Geyiminə görə qarşılananların ağlına görə yola salınması

Keçənlərdə bir qeyri-hökumət təşkilatı rəhbərinin açıqlamasını oxuyurdum, Azərbaycanda istehsal olunan sulara ögey münasibətdən bəhs edirdi, mənsə orada bir cümləyə takıldım. Deyirdi ki, hətta rəsmi qəbullarda belə masa üzərinə Fransadan gətirilmiş qazsız sular düzülür. Adam özü bunu televizorda gözləri ilə görüb, şəxsən bizim kralın hansısa xarici qonaqla görüşü zamanı masada fransız istehsalı olan su şüşələri varmış.
Yəni anlayacağınız bizim möhtərəmin içdiyi su belə, Avropadan gəlir.
Mindiyi təyyarə – ABŞ məhsulu.
Ayaqqabıları – Italiya, saatı – Isveç, avtomobilləri – Almaniya istehsalı.
Mobil telefonu finland brendi.
Taxdığı eynək – ingilis, qalstuk – fransız malı.
Ildə bir dəfə ətək-ətək neft pulları xərcləyib atasının xatirəsinə heç bir mənası olmayan, düşük “Gül bayramı” keçirir. Bəs bu mənasız bayramın gülləri harada becərilir? Hollandiyada.
Qısası, bizim kralın Qərbdən almadığı bir tək şey var: demokratiya.
Içdiyi su belə Avropadan gələrkən dinməyən, səsini içinə atan bir zehniyyət ondan azacıq insan haqlarına sayğı istənildimi, sərbəst toplaşmaq haqqına hörmət tələb olundumu, seçkiləri saxtalaşdırdığına, korrupsiyanı dövlətin təpəsinə oturtduğuna görə iynə ucu boyda tənqid edildimi bülbülə dönür, dil-dil ötməyə başlayır. “Heç kim bizim daxili işlərimizə qarışa bilməz” deyir. “Bizim öz yolumuz var” deyir. Ingiltərəyə, Fransaya, Almaniyaya ağıl öyrətməyə çalışır, onları “əxlaqsız” deyə damğalayır, millətə cin-şeytan donunda təqdim edir.

Oysa “Bizim öz yolumuz var” deyə əsib-coşan kral bir də dönüb üst-başına baxsa… Orada bizim olan nə var? “Bizim öz yolumuz”un ümidinə qalsaq, indi ayağımızda corabımız belə yox idi yəqin.

Və əsas sual: əcəba, niyə geyinib-geçinincə avropalı, dövləti idarə etməyə gəlincə şərqli olur kral həzrətləri? Avropanın demokratiyası pisdir də, Avropa dəyərləri əxlaqsızlıqdır da, milli mentalitetimizə ziddir də, Avropanın pencəyi, ayaqqabısı, qalstuku, saatı yaxşıdırmı? Madam ki, ölkəni ərəb şeyxləri kimi idarə etməkdə bu qədər israrçısan, madam ki, şərqli beyini ilə düşünüb şərqli ağzı ilə danışmaq bu qədər xoşuna gedir, madam ki, ürəyinin dərinliklərində xəlifə olmaq üçün alışıb yanırsan, onda zəhmət çək, qiyafəni də dəyiş. Əmmaməyə bürün. Əmr et, içmək üçün suyu da Fransadan yox, Ərəbistandan gətirsinlər, bizzat Zəm-zəm quyusundan. Yoxsa bəy dediyin nədir, bəyənmədiyin nə? Yoxsa qoluna Avropa saatı taxıb Moskva vaxtı ilə işləmək hansı səmimiyyət ölçüsünə, vicdan duyğusuna uyğundur?
Bir halda ki, çağdaşlığa bu qədər sırtını dönmüsən…
Bir halda ki, yaşadığımız əsrin ən böyük sərvəti olan hüquq və azadlıqlara sayğını tamamən itirmisən…
Bir halda ki, tərəqqipərvər bəşəriyyətin min cür zülmlə, can və qan bahasına qazandığı ədalətli mühakimə haqqını, özgürcə seçmək və seçilmək imkanını əlimizdən almısan… 
Bir halda ki, səni sevməyənlərin ağzını yummaqda, qələmini qırmaqda, dilini boynunun ardından çıxarmaqda bu qədər israrçısan…
Bir halda ki, sənin kimi düşünməyənlər sənin düşmənindir…
Bir halda ki, içində demokratiyaya, modern dünyaya bunca nifrət, bunca kin var, çıxar avropalı qiyafəsini də əynindən. Krallar kimi bəzən. Şeyxlər kimi geyin.
Axı hər şey hamımızın gözü qabağında baş verir, Avropanın bütün nemətlərindən doya-doya yararlanıb, Avropanın ən gözəl neməti olan demokratiyaya gözünün ucu ilə baxmamağın axırını hamımız birlikdə görürük. Görürük ki, geyiminə görə qarşıladıqlarını ağlına görə necə yola salır Avropa.
Yenəmi dərsini almayacaqsan?