Güclə demokratiya dönəmi

Yeni düzən! Yer üzündə (dünya tarixində!) yeni dönəm başlayıb; güclə, güc yolu ilə demokratiya dönəmi. Ortaya yeni bir demokratikləşmə proyekti çıxarılıb. Proyektin gerçəkləşdirilməsinə çox düzgün olaraq planetin ən ölü nöqtəsindən – Ərəb dünyasından başlanıb. Ərəb dünyasında ABŞ-ın başlatdığı demokratikləşdirmə prosesi Liviya diktatoru Qəzzafini qırmızı parça görmüş öküzə döndərdi. Qəzzafi xalqla amansız savaşa başladı.

Xalq Qəzzafi qoşunlarının qarşısında qırıla-qırıla, addım-addım geri çəkilməli oldu. Ta müxalifətçilərin son qalası Benqaziyədək. Bu, demək olar, sonadək yenilmə durumu bizdəki müxalifəti ümidsizləşdirmiş, hakimiyyəti, əliyevçi rejim başçılarını ümidləndirmişdi. Bizdə bir çoxları Qəzzafinin Liviya müxalifətini yenəcəyindən üzüldüyü kimi, bizdəki Qəzzafiyönümlü rejim başçıları da Qəzzafinin az sonra baş tutacaq uğuruna qabaqcadan sevincək olmuşdular. Ancaq, sözsüz, “az sonrakı” uğura ən çox sevinən Qəzzafi ilə onun yaxınları idi. Qəzzafi bir-birinin ardınca gələn uğurdan necə qudurmuşdusa indiyədək tökdüyü qanlar azmış kimi Benqazidə ev-ev gəzib bütün müxalifətçiləri qıracaqlarını açıq bildirməkdən çəkinmirdi.

ABŞ-ın Qəzzafini Benqaziyədək aparıb çıxaracağını, sonra da bitirilənədək geriyə qovacağını bildirmişdim. Indiyədək bunların hamısı olub, qalan sonuncudur. Sonuncu da olacaq: ABŞ Qəzzafini Səddamın gününə salacaq; Qəzzafi xalqı qırmaq yoluyla özü özünü saldığı tələdən qurtula bilməyəcək. Bu isə Qəzzafi tipli bütün diktatorların özlərini saldıqları tələdir. ABŞ Qəzzafini xalqa, dünyaya qaniçən diktator olaraq daha çox tanıtmaq üçün Benqaziyədək çəkib apardı – tupoy bunu başa düşmədi! Benqazi üzərinə uğurlu yürüşün qızğın çağında Qəzzafi özü ağılda oğlu ilə birgə yalnız öz xalqına deyil, bütün dünyaya, başlıcası da super dövlətə meydan oxumağa başladı: “Bizə kimsənin gücü çatmaz. Biz Fransanı, Ingiltərəni, ABŞ-ı yenəcəyik!”. Pah atonnan, neft pulları nə olarmış, neft pulları adamı necə qudurdarmış! Beləcə, Qəzzafi qudura-qudura, xalqını qıra-qıra gedirdi. Kimsə ona “Dur!” deməliydi. O başdan bu başa allahsızlıq-diktatura içində olan müsəlman dünyasında ona “Dur!” deyəcək bir güc yox idi. Müsəlman ölkələri arasında tək demokratik dövlət olan Türkiyənin indiki hökuməti də Ərdoğan-Gül başqanlığında demokratik dünyaya deyil, Qəzzafiyə yandaş oldu.
Beləliklə, Iraqla bağlı baş verənlər Liviya ilə bağlı da baş verməkdədir. Ərdoğan hökumətinin Iraq kampaniyasındakı yanlış politikası Türkiyə, türklük üçün böyük itkilərə gətirib çıxardı. Birinci, keçmişdə Türkiyənin olmuş neftlə zəngin Kərkük, Mosul bölgəsi Türkiyədən daha da uzaqlaşdı; ikinci, Kərkük qırğın-köçürmə yoluyla arı Türk bölgəsi olmaqdan çıxarıldı; üçüncu, PKK bölgədə üstün gücə çevrildi. Ərdoğan-Gül partiyasına birinci özünün yanlış Iraq politikasından ortaya çıxanlar görk olmalı idi, ikinci də Fransanın indiki çabaları – antiLiviya koalisiyasında birincilik qazanmaq istəyi. Bu istək nədən doğur? Iraq kampaniyasında Fransa da koalisiya gücləri ilə ara saxlamaqla Iraqda uduzmuşdu. (Fransanın uzun illər Iraqda çalışmış başlıca neft kompaniyası TOTAL Iraqdan çıxarılmışdı). Ərdoğan-Gül hökuməti ötənlərdən dərs alaraq Liviya başda olmaqla bütün Ərəb ölkələrində çökməkdə olan diktatura rejimləri ilə deyil, demokratik güclərlə birgəlik sərgiləməlidir.

Bu gün Liviyada baş verənlər – ABŞ-NATO güclərinin diktatura üzərinə birbaşa yürüşü – ortadakı qarşısıalınmaz demokratikləşmə proyektinin açıq görsənişidir. Koalisiya güclərinin Liviyadakı hərbi operasiyaya kod adı elə-belə verilməyib: “Odisseya. Dan yeri”. Odissey Homerin bəlli poemasında Troya savaşının baş alpıdır. Uzun çəkən yolçuluqla bağlı belə deyilir: Odisseya! ABŞ uzun çəkəcək demokratikləşdirmə yolçuluğuna çıxıb…