Ədalət Yusibov: “Cəmiyyətdə bir gözlənti var”

Toplum indiki vəziyyətdə üzərinə düşən məsuliyyəti aydın şəkildə başa düşür

«İctimai Palata Azərbaycanda demokratik partiyaların fövqündə dayana biləcək bir gücə malik olacaq»

Ictimai Palatanın son iclasında təşkilatın sıraları bir qədər də genişləndi. Son toplantıda təşkilatın sıralarına daha 43 nəfər qəbul olundu ki, onlardan da 13 nəfəri deputatlığa namizəd, yerdə qalanları isə ictimai xadimlər, alimlər, xaricdə təhsil alan şəxslər idi. IP-nin Koordinasiya Şurasında KXCP-ni təmsil edən Ədalət Yusibovun sədrliyi ilə keçən son iclas eyni zamanda qarşıdakı 2 aprel aksiyası ilə bağlı geniş müzakirələrin keçirilməsi ilə də yadda qaldı. Bugünkü müsahibimiz KXCP Idarə Heyətinin üzvü Ə.Yusibova ilk sualımız təmsil olunduğu IP-nin perspektivini necə gördüyü ilə bağlı oldu.

– Artıq İctimai Palata cəmiyyətin maraq dairəsinə daxil ola bilib. Cəmiyyətin aktiv kəsimi, siyasi partiyalar bu təşkilatda təmsil olunurlar. Inanıram ki, gələcəkdə Ictimai Palata Azərbaycanda demokratik partiyaların fövqündə dayana biləcək bir gücə sahib olacaq. Əminik ki, Ictimai Palata qarşısındakı vəzifələrin icrasına yönəlik hərəkətləri reallaşdıra biləcək. Onu da qeyd edim ki, son iclasımızdakı qəbuldan sonra Ictimai Palataya müraciət edənlər bitməyib. Onlarla tanınmış simanın Ictimai Palataya üzvlüklə bağlı müraciəti hələ də var. Yaxın vaxtlarda yəqin ki, Ictimai Palatanın üzvlərinin sırası salonları əhatə edən həddi keçəcək. Təbii ki, bu proses tənzimlənəsi mərhələyə gəlib çatmalıdır. Artıq bu istiqamətdə müəyyən təkliflər verilib. Bu təkliflər həm təşkilatın idarə olunmasını, həm də fəaliyyətini əhatə edir.

– Ölkədəki hazırkı vəziyyəti necə qiymətləndirmək olar? Hakimiyyət ölkədə vəziyyətin normal olduğunu və stabilliyin hökm sürdüyünü bəyan edir. Amma ölkədəki situasiya tam başqa həqiqətlərdən xəbər verir…
– Azərbaycan dünyanın tərkib hissəsidir və dünyada gedən proseslərin təbii ki, Azərbaycana da aidiyyəti var. Azərbaycan cəmiyyətində siyasi aktivlik getdikcə artmaqdadır. Bu da təsadüfi deyil. Çünki hazırda cəmiyyət ölkədəki sosial-iqtisadi durumu rədd edir. Hakimiyyət də yaranmış vəziyyətdə çıxış yolunu bu və ya digər formada rüşvətxorluq, korrupsiyaya qarşı mübarizənin elan olunmasında görür. Amma hazırda cəmiyyəti razı salan addım ciddi siyasi, iqtisadi islahatlardan keçir. Yalnız ciddi dəyişikliklər siyasi mühiti, ictimaiyyəti razı sala bilər. Kosmetik dəyişikliklər cəmiyyətin stabilləşməsinə yox, əksinə problemlərin dərinləşməsinə səbəb ola bilər. Bu, hakimiyyətin xeyrinə deyil. Azərbaycan müxalifətinin əsas aparıcı qüvvəsi Ictimai Palataya toplaşıb. Ictimai Palatanın ərəb dünyasında baş verənlərə münasibəti bəllidir. Azərbaycanda biz inqilabi dəyişiklikləri arzu etmirik. Siyasi-iqtisadi islahatlar yolu ilə Azərbaycandakı mövcud böhranın aradan qaldırılmasını istəyirik. Ümid edirik ki, hakimiyyət real şəraiti dəyərləndirərək, islahatlar yolunu seçərək, Azərbaycanı uçurumdan xilas etmək üçün Ictimai Palatanın sərgilədiyi mövqe ilə bağlı anlaşma ortaya qoyacaq.

– Hazırda Azərbaycan cəmiyyətindəki atmosferi necə dəyərləndirirsiniz? Bir çox ekspertlərin fikrincə, ölkədəki narazıların sayının günü-gündən artması radikal dəyişikliklər üçün əlverişli zəmin hazırlayır.
– Ümumən yanaşdıqda hər şeyi adi gözlə görmək olar. Beş ay bundan əvvəl Azərbaycanda parlament seçkiləri keçirildi. Xalqın 85-90 faizi taleyinə biganə qaldı, hakimiyyətin siyasi oyunlarında iştirak etmək istəmədi. Bununla hakimiyyətin siyasi oyunbazlıqlarına münasibətini bildirdi. Hazırkı fakt isə bundan ibarətdir ki, seçkilərdən sonrakı dönəmdə çox aktiv bir siyasi mühit yaşanır. Cəmiyyət indiki vəziyyətdə üzərinə düşən məsuliyyəti aydın şəkildə başa düşür. Eyni zamanda cəmiyyətdə bir gözlənti var. Amma Ictimai Palatanın hazırkı təşkilatlanma səviyyəsi cəmiyyətin gözləntilərinə adekvat deyil. Odur ki, Ictimai Palatanın qarşısında yaxın bir ay ərzində böyük vəzifələr dayanır. Bunlar təşkilatlanma və yaranmış vəziyyətdən çıxış yollarının tapılmasından ibarətdir.

– 2 aprel mitinqi ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
– Düşünürəm ki, bu aksiyaya əhalinin münasibəti müsbət olacaq. Biz martın 12-də Müsavat Partiyasının mitinqində də bunun şahidi olduq. Bu aksiyada təkcə partiya üzvləri yox, ictimaiyyət nümayəndələri də iştirak edirdi. Ictimai Palata özünün ilk aksiyasına güclü hazırlaşır. KXCP Ali Məclisinin yığıncağında əsas müzakirə olunan məsələlərdən biri də 2 aprel aksiyasına hazırlıq idi. Düşünürəm ki, aprelin 2-də aksiya izdihamlığı ilə yadda qalacaq.

Xəyal