Müstəqillik zülmə səbəb ola bilərmi?


Bir ölkə müstəqildir deyə, insani və əxlaqi mahiyyətini tam itirmiş avtoritar bir rejimin oradakı özbaşınalığına, xalqa zülm etməsinə, qan uddurmasına dünya susub tamaşamı etməlidir? Budurmu müstəqilliyin mənası və dəyəri? Budurmu məntiq?
O nə müstəqillikdir ki, insanların haqlarının tapdanmasına, xalqın qana boğulmasına qarşı çıxmağa mane olur?

Tənqid edirsən deyirlər, ölkənin daxili işlərinə qarışma…

Tələb irəli sürürsən, səni beynəlxalq hüququ pozmaqda günahlandırırlar…

Əzilənləri müdafiə etməyə gedirsən, olursan işğalçı…

Hələ bir sənə mənəvi dərs də verirlər: müstəqillik toxunulmazdır, müqəddəsdir…
Budur, beynəlxalq koalisiya güclərinin Liviyaya hücumu bizim ölkədə də kimlərisə dilə gətirib, onlar müstəqillik bəhanələri ilə bu hücumu pisləməyə cəhd edirlər. Çünki bütün dünyada avtoritar hakimiyyətlərin kürkünə birə düşüb, onların yaltaq və miskin təbliğatçılarının narahatlığını anlamaq olar. Amma təəccüblü odur ki, bəziləri yanılaraq bu axına düşüblər. Tərslikdən, müstəqillik kimi müqəddəs bir dəyərin işığı onların gözünü qamaşdırıb və yanlışa sürükləniblər.

Liviya çoxdan müstəqil deyil…

Liviyanın indiyədək müstəqil olmasından danışmaq çox gülüncdür. Axı müstəqillik həm də bir xalqın suveren hakimiyyəti deməkdir, bu da on illərdir Liviyada yoxdur. Müasir dünya xalqların iradəsi ilə mövcud olan, idarə edilən, xalqın azadlığına söykənən bir suverenliyi qəbul edirsə, bu hal Liviyada mövcud deyil. Sovetlər Ittifaqının köməyi ilə hakimiyyəti ələ keçirib, orada özünün və ailəsinin əcaib, talançı və antiliviyalı tiranlığını qurmuş kapitan Qəzzafinin özbaşınalığı ilə ölkənin müstəqilliyini səhv salmayın. Qəzzafinin Liviyası müstəqil deyil, özbaşına, əhli-kef, yekəxana, faydalı qaydalara baş əyməyən bir ölkə idi. Bu cür ölkənin heç kimlə hesablaşmaması müstəqilliyindən yox, onu özünün əsiri etmiş Qəzzafinin özbaşınalığından irəli gəlirdi. Əslində Liviya yox idi, Qəzzafi vardı…
Qəzzafinin heç kimlə hesablaşmayan siyasətinə və davranışlarına görə Liviyanı müstəqil sayırsınızsa, onda siz Bakı küçələrində heç bir qayda tanımayan avtoşları əsl sürücü sayaraq, qaydalarla avtomobilini idarə edən sürücüləri təhqir edərsiniz. Ona qalsa, banditlər, küçə qoçuları da kifayət qədər sərbəstdir.
Tutaq ki, Qəzzafi ABŞ-ı, Fransanı, nə bilim digər ölkələri saymırdı. Lap yaxşı. Bəs ölkəsinin maraqlarını niyə tapdalayırdı, öz xalqını niyə əzirdi? Oğul-uşağını niyə qudurdub salmışdı ölkə sərvətlərinin canına? 60 milyard dolları niyə oğurlayıb xaricdə gizlədirdi?
Bunu anlamağa nə var, belə bir ölkə müstəqil sayıla bilməz. Müstəqillik bir ölkəyə azadlıq və bu azadlıqdan doğan tamlıq, rifah, inkişaf gətirməlidir. O, təkcə sərhədlərin müstəqilliyi olsaydı, o zaman hər şəhər, hər kənd müstəqilliyə qaçardı.

Faşizmin bənzərləri…

Beynəlxalq güclər Almaniyadakı faşizmin üstünə yerimədimi? Bəlkə bunu da etməməliydilər? Nooldu, onda sosialist Sovetlərlə imperialist ABŞ-ın əməkdaşlığı yaxşıydı, indi isə bu cür bir ittifaq neft marağına söykənən səlib yürüşü sayılır?! Gürcüstan torpaqlarını işğal edən Putin kimi düşünməyin. Özünüzü ələ alın və beynəlxalq güclərə uğur, bu uğurdan azadlıq əldə edəcək Liviya xalqına xoş gələcək diləyin.
Bunu da unutmayın: Azərbaycan hakimiyyəti də “biz müstəqilik” deyib, beynəlxalq öhdəliklərdən qaçır və öz xalqına zülm edir. Müstəqilliyi xalqa peşman ediblər…