Baş konsul qız qalmaqalından danışdı

Martın 19-da Sankt-Peterburqda Novruz bayramının qeyd olunması zamanı baş vermiş qalmaqal hələ də davam edir.

Xatırladaq ki, azərbaycanlı icmanın Heydər Əliyev Fondu və Azərbaycan Baş Konsulluğu tərəfindən təşkil edilmiş bayram tədbirində zalda olanlardan biri baş konsul Qüdsi Osmanovun sözünü kəsərək, onu Aybəniz adlı qızı zorlamaqda ittiham edib. Qız ittihamçının yanında olub və baş konsulun ünvanına olan ittihamları təsdiq edib. Sonra ittihamçılar nümayişkaranə şəkildə zalı tərk ediblər. Baş verənlərin lentə alındığı videokadr operativ olaraq Internetdə yayılıb.
Hadisədən beş gün sonra Qüdsi Osmanov xüsusi bəyanatla ittihama cavab verib və bunu böhtan və təxribat adlandırıb.

Baş Konsulluq hüquq-mühafizə orqanlarına müraciət edərək, müvafiq videomaterialları təqdim edib. Bundan başqa, Baş Konsulluq Rusiya XIN-in Sankt-Peterburqdakı nümayəndəliyinə rəsmi nota verib. “Hadisənin ciddiliyini nəzərə alaraq, bu məsələ hüquq-mühafizə orqanları tərəfindən qanun çərçivəsində araşdırılmalıdır”, – deyə Osmanov bildirib.