə bizim evin yaxın ətrafında neçə-neçə belə çırağı sönmüş ev var. Əksəriyyəti Rusiyada sığınacaq tapan bu ev sahiblərinin bir də buralara üz tutması görünməz aylara, illərə qalıb…

Güllə səsindən xoşum gəlməyib, hansısa canlının həyatına qəsd olan bu səs həmişə narahat edib məni. Amma bu il martın 21-də kəndimizdə qulağıma dəyməyən güllə səsindən ötrü burnumun ucu göynədi. Bu göynərti həm də heç vaxt qayıtmayacaq günlərə, heç vaxt bu yurda dönməyəcək adamlara görəydi…