İctimai Palatanın aksiyasına Islam Partiyası da qatılacaq
İctimai Palatanın aprelin 2-nə təyin etdiyi aksiyaya təşkilata daxil olan partiyalarda ciddi hazırlıq davam etməkdədir. Bundan başqa, IP-yə daxil olmayan təşkilatlar da böyük məmnuniyyətlə aksiyaya qatılacaqlarını əvvəlcədən bəyan ediblər.
AXCP Ali Məclisinin sədri Həsən Kərimovdan aldığımız məlumata görə, partiyanın rayon şöbələrində aksiyaya hazırlıq bir nömrəli vəzifəyə çevrilib: “Artıq partiyanın rayon şöbələrinin məclisləri öz işlərinə başlayıblar. Təşkilatın üzvləri aksiyaya səfərbər olunmaqla yanaşı, fəallarımız bitərəflərlə də müxtəlif görüşlər keçirirlər. Bu görüşlərdə aksiyanın mahiyyətinə və keçirilmə səbəblərinə aydınlıq gətirilir. Həmin təmaslardan bu qənaətə gəlmək mümkündür ki, əhalinin aksiyaya marağı böyükdür”.
Hakimiyyətin cəmiyyətdə sosial bazasını tamamilə tükəndirdiyini deyən H.Kərimov vurğuladı ki, iqtidarın apardığı son siyasət toplumda ikrah hissi doğurur. “Azərbaycan xalqını bu hakimiyyət kasıbçılıq, yoxsulluq imtahanına çəkir. Bu cür siyasət sona qədər davam edə bilməz”, – deyə H.Kərimov vurğuladı.
Müsavat başqanının müavini Tofiq Yaqublu da bildirdi ki, dünən partiyanın məclisindəki əsas müzakirə mövzularından biri IP-nin aprelin 2-dəki aksiyası ilə bağlı olub. Müsavat Partiyasının da rayon təşkilatları tam gücü ilə aksiyaya hazırlıq işlərinə səfərbər olunub. Artıq rəhbərliyin göstərişlərinə uyğun olaraq aksiyanın təşkilati-texniki işləri, demək olar, başa çatmaq üzrədir.
KXCP-də də aksiya ilə bağlı mühüm addımlar atılıb. Martın 25-də KXCP Ali Məclisinin toplantısında 2 aprel aksiyası geniş müzakirə olunub. Partiyadan verilən məlumata görə, KXCP-də Aydın Şükürov, Ədalət Yusibov, Xəzər Teyyublu, Ismayıl Yusifov, Fikrət Cəfərov, Elman Türkoğlu və Aytəkin Imranovadan ibarət tərkibdə Mitinq Komitəsi yaradılıb.
Ali Məclis adından qəbul edilən bəyanatda deyilir ki, iqtidar siyasətinin ana xətti olan ölkəni çıxılmaz vəziyyətə salan problemləri dərinləşdirməklə hakimiyyətini uzatmaq taktikası dəyişməz qalır: “1994-cü ilin mayından bədnam atəşkəslə başlanan təslimçi sülh siyasəti ilə Qarabağ və ətraf rayonların ermənilərə verilməsi başa çatdırılmaq üzrədir. Xammal ixracatçısına çevrilən ölkənin bütün istehsal sahələri məhv edilib. Sözdə bazar iqtisadiyyatlı ölkənin çökmüş iqtisadiyyatının problemlərini inzibati-amirlik yolu ilə, bir çıxışla həll etməyə (yumurta siyasəti) cəhd edilir. Vətəndaşlar sosial problemlər içərisində boğulur. Konstitusiya, qanunlar kağız parçasına çevrilərək dövlətin qanunvericilik və məhkəmə sistemi yararsız hala salınıb. Hakimiyyət ölkəni tiranların heykəlləri ilə bəzəyərək demokratiyaya qarşı düşmən mövqedən əl çəkmir. Xarici siyasət və kütləvi informasiya vasitələri bir ailənin təbliğat vasitəsinə çevrilib. Jurnalistlər həbsdə, ziyalılar iqtisadi asılılıqda saxlanır. Vətəndaşından qorxan, korrupsiyanı, rüşvəti, yalanı və saxtakarlığı idarəetmə üsuluna çevirərək beynəlxalq təşkilatlara daşıyan və ölkəni ən pis feodal qaydalarla idarə edən bu rejim daha nə etməlidir ki, onu istefaya göndərək”.
KXCP hesab edir ki, bütün mütərəqqi qüvvələrin xalqla birləşərək indiki hakimiyyəti tezliklə istefaya göndərməsinin vaxtı çatıb: “Bu işin həyata keçməsi üçün zəruri olan hər cür addımı atmağa hazırıq”.
AMIP-in mətbuat katibi Əli Orucov bildirdi ki, partiyanın Siyasi Şurasının son toplantısında rayon təşkilatlarına aksiyaya hazırlıqla bağlı son tapşırıqlar verilib. AMIP-çi gənclərin aksiyada fəallığı ilə seçiləcəyini deyən Ə.Orucov bildirdi ki, artıq gənclərlə bir neçə görüş arxada qalıb: “Bundan başqa, gənclərimiz təhsil aldıqları ocaqlarda da aksiya ilə bağlı məlumatlandırma aparıblar. Düşünürük ki, aprelin 2-dəki aksiyaya böyük maraq olacaq”.
Bundan başqa, Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov nardaranlıların və Islam Partiyası üzvlərinin də müxalifətin aprelin 2-də keçirəcəyi aksiyada iştirak edəcəklərini bildirib.
Xəyal