Sakinlər Buzovna-Maştağa yolunu bağladılar

Polis kənd əhalisinə hücum etdi, yaralılar var

 

Neft Şirkətinin ərazisi əvvəlcə sakinlərə 10-12 min manata satılıb, sonra isə əllərindən alınıb

Buzovna qəsəbəsinin ərazisində, Neft Şirkətinə (“Tağıyevneft”) məxsus olduğu söylənilən sahədə tikilən evləri heç bir xəbərdarlıq etmədən sökməyə başlayıblar. Burada 200-dən artıq evin sökülməsi, sakinlərə isə bunun müqabilində heç bir kompensasiyanın verilməməsi planlaşdırılıb.
Evləri sökmək üçün əraziyə texnika yeridiləndə qəsəbə sakinləri etiraz aksiyasına əl atıblar. Bir neçə yüz adam Buzovna-Maştağa yolunu bağlamaqla müvafiq orqanların diqqətini cəlb etməyə çalışıb. Etiraz aksiyasını dağıtmaq üçün əraziyə əlavə polis dəstələri cəlb edilib. Polis qəsəbə sakinlərinə hücum edib, toqquşma baş verib. 6 nəfərin ağır yaralandığı bildirilir.

“Bu xarabada bizim yaşamaq haqqımız yoxdur?!”

“Azadlıq”a məlumat verən qəsəbə sakinləri bildirirlər ki, burada ev tikmək üçün torpaq almağa külli miqdarda pul veriblər: “Biz buraları özbaşına zəbt etməmişik. Həyətyanı sahə üçün 10-12 min manat pul verilib. Indi gəlirlər ki, hansısa məmur qanunsuz iş görüb, burada ev tikilə bilməz, evləriniz sökülməlidir. Indi heç kim şübhə etmir ki, son qəpik-quruşunu burada ev tikmək üçün xərcləyən kasıb-kusubu qovub bu torpaqları pullu məmurlara satacaqlar. Biz neyləyək, bu xarabada bizim yaşamaq haqqımız yoxdur?!”
“Bu ərazidə tikilən evlər kimlərə məxsusdur?” sualına cavab olaraq bildirdilər ki, orada ev tikənlər arasında məcburi köçkünlər də var, yerli buzovnalılar da: “Hamısı kasıb-kusubdur. Ona görə bizi qanımıza qəltan eləyirlər də… Buradakıların çoxu məcburi köçkündür. Bu insanlar təzədən özlərinə necə yurd-yuva salsınlar?”
Başqa bir kənd sakini deyir ki, torpaqları camaata Qurban və Səbuhi adlı şəxslər satıb: “Əvvəllər bu şəxslər ”Tağıyevneft”də rəhbər vəzifələrdə işləyirdilər. Indi Dövlət Neft Şirkətində çalışırlar. Onlara torpaqların satışında Xəzər Rayon Icra Hakimiyyətinin başçısı Gülağa Islamov, Buzovna bələdiyyəsinin keçmiş sədri Rahib Rzayev köməklik göstərib”.
Deyilənlərdən o da məlum oldu ki, Rahib Rzayev vaxtilə Müslüm Maqomayevə dövlət tərəfindən verilən Zuğulbadakı və rəssam Tahir Salahov üçün ayrılmış bağ sahəsinin də 10 sotunu satıbmış: “Dənizin kənarındakı qayalıqları da əhatə edən 80 sotluq bağ yerinin 60 sotunu saxta sənədlərlə satan Rahib Rzayevin bu əməli tez bir zamanda üzə çıxıb. Onun satdığı əksər ərazilərdə tikilən evlər sökülür. Elə obyektlər var ki, dəyəri 500 min dollar civarındadır. Qiymətindən asılı olmayaraq, bütün tikililəri sökürlər”.

Neft Şirkəti niyə vaxtında səsini çıxarmırdı?

Qəsəbə sakinlərinin sözlərinə görə, onlara torpaqlar ya bələdiyyənin, ya da Neft Şirkətinin adı ilə satılıb: “Əvvəllər camaata deyirdilər ki, ”narahat olmayın, torpaqları alın, arxanızda durmuşuq”. Indi isə kimsə bizə yaxınlaşmır. Kompensasiya ilə bağlı müraciət edəndə isə deyirlər ki, “pulu kimə vermisinizsə, ondan da tələb edin”.
Insan Hüquq və Azadlıqlarını Müdafiə Ictimai Birliyinin sədri Rasim Əlizadə “Azadlıq”a açıqlamasında bildirdi ki, torpaqların satılmasında “naxçıvanlı” ləqəbilə tanınan Davud adlı şəxsin rolu var: “Buzovna və Maştağa kəndlərində Neft Şirkətinin torpaqları bir neçə adamın nəzarətindədir. Naxçıvanlı Davud da Maştağa-Buzovna massivində olan ərazilərə nəzarət edir. Indi satılan torpaqları hökumət geri qaytarmaq istəyir. Sual yaranır: niyə bu torpaqlar satılanda Neft Şirkəti səsini çıxarmırdı? Çünki özləri də bu işin içindədilər.
Rasim Əlizadə deyir ki, Buzovna bələdiyyəsi inzibati cəhətdən Xəzər rayonunun ərazisindədir. Maştağa bələdiyyəsi isə Sabunçu rayonunun. Amma Buzovnadakı torpaqları da Sabunçu Rayon Icra Hakimiyyətinin məsul şəxsləri satıb. Icra başçısı Əlibaba Əliyev də bundan xəbərsiz deyil.
Rasim Əlizadənin sözlərinə görə, eyni problem Nardaran, Bilgəh, Kürdəxanı qəsəbələrində də yaşanır: “Demək olar ki, Bakının bütün qəsəbələrində eyni problem yaşanır. Icra başçıları bələdiyyə sədrlərilə, bələdiyyə sədri də bir neçə dəllalla iş birliyinə girərək, əvvəlcə camaata torpaqları satır. Üstündən bir neçə il keçəndən sonra həmin torpaqların hansısa şirkətə məxsus olduğunu əsas gətirib, sakinlərdən alırlar”.

***

Etiraz aksiyası keçirilsə də, polislə toqquşma yaşansa da, hadisə yerinə nə rayon icra hakimiyyətinin məsul şəxslərindən, nə də Neft Şirkətindən gələn olub. Bu da onların problemə münasibətinin göstəricisi sayıla bilər.
Dünən rəsmi iş günü olmadığından müvafiq dövlət strukturlarından bu hadisə ilə bağlı hər hansı şərh ala bilmədik.

Ramin DEKO