kiv-df

Tarixin söz yaddaşı – qədim əlyazmalar


Zəngin mənəvi irsimiz

Orta əsrlərdə Azərbaycan ərazisində ərəb, fars və türk dillərində nəfis əlyazma nümunələrinin yaranması, dünyanın elm və mədəniyyət dühalarının kitablarının ölkəyə gətirilməsi ilə milli kitab mədəniyyətimiz xeyli zənginləşmişdir. Mənbələr bu dövrdə Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplandığını göstərir.
Tarixin ayrı-ayrı dövrlərində, o cümlədən XX əsrin birinci yarısında Azərbaycan əlyazmalarına qarşı xüsusi qəddarlıq müşahidə edilmiş, onların böyük bir hissəsi müxtəlif bəhanələrlə məhv edilmişdir. 1924-cü ildə xalqın yazılı irsinin şüarçılıqla sıradan çıxarıldığını görən bəzi ziyalılarımızın təşəbbüsü ilə I ÜmumAzərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitablarının, sənədlərin və qədim çap kitablarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilmiş, bu iş 1929-cu ildən həyata keçirilməyə başlamışdır. Toplanmış abidələr ovaxtkı Azərbaycanı Öyrənmə Cəmiyyətində kitabxana şəklində mühafizə edilməyə başlamış, sonralar akademiyanın müxtəlif müəssisələrində saxlanılmışdır. 1950-ci ildə toplanmış materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan Elmlər Akademiyası təşəbbüs qaldırmış və Azərbaycan SSR Nazirlər Soveti ayrıca bir müəssisə kimi Azərbaycan SSR EA Respublika Əlyazmalar Fondu (RƏF) yaradılması haqqında qərar qəbul etmişdir.
Bu gün Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar Institutu dünyada ən zəngin Şərq yazılı abidələri toplanmış əlyazma mərkəzlərindən biri sayılır və şimallı-cənublu Azərbaycan əlyazmalarının mühafizə edildiyi yeganə milli institut kimi fəaliyyət göstərir.
Hazırda Əlyazmalar Institutunun kolleksiyasında ümumi sayı 60 minə yaxın olan müxtəlif xarakterli materiallar saxlanılır. Bunlardan 12 minə yaxını əlyazma kitabıdır (hər kitabda orta hesabla 4-5 əsər yazıldığını nəzərə alsaq, 40 mindən yuxarı əsərin əlyazmasıdır), qalanları isə tarixi arxeoqrafik sənədləri, XIX əsrin ikinci yarısı – XX əsrin birinci yarısı (Səməd Vurğuna qədər) Azərbaycan mədəniyyət xadimlərinin şəxsi arxivlərini, daşbasma və əski çap kitablarını, əski dövri mətbuat materiallarını, foto və kserosurətləri, mikrofilmləri, həmçinin azərbaycanşünaslığın müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir. Min illik bir dövrü əhatə edən Azərbaycan və digər müsəlman şərqi ölkələrinin türk, ərəb və fars dillərində yazılmış abidələri institutda yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. Şərqin, demək olar, bütün böyük klassiklərinin əsərləri və ya onlardan nümunələr institutun kolleksiyasında təmsil olunmuşdur.

3 əlyazma YUNESKO-nun əlyazmalar irsi siyahısında…

Ümumiyyətlə, respublikada yazılı abidələr üzərində indiyədək aparılan elmi axtarışlarda mühüm nailiyyətlər əldə edilmişdir. Bu sahədə Əlyazmalar Institutu alimlərinin qazandığı uğurlar ayrıca qeyd edilə bilər. Keçən əsrin 50-80-ci illərində Əlyazmalar Institutunda Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışmışlar. Həmin dövrdə Azərbaycan əlyazmaşünaslığının bir sıra sahələrinin əsası qoyulmuş və ya azərbaycanşünaslığın ayrı-ayrı istiqamətləri inkişaf etdirilmidir. Bununla da, “Kitabi-Dədə Qorqud”un mətni, Xaqani Şirvani, Şeyx Mahmud Şəbüstəri, Seyid Imadəddin Nəsimi, Kişvəri, Şah Ismayıl Xətai, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Lütfəli bəy Azər, Mirzə Həsən Qarabaği və b. bir sıra klassiklərin irsi öyrənilmiş və əsərləri nəşr olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutunda orta əsrlər Şərq əlyazmaları yığılır, sistemləşdirilir, saxlanılır və dərc olunur. Hazırda burada türk, cığatay, fars, ərəb və başqa dillərdə 40000-ə yaxın sənəd var.  Onlardan 11 000 mindən çoxu qədim əlyazma əsərləridir. Bu mətnlər bizə orta əsrlərdə insanların tibb, astronomiya, riyaziyyat, poeziya, fəlsəfə, hüquq, tarix və coğrafiya haqda hansı fikirdə olduqları haqda məlumat verir.
40 min müxtəlif material toplanılan Əlyazmalar Institutunun 3 əlyazması YUNESKO-nun əlyazmalar irsinə daxil olub.
Institutun ən dəyərli sənət incilərindən biri də XII əsr Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən yazılmış şerlər toplusu olan “Xəmsə”nin tam əlyazmasıdır. Əlyazmanın üzü 1636-ci ildə Dust Məhəmməd ibn Dərviş Məhəmməd Dərəxtiçi tərəfindən köçürülmüşdü. Əlyazma ona görə yeganədir ki, Dust Məhəmməd əlyazmanı yaradarkən, əldə etmək mümkün olan ən qədim “Xəmsə”ni aldı və özünün əlyazmasının üzünü ondan köçürdü. Mətn XV əsrdə yayılmış yazı üslubu olan nəstəliq xətti ilə yazılıb. Hər bir şeirin başlığı parlaq rənglərlə və qəşəng qızılı naxışlarla bəzədilib. Burada Isfahan miniatür məktəbinə aid miniatürlər var.
Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər XV əsrə təsadüf edir. XVI əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydu. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.

Misilsiz söz inciləri

Əlyazmalar Institutunda Sənainin “Həqiqət Bağı” (1625-ci ildə yazılmışdır), Əmir Xosrov Dəhləvinin “Səkkiz Behişt” (1579), Nizami Gəncəvinin “Yeddi gözəl” (1636), Urfinin “Divan” (XVII əsr), Hafiz Şirazinin “Divan” (1584), Məktəbinin “Leyli və Məcnun” (XVII əsr), Əmir Şahinin “Nuşafərin və Gövhərtac” (1829), “Divan” (1573), Məhəmməd Füzulinin “Divan” (XVII əsr) əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablar da var.
Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapmışdır. Nizaminin “Xəmsə”sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnunun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.
Institutda olan digər vacib tibbi əlyazma Şəmsəddin ibn Kəmaləddin Kəşaninin “Bədənlərin ruhları”dır (Ərvah əl-Əcsad) əsəridir. Bu tibbi ensiklopediyanın üzü XVII əsrdə su nişanları olan yüksək keyfiyyətli Avropa kağızına köçürülmüşdü. Kəşani öz kitabında sadədən mürəkkəbə doğru hər bir dərman və xəstəliyin geniş şərhini verir.
Bu kitabı yazmamışdan əvvəl Kəşani qədim və orta əsrlər təbibləri Hippokrat, Qalen, Zəkəriyə Razi, Ismayil Qurqani (Cürcani) və Ibn Baytar da daxil olmaqla öz sələflərinin əsərlərini diqqətlə öyrənmişdi. Onun ensiklopediyası çox unikal və nadir əsərdir, çünki bu əsər haqda məlumat, Bakının Əlyazmalar Institutundan başqa, dünyanın heç bir kataloq və mənbələrində öz əksini tapmamışdır.
Məhəmməd bin Əbubəkr əş-Şəfi tərəfindən XV əsrdə yazılmış “Irşadül-Mühtac ilə şərhül-minhac” əsəri hüquqa aiddir. Bu əsərdə Əbubəkr “Minhacüt-tibin” kimi tanınan müsəlman qanunu (fiqh) üzrə ən geniş və məşhur əsərin izahını verir. “Minhacüt-tibin” əsəri XIII əsr tanınmış hüquqşünası olan Imam Mühyəddin Əbu Zəkəriyyə Yəhya bin Şərəf ən-Nəvai əş-Şəfii tərəfindən yazılmışdır. “Əl-Irşad”ın Bakı əlyazması böyük maraq doğurur. Belə ki, o, müəllifin öz əli ilə köçürülmüşdür.
Diqqəti cəlb edən digər bir nadir əsər XV əsr astrologiyaya dair türk əlyazması “Kitabüt-Təncim”dir. Onun müəllifi olan azərbaycanlı alim Hoca ibn Adili Ibray müxtəlif bürclər, ulduz və planetlərin insan taleyinə təsiri haqda və ulduz falını hazırlamaq və oxumaq barədə məlumat verir. Bu əlyazmanın mövcudluğu sübut edir ki, artıq XV əsrdə Azərbaycanda türk dili çox yaxşı inkişaf etmişdi. O dövrdə artıq Azərbaycan türkçəsində astronomik, astroloji, coğrafi, fəlsəfi və etik anlayışları ifadə etmək üçün terminlər var idi.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir