ABŞ səfiri Əliyevə “üçüncü yol” göstərdi

Metyu Brayza Azərbaycan Konstitusiyasına niyə istinad etdi?

 

Metyu Brayza bəyanatlarla çıxış edib. Azad Fikir Universitetindəki məruzəsində ABŞ-ın ölkəmizdəki baş diplomatı bir çox ictimai sahələrə və siyasətin özünə aid məsələlərə dair ölkəsinin, həmçinin özünün mövqeyini çatdırıb. Onun fikirlərinin əsas istiqaməti isə Avroatlantik məkanın başlıca fiquru olan Vaşinqtonun ölkəmizin siyasi gələcəyinə dair düşüncələri olub.
Brayza eyham vurmadan, çox açıq mətnlə bir çox problemlərin üstünə gedib və öz ölkəsinin bəzi müttəfiqləri ilə davranışları tarixinə toxunub. Misirin devrilmiş diktatoru Hüsnü Mübarəklə bağlı fikirlər səsləndirib. ABŞ səfirinin çıxışından tam aydın olur ki, onun ölkəsində ikitərəfli və çoxtərəfli müttəfiqlik qaydalarına yeni paradiqmalar əlavə olunub. Və ya yeni paradiqmalar bir çox köhnə və özünü doğrultmayan dəyərləri sıradan çıxarıb.
Hüsnü Mübarəkin devrilməsinə baxmayaraq, Misir ABŞ-ın ən yaxın müttəfiqi olaraq qalır və orada demokratiyanın bərqərar olması ABŞ-ı daha da arxayın edib. Indi aydın görünür ki, ABŞ-la müttəfiqlik Misir xalqının seçimi olduqda daha etibarlı olur. Bu nəticələri çıxarmaq üçün səfirin aşağıdakı fikrinə diqqət yetirmək kifayətdir: “Qərb dünyasında belə fikirlər səslənirdi ki, Misirin keçmiş prezidenti Hüsnü Mübarək dünya ictimaiyyəti qarşısında iki seçim qoymuşdu: ya onun güclü avtoritar hakimiyyəti, ya da fundamental islam ekstremizmi…”
Metyu Brayza daha sonra deyib ki, Azərbaycan üçün bu iki yolun heç biri məqbul deyil və onun üçüncü yolu olmalıdır… Bu yol isə islahatlar yoludur. Səfir Azərbaycan rəhbərinə Hüsnü Mübarəkin yolunu getməməyi də tövsiyə edib. Bu, eyni zamanda mövcud seçimləri təqdim etməkdir. Üçüncü yolu seçməyənlərin aqibəti Hüsnü Mübarəkin aqibəti kimi olacaq.

 

Əliyev oxumayıbmı?

Brayza sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına toxunarkən Azərbaycan Konstitusiyasına istinad edib. Konkret olaraq, 49-cu maddəni göstərib. Görünür ki, Ilham Əliyev Brayzanın oxuduğu kitabı oxumayıb. Nəzərdən qaçırmaq olmaz ki, bu, Azərbaycan Konstitusiyasıdır və Ilham Əliyev də ona əl basıb, xalqa xidmət edəcəyinə and içib. Brayza isə bu istinadla Ilham Əliyevə bütün cizgiləri keçdiyini xatırladıb.

Mitinq günü istirahət…

12 mart günü şəhərin mərkəzində ailəsilə birgə gəzintidə olan Metyu Brayza deyib ki, həmin gün mərkəzdə olan mitinq onun istirahət hüququnu pozmayıb. Bu, həm də mitinqlərin vətəndaşlara mane olduğunu iddia edən hakimiyyət nümayəndələrinə diplomatik cavabdır.

Haradan başlamalı?

Səfir bildirib ki, təhsil və yeni media çox mühümdür. O, Hillari Klintonun internetə olan basqılara dair iki dəfə münasibət bildirdiyini, internet azadlıqlarının dəstəkçisi olduqlarını qabardıb. Eyni zamanda, xanımların da sosial həyatda ciddi fəallıq etməli olduqlarını vurğulayıb.
Səfir Azərbaycanda səhiyyənin də durumundan narahatlıq  keçirdiyini qeyd edib. Ölkədə vərəmin geniş yayılmasından həyəcanını ifadə edib. Açıq şəkildə bütün foks qrupların maraqlarının təmin olunmadığını deməkdən çəkinməyib.

Birinci yumurta…

ABŞ səfiri diskussiya zamanı ölkədə hələ də davam edən inhisarçılıq və monopoliyalardan danışıb. Eyni zamanda deyib ki, Ilham Əliyev yumurtanın qiymətinin süni şəkildə qalxmasına müdaxilə edib və məsələ həll olunub. Görünür, Brayza Ilham Əliyevə “Alınmadı” mesajını beləcə çatdırıb. Onun bu fikirləri həm də, Ilham Əliyevə monopoliyaların ünvanını göstərmək məqsədi daşıyıb.

Seymur Həzi