Hökumətin inkişaf yalanı

Ötən illə müqayisədə bir çox məhsulların qiymətində artım 200 faizə yaxındır

Samir Əliyev: «Qiymət artımı insanların gəlir səviyyəsini xeyli üstələyir»

Rəsmi statistika ölkədə əhalinin gəlirlərinin qiymət artımını üstələdiyini desə də, iqtisadçıların araşdırmaları bunun tam əksini göstərir. Ötən ilin mart ayından bu ilin martına qədər, demək olar, bütün ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə edilib. Bir çox məhsulların qiymətində artım isə 200 faizə yaxındır. Göründüyü kimi, qiymət artımı əhalinin gəlirlərini dəfələrlə üstələyir. Hökumətin uğurlu inkişafla bağlı dedikləri isə hər zaman olduğu kimi, bu dəfə də özünü doğrultmayıb.
Iqtisadçı-ekspert Samir Əliyev yalnız rəsmi statistikada əhalinin gəlirlərinin artdığının əks olunduğunu deyir. Reallıqda isə vəziyyət xeyli fərqlidir: “Hökumət deyir ki, əhalinin gəlirlərinin artım səviyyəsi inflyasiyanın artım səviyyəsini üstələyir. Əsas kimi ötən il inflyasiyanın 5,2% olduğunu göstərirlər. Amma reallıqda inflyasiya səviyyəsi bundan çoxdur”.
Ekspert son bir ildə xüsusilə ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artımın olduğunu da qeyd etdi: “Biri var rəsmi statistika, biri də var insanların qiymət artımını hiss etməsi. Ötənilki daşqınlar, eyni zamanda dünya bazarında qiymətlərin artımı Azərbaycan bazarlarına da təsir edib. Əksər məhsulların qiyməti artdı. Bu artım isə insanların gəlir səviyyəsini xeyli üstələyir”.
Ekspertin sözlərinə görə, rəsmi statistikada gəlirlərin artımı ortalama götürülür. Bu o demək deyil ki, bütün təbəqələrin gəlirlərində artım olub.
Inflyasiyanın 8% həddini keçdiyini deyən ekspert tədbirlər görülməyəcəyi təqdirdə bu göstəricinin ikirəqəmli həddə çatacağını qeyd etdi: “Hökumət konkret addımlar atmalıdır. Bu tədbirlər inzibati xarakterdən çox iqtisadi xarakter daşımalıdır. Hansısa yumurta satanı inzibati cəzaya cəlb etməkdənsə, iqtisadi rəqabət mühiti yaratmalıdır ki, qiymətlərin ucuzlaşması prosesi baş versin”.

Fizzə