Azadlıq irrasional olanda

Yaz gəldi. Ənənəvi olaraq yazda həmişə siyasi proseslər dinamik olub. Bir məsələ var ki, avtoritar rejim üçün istər yaz olsun, istərsə də qış, elə bir fərq eləmir. Amma çox şey özümüzdən asılıdır. Bilirsiniz, yadıma nə düşdü? Bəli, Nəsimi! Xatırlayırsınızmı? Ey bülbülü-qüdsi, nə giriftari-qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə!.. Bəli, doğrudan da gözəldir. Həqiqətən də belə şeyləri eşidəndə bir daha əmin olursan ki, əsl şair üçün elə vəzn də şərti şeydir. Azad insan da azad şair kimidir. Insan gərək birinci öz içindəcə azad olsun. Düzdür, təbiətin insanın mahiyyətində kodlaşdırdığı ziddiyyətlər var və bu ziddiyyətlər Freydin dediyi kimi, “libido” ilə mədəniyyət, sosial və ictimai normalar və dəyərlər arasındakı böyük bir mübarizədir, bu, insanın xislətindədir. Amma ictimai mənada anlaşılan azadlıq elə təhtəlşüurdakılara meydan vermək deyil, mədəniyyət və sosial normalar insanın bioloji təbiəti qarşısında dayanan səddir. Bilmirəm, mən bəlkə də yanılıram, amma mənə elə gəlir ki, məsələ belədir. Ümumiyyətlə, Freyd azadlığı necə başa düşürdü və necə dərk edirdi, bu, maraqlı bir söhbətin mövzusu ola bilər. Böyük təbib özünü heç də filosof hesab etmirdi, o, həmişə özünü psixiatr sayırdı. Nə isə. Təbiətlə bizim aramızda bir mədəniyyət səddi var. Russo ilə Freyd belə çıxır ki, divarın müxtəlif tərəflərində dayanıblar. Olsun. Qoy, necə dayanıblar, elə də qalsınlar. Əsas odur ki, biz dalana dirənməyək. Amma siyasi mənadə elə biz də dalandayıq. Zaman, beynəlxalq şərait, dünyadakı proseslər – bunların hamısı bizə dalandan çıxmağa yardımçı olmalıdır. Amma mənə elə gəlir ki, problem bir az da qəlizdir. Məsələ heç də çıxış yolunun olmamasında deyil, belə çıxış var, problem ondadır ki, çox az adam çıxış yolu axtarır. Bilirsiniz, bu, nəyə bənzəyir? Hansısa böcək ömrü boyu iki ölçülü səth üzərində sakit yaşayır, heç vaxt düşünmür ki, üçüncü ölçü də var. Bizim vəziyyətimiz elə buna bənzəyir. Çoxumuz üçüncü ölçü haqda düşünmürük. Azlıq azadlıq və siyasi hüquqlar tələb edir, çoxluq isə buna etinasız yanaşır, ölkədəki siyasi rejimin mədəniyyəti isə imkan vermir ki, azlığın bu tələblərinə də diqqətlə və hörmətlə yanaşsın. Siyasi dalan budur! Bu situasiya həmişə Domokl qılıncı kimi bizim başımızın üzərində dayanıb. Elə ötən əsrin əvvəlindəki səylərimiz də bəziləri tərəfindən bir eksperiment kimi qiymətləndirilir, bir qrup ziyalının eksperimenti kimi. Olsun. Bizlər liberalıq. Amma cəmiyyət və quruluş liberal deyil – problem bundadır. Faciə də elə azad insanın azad olmayan cəmiyyət içindəki faciəsidir.

150 il bundan əvvəl təhkim idilər

Ruslar təhkimçilik hüququnun ləğvinin 150 illiyini qeyd edir. Böyük bayram hesab oluna bilər. Hətta paralellər aparırlar – ABŞ-dakı quldarlıq və Rusiya imperiyasındakı təhkimçilik hüququ. Bəlkə oxşarlıq var. Amma ruslar görən nə vaxtdan “qaradərili” olublar? Onlar elə bu gün də azad deyillər və bu bir faktdır. Rusiyada həmişə islahatçılara qəsd ediblər. Əgər səhv etmirəmsə, təhkimçilik hüququnu ləğv edən çar Aleksandrın özü də qəsd nəticəsindəcə ölmüşdü. Nə isə. Qoy, bayram etsinlər. Hər halda 150 il bundan əvvəl azad olmasalar da yerdəyişmə hüququ qazanıblar. Bunu da qeyd etməyə dəyər. A.Soljenitsının bir sözü vardı ki, məhbəs əsl yazıçı üçün cənnətdir. Indi elə millətlər də var ki, məhbəs onlar üçün cənnətdir, hə, onlar ancaq məhbəsdə yarada bilirlər. Ruslar da həmişə azadlığı irrasional bir anlayış kimi qavrayıb və dərk ediblər, bəlkə elə buna görə indiyə qədər bu ideyanı rasionallaşdıra bilməyiblər. Ona görə də 150 il bundan əvvəldə nə vardısa, indi də odur. Hər şey var – çörək, araq, amma azadlıq yoxdur! Olmayacaq da. O vaxta qədər ki, onlar başqa millətlərin də azadlığını tanımayacaqlar. O vaxta qədər ki, öz irrasional missiyalarından əl çəkib normal millətlər sırasına qatılmayacaqlar və başqalarını xilas etmək mərəzlərindən əl çəkməyəcəklər. Nə vaxt əl çəkib özləri haqda düşünməyə başlayacaqlar, onda azadlıq da olacaq, elə araq da və bayram etməyə də dəyəcək.