Qəzzafiyə qarşı cəbhə genişlənir

Diktatorun hərbi təyyarəsi havada partladıldı; Tunis Liviya liderinin bank hesablarını dondurdu

Berluskoni amansız Qəzzafiyə son şans verilməsinə qarşı çıxdı

42 illik diktaturasına etiraz edən xalqına qarşı kütləvi qətliam törədən Müəmmər Qəzzafi rejiminə son qoyulması məqsədilə Liviyada ABŞ, Fransa və Ingiltərənin liderliyilə başlanan hərbi əməliyyatlar dünən də davam edib. Koalisiya qüvvələri amansız diktatorun əmrindəki silahlıların müxalifətə qarşı hücumlarını zəiflətsə də, hələ ki, tamamilə dayandıra bilmir. Diktatora bağlı silahlıların günlərdir mühasirədə saxladığı Misrata limanına koalisiya qüvvələrinin  nəzarəti dünən ələ keçirdiyi barədə xəbərlər yayılıb.

Qəzzafinin təyyarəsi məhv edildi

ABŞ-ın “ABC News” kanalının yaydığı məlumata görə, koalisiya qüvvələrinin Liviya hava məkanında elan olunmuş uçuşa qadağan ərazidə uçan Qəzzafi güclərinə məxsus hərbi təyyarə fransız qırıcıları tərəfindən məhv edilib. Kanal Misrata səmasında vurulan hərbi təyyarənin tək motorlu “Galeb” tipli olduğunu bildirib.
Dünən Bakı vaxtilə 08:30-da paytaxt Tripolidə Qəzzafinin əmrindəki silahlıların cəmləşdiyi hərbi hədəflərin vurulmasına start verilib. Şəhərdə zərbələr nəticəsində irimiqyaslı partlayış və yanğınlar baş verib. Fransa rəsmiləri əməliyyatların dünən də gün ərzində davam etdiyini, Liviya hərbi müdafiə komplekslərinin “Tomahawk” raketlərilə vurulduğunu söyləyib.
Koalisiya qüvvələri Tripolidən 210 km. şərqdə yerləşən Misrata şəhərinə hücumlar həyata keçirən Qəzzafi əsgərlərinə zərbələr endirərək, onların qonşu şəhərlərə soxulmasına mane olublar.

Hərbi əməliyyatlar davam edəcək

Fransanın xarici işlər naziri Alen Cupe dünənki açıqlamasında Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların uğurlu olduğunu və davam edəcəyini bildirib. Nazir “RTL” radiosuna hava hücumu zamanı yalnız hərbi obyektlərin hədəfə alındığını və sıradan çıxarıldığını söyləyib.
Cupe əməliyyatların məqsədinin sivil vətəndaşların Qəzzafi rejimindən qorunması olduğunu təkrarlayaraq koalisiya qüvvələrinin həyata keçirdiyi hava hücumları nəticəsində dinc sakinlərin öldürülməsinə dair iddiaları rədd edib.
Fransa ordusunun sözçüsü Tyeri Burkard isə dünən səhər saatlarından başlayan hücumlarda 27 qırıcıdan istifadə olunduğunu və Liviya sahillərindən 250 km. içəridə yerləşən hərbi hava bazasının bombalandığını bildirib.

Diktatorun gücü tükənmək üzrədir

Ingiltərə Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb ki, koalisiya qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatların növbəti günündə – dünən Liviya hava müdafiə sistemi sualtı qayıqlardan atılan “Tomahawk” raketlərlə vurulub. Nazirliyin təmsilçisi, general Con Lorimer BMT TŞ-nın 1973 saylı qərarının dəstəklənməsi məqsədilə aparılan hərbi əməliyyatların davamlı olacağını bildirib.
Krallığın Hərbi Hava Qüvvələrinin marşalı Qreq Baqvel davam edən hərbi əməliyyatlar nəticəsində Liviya hava qüvvələrinin koalisiya güclərinə qarşı təhdid yaratmayacaq dərəcədə zərərsizləşdirildiyini vurğulayıb.
Bu arada Ingiltərənin xarici işlər naziri Uilyam Hoq “Şəfəq Səyahəti” əməliyyatlarının ən qısa zamanda NATO-nun komandanlığına verilməsinin tərəfdarı olduğunu söyləyib. Nazirin sözlərinə görə, BMT bundan sonra Liviyada uzunmüddətli sabitlik işlərində yaxından iştirak edəcək.

Çin tələbini təkrarladı

Çin hökuməti isə növbəti dəfə koalisiya qüvvələrinin Liviyada Qəzzafi rejiminə qarşı əməliyyatlarının dayandırılması və atəşkəs elan olunması tələbilə çıxış edib. Rəsmi Pekin yaşanan hərbi qarşıdurmanın regionda sabitliyə mənfi təsir edəcəyini bildirib.

Berluskoni Qəzzafi ilə danışıqlardan imtina etdi

Italiyanın baş naziri Silvio Berluskoni Liviyaya qarşı hərbi müdaxilənin dayandırılması şərtlərinin irəli sürülməsinin erkən olduğunu, həmçinin vasitəçilik missiyasının ortaya atılmasının doğru olmadığını söyləyib. Onun sözlərinə görə, indiki vəziyyətdə Müəmmər Qəzzafi rejimilə danışıqlara başlamaq diktatorun hərəkət imkanlarını genişləndirə bilər. Bu isə dinc sakinlərə qarşı qətliam törədən diktatorun beynəlxalq birlik üzərində qələbə çalması deməkdir: “Mövcud vəziyyətin vasitəçilik etmək üçün uyğun olduğunu düşünmürəm”.

Diktatoru daha çətin günlər gözləyir

Bu arada Beynəlxalq Cəza Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Qəzzafinin insanlıq əleyhinə cinayətlərin törədilməsində günahkar olduğunun tam sübuta yetiriləcəyini söyləyib. Onun sözlərinə görə, məhkəmənin xüsusi heyəti Liviya diktatorunun törətdiyi cinayətləri diqqətlə və hərtərəfli nəzərdən keçirir. Okampo bildirib ki, xüsusi heyət Liviya xalqına qarşı törədilən 6 fərqli cinayəti araşdırır, bu olaylarda kimin iştirak etdiyini və kimlərin əmr verdiyini təsbit etməyə çalışır. Ittihamçı əldə olunan məlumatların və araşdırma sənədlərinin bu ilin mayında BMT TŞ-na təqdim olunacağını da vurğulayıb.

Qəzzafiyə növbəti zərbəni Tunis vurdu

Tunis hökuməti Liviya diktatoru Müəmmər Qəzzafinin bu ölkədə olan bank hesablarını dondurub. “Reuters” agentliyinə açıqlama verən tunisli rəsmilərdən biri deyib ki, Tunis hökuməti Qəzzafi və ailəsindən beş nəfərin hesablarının dondurulması barədə qərar verib.
Bu arada Italiyanın xarici işlər naziri dünən Senatda çıxışı zamanı bildirib ki, Italiya hökuməti Qəzzafinin 6-7 milyard dollar arasında olan bank hesablarını dondurub.

Ərdoğan Sarkozini hədəfə aldı

Müəmmər Qəzzafi rejiminə qarşı əməliyyatlarda birbaşa iştirak etməyən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Nikolya Sarkozini sərt tənqid edib. Onun sözlərinə görə, hərbi əməliyyatlarda xüsusi fəallığı ilə seçilən Nikolya Sarkozini Liviya xalqının taleyi yox, Fransanın maraqları daha çox düşündürür.

Turan